Ömürlük azadlıqdan məhrum etmə cəzası alanların içində ən kiçiyinin neçə yaşı var, bilirsiniz? Bu azyaşlının imza atdığı dəhşətli qəddarlıq hakimlərə başqa çarə buraxmır.
16 yaşının tamam olmasına lap azca qalmışdı. O isə 149 bıçaq zərbəsi ilə bir ailəni yer üzündən sildi. Bıçağı elə hikkə ilə vurur ki, sınıb 8 yaşlı qızın içində qalır. Bütün bunları insan ağlı qavramaqda çətinlik çəkir. Lakin acı həqiqət budur...
Cinayət DOSYESİ – 012
Lent.az-ın “Cinayət Dosyesi” layihəsində sizə uşaq simasında qaniçən qatillərə çevrilənlərin hekayələrini təqdim etməkdə davam edirik.
Kimin ağlına gələrdi ki, davamlı olaraq qaydasız döyüş yarışlarına baxmaq kiçik bir oğlanı qatilə çevirəcək. Və onun qurbanı altı yaşlı qız olacaq...
Hadisə 2001-ci ildə ABŞ-ın Florida ştatında Brovard dairəsində baş verib. Həyata çox tez əlvida deməli olan balaca qızın adı Tiffani Yunik idi. O Ketlin Qrosset-Teyt adlı dayəsini çox sevirdi. Həmin vaxta kimi dayə ilə balaca qız və onun ailəsi arasında heç bir problem yaşanmamışdı. Hətta dayə ailənin bir nümayəndəsinə çevrilmişdi. Elə buna görə də Ketlinin qıza baxmaq üçün gələndə yanında yeniyetmə oğlunu gətirməsinə də etiraz etmirdilər. Amma kaş ki, Ketlin bunu etməsəydi...
Tiffani Yunik və Lionel Tate
Yunik ailəsində adi günlərdən biri idi. Valideynlər işdə, balaca qızcığaz evdə dayəsi ilə birlikdə idi. Ketlin həmin gün 13 yaşlı oğlu Lionel Tate ilə birlikdə işə çıxmışdı. Həmin gün dayə axşam da uşağa baxmalı idi. Axşam saatlarında baxıcı ikinci mərtəbəyə çıxanda qızı televizora baxan oğlu ilə birlikdə qoyur. Əslində yeniyetmə oğlanla 6 yaşlı qızın münasibətləri pis deyildi. Onlar həmişə birlikdə oyun oynayırdılar. Televiziyada isə qaydasız döyüş nümayiş etdirilirdi. İzlədiklərinin böyük təsirinə düşən yeniyetmə balaca qızı vurmağa başlayır...
Lionel Tate
Axşam saat 10 radələrində uşaqların alt qatdan səsləri gəlirdi. Dayənin heç ağlına da gəlməzdi ki, aşağıda vəziyyət çox pisdir. O, yalnız uşaqlara qışqıraraq, sakit olmalarını deyir. Hesab edir ki, uşaqlar oynayır və heç aşağı da enmir. Və yuxarıda 45 dəqiqə qalır. Birdən Lionel anasına deyir ki, Tiffani nəfəs almır.
Bu hekayənin nə qədər qorxunc olmasını morqda məhkəmə eksperti tərəfindən verilən rəydə görmək mümkündür. Ekspert yazır ki, qızın ölümünə qara ciyərin yırtılması səbəb olub. Amma ciyər partlayana kimi, o qədər əziyyət çəkib ki, bu körpə qız...
Ekspertlər kəllə və qabırğanın sınıqları ilə yanaşı, 35 başqa xəsarətin də şahidi olublar.
Əvvəlcə hər şeyi gizlətsə də, bütün bunlardan sonra yeniyetmə etdiyi dəhşətli əməllə bağlı həqiqətləri söyləməli olub. O, ifadəsini dəyişərək pilləkənlərdən qızın üzərinə atıldığını, başını stola çırpdığını, dönə-dönə zərbələr endirdiyini deyib.
Hakimlər bu cür amansız hərəkətlərin müəllifinə şərti azadlığa buraxılmadan ömürlük azadlıqdan məhrum edilmə cəzası veriblər. Bir müddət keçdikdən sonra isə məlum olur yeniyetmə məhbus əqli cəhətdən sağlam deyil. Bundan sonra onun cəzasına yenidən baxılıb. Və 2004-cü ildə on illik sınaq müddəti ilə azadlığa buraxılıb.
Lionel Tate illər sonra
***
16 yaşı tamam olmadan ömürlük həbs cəzası alan digər “qəhrəman”ımız Craig Pricedir. Onun törətdiklərini sakit halda oxumaq mümkün deyil. Bu necə hikkədir?.. Bir uşağın içində sevgi əvəzinə cinayət törətmək hərisliyi böyüyür. Nəticədə bir ailəyə endirilən 149 bıçaq zərbəsi...
Zaman 1989-cu il sentyabrın 4-ü, məkan - ABŞ-da Uorvik şəhəri. 39 yaşlı Coan Hiton və onun iki qızı - 10 yaşlı Cennifer və 8 yaşlı Melissa evlərində ölü tapılır. Hadisə yerinə gələn polis Coanda təxminən 57, 10 yaşlı Ceniferdə 62 və 8 yaşlı Melisada 30 bıçaq yarası olduğunu söyləyirlər. Bıçaqlamalar o qədər sərt olub ki... Təsəvvür edin ki, bıçaq sınaraq bir hissəsi 8 yaşlı Melisanın bədənində qalıb.
Craig Price və qətlə yetirdiyi ailə
İstintaq tərəfi hesab edirdi ki, bu ailə oğurluğun qurbanı olub, onun cinayətin əsas motivi olduğuna inanırdılar. Polisin versiyasına görə, evi boş bilib oğurluğa gələn şəxs ailə üzvləri ilə rastlaşanda mətbəx bıçağını götürüb və ehtirasla həmin yaraları vurub. Həmçinin hesab olunurdu ki, oğurluq edən şəxs həmin ərazidə yaşan biri olub və qolunda yara da var.
Craig Price yaxalanan zaman
Craig Pricenin əlində sarğısı var idi. Bu polisin diqqətindən yayınmır. O, ilk sorğusunda deyir ki, əlini maşının şüşəsi kəsib. Lakin polis onun hekayəsinə inanmayıb. Evində axtarış aparılır, bıçaq, əlcək və digər sübutlar tapılır. O, iki il əvvəl ərazidə törədilən daha bir qətlin icraçısı olduğunu etiraf edib. Ona on altı yaşı tamam olmamışdan bir gün əvvəl ömürlük həbs cəzası verildi.
Craig Price illər sonra