Zəmanəmizin 1 nömrəli killeri hesab edilən “Saşa Soldat” azadlığa çıxdı, onun yerinə isə neçə-neçə avtoritet həbsə göndərildi. Bu məsələnin kökündə nə dayanır?
Cinayət DOSYESİ - № 017
Lent.az-ın “Cinayət Dosyesi” layihəsinin 17-ci bölümündə sizə 1 nömrəli killerdən, tatar avtoritetdən və sifarişlə qətlə yetirilən generaldan söhbət açacağıq.
Bu yaxınlarda zəmanəmizin ən məşhur killerindən biri olan, “Saşa Soldat” ləqəbli Aleksandr Pustovalov azadlığa buraxıldı. Onun azad edilməsindən cəmi iki həftə keçdikdən sonra Rusiya hüquq-mühafizə orqanları bir sıra kriminal avtoritetlərin həbsləri barədə məlumat verdilər. Bu yaxalanmaları bir ümumi cəhət birləşdirirdi. Sözügedən cinayətlərin hamısı 1990-cı illərin sonlarında törədilib.
Belə olduğu təqdirdə kriminal aləmin liderləri bir araya gəlib müzakirələrə başladılar. Onlar dərhal bir nəticəyə gəldi: “Saşa Soldat” içəridə “ötüb”.
“Saşa Soldat”
“Saşa Soldat” hansı qrupun killeridir?
Məlumata görə, Saşa kriminal aləmdə məşhur olan “Orexovskaya” cinayətkar qrupunun killeridir. “Saşa Soldat” azadlığa çıxsa da onu rahat buraxmayacaqlarını bildirirlər. O, içəridə “ötdüyü” adamlardan birtəhər gizlənməli olacaq. Lakin nəzərə alınmalıdır ki, azadlıq şərti olduğu üçün onun polisdə qeydiyyatdan keçmək zərurəti var. Demək ortadan “yox olmaq” ümumiyyətlə, mümkün deyil. Bir müddət sonra paytaxtın kriminal aləmində Pustovalova ilə bağlı artıq ölüm “sifarişinin” verildiyi barədə məlumatlar peyda oldu.
Adı açıqlamayan polis zabiti bildirib ki, “Saşa Soldat”la bağlı sifarişin həqiqətən mövcud olması barədə məlumat alıblar. Lakin “Orexovskaya” cinayətkar qrupundan bu məsələyə ironiya ilə yanaşıblar: “O, indi o kimə lazımdır? Əgər media onu daim xatırlamasaydı, artıq onu unudacaqdılar”.
“Saşa Soldat”-ın “ötdüyü” adamlar kimlərdir?
Onlardan biri kriminal aləmin liderlərindən biri - 61 yaşlı tatar Elfat Sungatullindir (İlfətey). Bundan başqa, Rusiya Daxili İşlər Nazirliyi sifarişli qətllər törətməkdə təqsirli bilinən dəstə üzvlərinin saxlanıldığını elan etdi. Məlumatda qeyd edildiyi kimi, saxlanılan şəxslər (onların arasında Rusiya Qvardiyasının, Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyinin, Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri də var) Dəmir Yolları nazirinin müşavirinin qətlinə görə məsuliyyət daşıyırlar. Bu həbslərdən sonra kriminal aləmdə həbslərin səbəbinin “Saşa Soldat”la hüquq-mühafizə orqanları arasında sövdələşmədən başqa bir şey olmadığı barədə şayiələr yayılmağa başladı.
Elfat Sungatullin
Həbs edildikdən dərhal sonra Pustovalov müstəntiqlərə deyib: “Məndən etiraf gözləməyin. Sübut etdiyiniz bütün əməllər mənimdir, sübut etmədiyinizin isə mühakiməsi ola bilməz”. Bildirilir di ki, istintaq zamanı o, dəlili olmayan qətllərin heç birini etiraf etməyib. Amma sonra vəziyyət dəyişib. O, qrup liderlərinin əleyhinə ifadə verib ki, bu da onların ömürlük həbs olunmasına imkan yaradıb. Mükafatı isə “ömürlük həbsdən qurtulmaq” olub. Amma indi onun qarşısında sual məhkumluq deyil, onun həyatı təhlükədədir.
Nə kəramətdirsə, “Saşa Soldat”ın həbsindən sonra 1998-ci il iyulun 3-dən bağlı qalan Rusiya Federasiyası Dövlət Dumasının Müdafiə Komitəsinin sədri (1996-1998), general-leytenant Lev Roxlin qətlinin üstü açılır.
General Lev Roxlin
Xatırladaq ki, generalın meyiti 1998-ci il iyulun 3-də Moskva vilayətinin Naro-Fominsk rayonundakı daçasında aşkar edilib. Əvvəlcə bu qətldə onun həyat yoldaşı Tamara Roxlinanın sifarişçi olduğu bildirilirdi. Polis isə daha çox cinayətin başqa versiyaları üzərində işləyib. Məlumata görə, “Saşa Soldat” polisə deyib ki, Roxlinin qətli haqqında nəsə bilir və bu barədə danışmağa hazırdır. O deyib ki, Roxlin Daxili İşlər Nazirliyinin bəzi xüsusi təyinatlıları və rütbəli hərbi qulluqçular ilə yaxınlığı olan mütəşəkkil cinayətkar qrup tərəfindən qətlə yetirilib. Saşa qeyd edib ki, həmin qrupu tanıyır, çünki o, yeni qrupa xaricdə istehsal olunan silahlar əldə etməyə kömək edib. Bunlar Qlok və Beret tapançaları, Aqran, Uzi və Scorpion avtomatlarıdır. Qeyd edək ki, 90-cı illərin sonlarında kriminal qüvvələr xaricdə istehsal olunan silahlara üstünlük verməyə başladılar, çünki onları izləmək daha çətin idi. Bu qrupun nümayəndələrini ifşa etmək üçün Pustovalov şahidlərin müdafiəsi proqramı və plastik əməliyyat tələb edib.
“Saşa Soldat”ın kimləri “güdaza” verdiyi hələ tam bəlli deyil. Kriminal liderlər bir məsələdə həmfikirdirlər. Əgər Pustovalov “Orexovskaya” mütəşəkkil cinayətkar qrupunda killer olarkən bildikləri və ya şahidi olduqları haqda danışmağa başlayıbsa, deməli, artıq elan edilən həbslər hələ aysberqin görünən hissəsidir. Bundan sonra daha kimlər həbs ediləcək?
Lent.az-ın “Cinayət DOSYESİ” rubrikasını izləməkdə davam edin.