SSRİ çekistlərinin Krım və Tibetdə sirli axtarışları - ARAŞDIRMA
15 sentyabr 2012 15:25 (UTC +04:00)

SSRİ çekistlərinin Krım və Tibetdə sirli axtarışları - ARAŞDIRMA

Lent.az yeni layihə - DOSYE layihəsini təqdim edir. Bəşər tarixinin ən maraqlı, qalmaqallı və sirli tarixi hadisələri, şəxsiyyətləri haqqında araşdırma yazılar silsiləsinə başlayırıq. Layihə çərçivəsində ilk yazımız SSRİ-nin xüsusi xidmət orqanları əməkdaşlarının məxfi ekspedisiyalarına həsr olunub. Beləliklə, gəlin tanış olaq…


Çekistlərin Krım və Tibet sirləri

Qəribə səslənsə də, XX əsrdə, elmi-texniki tərəqqinin çiçəkləndiyi bir vaxtda SSRİ Dövlət Təhlükəsizlik orqanlarının nəzdində qədim sivilizasiyaların izlərini axtaran şöbələr yaradılırdı. Həm də ateizmin hakim olduğu SSRİ-də. Bu axtarışlara Ukrayna kökənli alim Aleksandr Barçenko və çekist Qleb Bokiy aktiv şəkildə cəlb edilmişdilər. Onlar nə axtarırdılar və hansı sirləri açmağa çalışırdılar?

Barçenkonun qəribə taleyi

Alim-yazıçı Aleksandr Vasilyeviç Barçenko 1917-ci il oktyabr çevrilişindən əvvəl Peterburqda klassik gimnaziyada oxumuş, sonra Kazan və Tartuda tibb fakültələrində təhsil almışdı. Eyni zamanda xiromantiya, telepatiya və parapsixiolgiya ilə də məşğul olmuşdu. Bir müddət maliyyə nazirliyində çalışdıqdan sonra yazıçı olur. Onun əsərləri çekistlərin diqqətini cəlb edir və hətta Feliks Dzerjinski özü onunla şəxsən maraqlanır. Barçenko DİXK-nin yanında Birləşmiş Dövlət Siyasəti İdarəsinin xüsusi şöbəsinə işə gəlir. Bu vaxt şöbəyə «QULAQ» sisteminin yaradıcılarından biri, köhnə bolşevik Qleb Bokiy rəhbərlik edirdi. Barçenkonun tədqiqatlarına o dövr üçün çox böyük pullar ayrılırdı, hakimiyyətdən arxivlərə daxil olmağa və istənilən informasiyaları əldə etməyə sərbəst icazəsi vardı.

Aleksandr Barçenko Dövlət Təhlükəsizlik Orqanlarının rəhbərliyi altında qədim sivilizasiyaların izlərini axtarırdı. Qəribə də olsa, ateist bolşeviklər qeyri-elmi ideyalara inanırdılar. Aleksandr Vasilyeviç bəşəriyyətin tarixdən əvvəlki dövrünün problemlərini araşdırır, yüksək inkişaf etmiş universal «kosmik» ağılı axtarırdı. Barçenkonun dünya sivilizasiyasının inkişafına dair öz konsepsiyası vardı. O hesab edirdi ki, insan cəmiyyəti şimalda, «Qızıl əsri»nin hakim olduğu yerdə meydana gəlib. Orada münasib iqlim şəraiti olub. Lakin 9-12 min il əvvəl hər şey dəyişib, kosmik kataklizmlər baş verib. Elə bu zaman da arilərin cənuba, Kol yarımadasına kütləvi çıxışı başlayıb. Beləliklə də qədim sivilizasiyalar məhv olub.


Keçmişin sirlərini araşdırmaq Aleksandr Barçenko üçün (eləcə də Qleb Bokiya üçün) faciə ilə bitir. Onların hər ikisi oktyabr çevrilişindən sonra yaranan «Vahid Əmək Qardaşlığı» mason təşkilatının başında dayanırdı. Bu təşkilat özündə bolşeviklər partiyasının bir çox üzvünü, çekistləri və dövlət qulluqçularını birləşdirirdi. Məlumdur ki, bu tip «qırmızı» lojalar əksinqilabçı kimi tanınırdı.

1937-ci ilin mayında Aleksandr Barçenko həbs olunur. Onu casusluqda və terrorçu fəaliyyətdə ittiham etsələr də, güllələməyə tələsmirlər. İstintaq bir ilə yaxın davam edir. Barçenkoya imkan yaradırlar ki, axtarışlarının nəticələrini kağıza köçürsün. Həbs zamanı və hökmdən sonra onun bütün əlyazmaları, kitabları və əsas fundamental işi olan «Enerji sahəsinin eksperimental təsirinin metodikasına giriş» adlı əsəri məhv edilir. 1938-ci il aprelin 25-də ona güllələnmə cəzası kəsilir və 15 dəqiqə sonra hökm icra olunur.


Barçenkonun şəxsi işi yoxa çıxır və onun qohumları reabilitasiya dövründə Aleksandr Vasilyeviçin günahsız olduğunu sübut etmək üçün çox əziyyət çəkirlər. Nəhayət o, əməlində cinayət tərkibi olmadığına görə bəraət alır.

Hiperboreyanın axtarışı – Tayqada piramidalar

Yenidən 1918-ci ilə qayıdaq. Aleksandr Barçenkonun evinə gələcəkdə «Avrasiya hərəkatı»nın ideoloqu olacaq Lev Karsavin (sonradan o da repressiyaya məruz qalır) və gənc çekist Yakov Blyumkin gəlir. Qonaqlar bu evi təsadüfən seçməmişdilər. Bu dövrdə Barçenko özünün magik eksperimentləri və fantastik kitabları ilə məşhur idi. Onların nə haqda danışdığı məlum deyil, amma bu hadisədən sonra Aleksandr Vasilyeviç sovet hökumətini «sevməyə» başlayır.


20-ci illərdə o, Ümumittifaq Kənd Təsərrüfatı Şurasının elmi-texniki şöbəsinin əməkdaşı idi. Bu şöbəyə də «Dəmir Feliks»in özü rəhbərlik edirdi. Barçenko təsərrüfat işi ilə məşğul olmurdu. O, Lubyankada çekistlər üçün okkultizmdən mühazirələr oxuyurdu. Bundan başqa, Aleksandr Vasilyeviç anomaliyaların müşahidə edildiyi bölgələrə ekspedisiyalar təşkil edirdi. Onun məqsədi insan psixikasına təsir edən sirlərin araşdırılması idi.


İlk ekspedisiya 1921-ci ildə Kol yarımadasına təşkil olunur. Barçenko hesab edirdi ki, buranın qədim əhalisi hiperboreyalılar (Hiperboreya - əhalisinin xoşbəxt yaşadığı əfsanəvi Şimal ölkəsi) olub. Onlar atom nüvəsini yaratmağı bacarıb, atom enerjisindən istifadə edib, hava məkanını açıb və ilk uçan aparatlar yaradıblar.
Alim-çekistin fikrinə görə, qədim insanlar barədə yeganə xatirə Kol yarımadasında yaşayan şamanlardır. Ekspedisiyanın apardığı axtarışlar zamanı qarşılaşılan ən böyük möcüzə 1922-ci ildə qədim piramidaların aşkarlanmasıdır. Şamanlar buradan öz ayinlərini icra etmək üçün istifadə edirdilər. Tayqanın ortasında piramidaların olması faktı çox böyük sensasiyaya səbəb olur.

Şambala axtarışları

Aleksandr Barçenkonun ən böyük arzusu Tibetə getmək idi. Alim inanırdı ki, intellektual mədəniyyətin mərkəzi məhz orada yerləşir. Lakin onun bu arzusu həyata keçmir, çünki onu bu proseslərə cəlb edən Yakov Blyumkin özü bilavasitə Tibetə getməyə qarar verir. Aleksandr Vasilyeviç Tibetdəki xüsusi əməliyyatlar üçün yararlı deyildi. Çünki o, casus yox, alim idi. Blyumkinin isə Şərqdəki təxribat işlərində təcrübəsi çox idi. Hindistana və Tibetə ekspedisiyalar təşkil edilməsinin ideya müəllifi Qleb Bokiy idi. Ekspedisiyanın əsas məqsədi Şərqin ruhani müəllimləri ilə əlaqələrin qurulması idi. Səfər çox məxfi hazırlanırdı və bu səfərə məhz Barçenko başçılıq etməli idi. Lakin hadisələr başqa cür cərəyan edir. Monqol laması geyinən Blyumkin Tibetin çətin keçilən bölgələrinə daxil olur və Nikolay Rerixlə yaxınlaşmağa cəhd göstərir.


Barçenkonun fikirləri isə daha fərqli idi. O təklif edirdi ki, Tibet dərindən öyrənilməli və lamalara sovet hakimiyyətinin himayəsinə keçmək təklif olunmalıdır. Son nəticədə ekspedisiyanın işi uğursuzluqla nəticələnir.


«Sirlər»lə mübarizə

SSRİ-də okkultizm və onun «qəhrəmanlar»ına hücumun ilk qurbanı Yakov Blyumkin olur. Lev Trotskiy ilə əlaqələri olduğuna görə onu 1929-cu ildə güllələyirlər. Qleb Bokiyin xüsusi şöbəsi daha bir neçə il fəaliyyət göstərməkdə davam edir. Lakin artıq qılınc qınından çıxmışdı. 1926-cı ildə Barçenko şəxsən Dzerjinskinin əmri ilə Krıma ekspedisiya təşkil edir. Ekspedisiyanın əsas məqsədi qədim sivilizasiyaların şəhərlərinə girişi tapmaq idi. Kolm yarımadasında Barçenko sirli Qraal daşını axtarırdı. Əfsanələrə görə, o daş istənilən məsafədən psixi enerjini özündə toplaya və kosmik substansiyalarla əlaqə yarada bilir. Barçenko insanların əlahiddə imkanlarının öyrənilməsi sahəsində çalışırdı və özü də hipnozla məşğul olurdu.


1937-ci ilin mayında Bokiy həbs edilir (həmin ilin noyabrında isə güllələnir). Qleb İvanoviç «Leninin adamı» idi, yəni köhnə qvardiyanın nümayəndəsi idi. Mistik sirlərə müəyyən qədər bələd olan və inanan Stalin üçün isə (o hələ Tiflisdə oxuyarkən Qeorqiy Qyurdjiyevlə yaxın münasibətdə idi, onun seminariyasında isə bioenerji kursu tədris olunurdu) Qlebin xüsusi şöbəsinin tədqiqatları kifayət qədər təhlükəli idi. Rəhbərin özünün insanlar üzərində təsiri böyük idi və elə asanlıqla «yola veriləcək» biri deyildi. Xüsusi şöbə ləğv edilir, məxfi araşdırmaların materialları isə yoxa çıxır.


30-cu illərdə repressiyaların yeni formasına start verilir. Trotskiçilər, «satqın və casuslar» və masonlar güllələnirdilər. Bəzi tədqiqatçılar iddia edirdilər ki, SSRİ-də masonlara “yaşıl işıq” yandırılması boş yerdən deyildi. Bununla sovet xüsusi xidmət orqanları loja nümayəndələrinin xaricdəki bütün əlaqələrini öyrənməklə yanaşı, gizli informasiya kanallarını də biləcəkdilər. SSRİ-də masonlara qarşı repressiyalar çox sərt olub, «təmizləmə» hətta hakimiyyətin ən yüksək eşelonlarına da təsir edib.


Qeyd etmək lazımdır ki, Barçenko və Bokiyanın uzaqlaşdırılması nasistlərin işinə yarayır. Məhz onlar Avropada okkult biliklərin praktikada istifadə edilməsində monopoliya yaradırlar.
Avantürist olsa da, Aleksandr Barçenkonun simasında SSRİ istedadlı alimi itirdi. Onun insan psixikasına təsir etmək metodlarına dair bilikləri müharibənin astanada olduğu bir vaxtda çox qiymətli idi…

Yaqut Əliyeva
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5620

Oxşar yazılar