İran Səudiyyə Ərəbistanına ilişir
13 noyabr 2012 03:05 (UTC +04:00)

İran Səudiyyə Ərəbistanına ilişir

Səudiyyə Ərəbistanı İrandan BMT-yə şikayət edib.Lent.az-ın «Röyter»ə istinadən məlumatına görə, İslam Respublikası krallığın sərhədlərini təbii qaz yataqları olan bölgədə pozur.

Səudiyyə Ərəbistanının BMT-dəki səfiri Abdulla əl-Müəllim bildirib ki, İran vertolyotları Xəsb qaz yatağının üstündən dəfələrlə uçuş edib. Bundan başqa İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinə məxsus iki kater krallığın «Saudi Aramco» neft şirkətinin gəmisini saxlayıb.

Səfirin sözlərinə görə, BMT-nin baş katibi Pan He Muna ünvanlanan müraciətdə İranın pozduğu bütün beynəlxalq konvensiyalar və ikitərəfli anlaşmalar haqda məlumat verib.

Diplomat bildirib ki, krallıq indiki mərhələdə beynəlxalq ictimaiyyətin müdaxiləsini istəməsə də, mümkün cavab addımı atmaqdan da çəkinmir.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İran XİN-ə etiraz göndərərək, ondan bir daha belə olayların təkrar olunmamasını istəyib. Etiraz müraciətində xüsusi olaraq, qeyd olunub ki, olay baş verən yer 1968-ci ildə əldə edilmiş müqavilə çərçivəsində Səudiyyə Ərəbistanınkı olaraq, müəyyən edilib.
# 1081

Oxşar yazılar