Zeynəb Həsəni kimdir?  - Xərçəngə tutulan, sevgisini anasına qurban verən, uşaq yox, meymun istəyən qız
10 oktyabr 2024 20:15 (UTC +04:00)

Zeynəb Həsəni kimdir? - Xərçəngə tutulan, sevgisini anasına qurban verən, uşaq yox, meymun istəyən qız

Lent.az “Bioqrafiya” rubrikasında müğənni Zeynəb Həsəni barədə məlumat verir.

- Zeynəb Həsəni  neçənci ildə anadan olub?

Zeynəb Həsəni 12 sentyabr 1989-cu ildə anadan olub. Qız bürcüdür.

- Zeynəb Həsəni nə zamandan oxumağa başlayıb?

Bu barədə o özü belə deyib: Çox kasıb yaşayırdıq. Elə olurdu ki, evdə yeməyə çörək belə tapılmırdı. Mənim səsim var idi deyə məsləhət oldu ki, oxumağa başlayım. Uşaq yaşlarımdan işləməyə başladım və ailənin yükü üzərimə düşdü.

- Zeynəb Həsəni nə üçün evində daim ət saxlayır?

“Ət yeməyi sevmirəm. Amma bu uşaqlıq əhdimdir. Evdə doyunca yemək olmurdu. Öz özümə deyirdim ki, böyüyəndə evimdən əti əskik etməyəcəm. İndi elə də ət yeməyi sevmirəm. Amma soyuducumdan ət əskik olmur” deyə o bildirib.

- Zeynəb Həsəni subaydır?

Bəli. O heç vaxt ailə qurmayıb. Zeynəb Həsəni ilk sevgisini anasına qurban verib. Zeynəb həbsdə olan bir adamı sevib. Onunla evlənmək istəyib. Lakin Zeynəbin anası bu izdivaca razı olmadığına görə, Zeynəb heç bir söz demədən həmin adamdan ayrılıb. Onu çox sevdiyini və anasına görə uzaq durduğunu isə ilk dəfə efirdə elan edib. Həmin şəxs hazırda ailəlidir.

- Zeynəb Həsəni ilk dəfə kiminlə duet oxuyub?

Onun duet ortaqları Talıb Tale və Vasif Əzimov olublar.

- Zeynəb Həsəni xərçəngə tutulub?

Bəli. O süd vəzi xərçənginə görə əməliyyat keçirib. 202-ci ildə Zeynəb bu xəstəliklə mübarizə aparıb. Bu barədə özü belə danışıb:

 “Xərçəng xəstəliyinin adını bir dəfə eşitmişdim. Bu prosesləri heç bilmirəm, necə keçirdim. Anam xərçəngdən müalicə olduğu dövrdə kimyaterapiyalar alırdı. İlk dəfə onun saçını gecə saatlarında mən daradım. Əlimə çoxlu saç gəldi. Bunu gördüm, ağrıdan ürəyim partlayırdı. Onun tökülən saçlarını əlimə yığım cibimə qoydum və anamdan gizlətdim. Ayağa qalxıb evdən çıxıb getdim. Avtomobilimə əyləşib, özüm-özümlə danışıb, ağladım.. 

Ağır dönəmlərimi onda keçirdim. Xəstəliyimin nə olduğunu biləndə artıq hazır idim. Hamı söyləyirdi ki, həkimə tez get, zamanında xəstəliyinin üstünə düş. Deyirdim ki, xərçəng anamın mənə yadigarıdır. Anama hər zaman deyirdim ki, sənin həyatını yaşayıram. Çünki anamın çox əziyyətli həyatı olub. Kişi kimi olmağa həyat məni məcbur edib. Arzularım yox idi. Anam dünyasını dəyişəndən sonra deyirdim ki, arzularım bitdi. Amma bu xərçəngə tutulandan sonra bu xəstəlik mənə arzu verdi. Yaşamaq arzusu... Xərçəngin adı belə insana bəsdir. Xəstəliyin hansı mərhələdə olduğunun heç bir önəmi yoxdur. Bunun adı xərçəngdir. Dünyam dağılmışdı.

Müalicə üçün İstanbula getdim. Atam zəng vurdu ki, vəziyyətimi öyrənsin. Göz yaşı içində ona yaxşı olduğumu və qadın xəstəliyi olduğunu söylədim. Amma ürəyim paralanırdı. İstəmədim xəstəliyimi bildirəm. Çünki evdə o qədər güclüyəm ki, yıxılsam elə bilərəm onlar da yıxılar. Amma zamanla atam hər şeyi bildi. 

Zaman keçdi. Təkbaşına anamın məzarını ziyarət etməyə getdim. Məzar başında dik durub söylədim ki, bir qadın kimi xoşbəxt olmağı mənə öyrədə bilmədin. Amma güclü olmağı öyrətdin. Demişdim ki, məzarına gəlinliklə gələrəm, amma mən sağalıb, yanına gəldim. Sənin keçə bilmədiyin mərhələlərdən keçdim və sağaldım.  İndi vəziyyətim yaxşıdır. Demək olar ki, xəstəliyini böyük bir qismi geridə qaldı. Hazırda müalicə olunuram. Hələ 5 il də bu müalicə davam etməlidir. Məndə xəstəlik sinə tərəfdədir. Əsasən şüa qəbul edirdim. Bu günə qədər 21 şüa götürdüm. Hər gün 5 dəqiqə şüa qəbul edirdim. Orada məndən başqa xəstələr də var idi. Baxırdım ki, ən yüngül xəstəlik məndədir".
 
Qeyd edək ki, Müğənninin  anası da bu xəstəlikdən dünyasını dəyişib.

-  Zeynəb Həsəni nə üçün özünə övlad yox, meymun arzu edir?

Bir müddət əvvəl Fəvvarələr meydanında əhliləşdirilmiş meymunun hücumuna məruz qalan müğənni Zeynəb  meymunları çox sevdiyini deyib: 
“Meymunları çox sevirəm. Nə zaman qismət olarsa ən böyük arzum meymunumun olmasıdır. Özümə övlad yox meymun arzulayıram. O vaxt Şəbnəmlə şəhərdə idik və sahibi ilə meymunu gördük. Çıxdı heyvan çiynimə. Bir də gördüm ki, məni alnımdan dişlədi” .

- Zeynəbin həmkarları arasında ən yaxın dostları kimdir?

O, Nəfəs, Vəfa Şərifova, Türkan Vəlizadə ilə yaxın dostdur. Şəbnəm Tovuzlu ilə isə küsülüdürlər. Talıb Tale və Vasif Əzimovla yaxşı münasibətləri var.
O, heç bir həmkarının kölgəsində "gizlənmədiyini" bildirib:
"Mən "Aram-aram" mahnım ilə sübut etdim ki, heç kimin kölgəsində deyiləm. Özüm də varam. Çox şeylər danışdılar, amma şükür Allaha ki, hər şey bəlli oldu. Talıb Talehə gəldikdə isə, o, heç vaxt məni tanıtdırdığını deməyib".

- Zeynəb Həsəninin özbək sevgilisi var?

2022-ci ildə  müğənninin  özbək iş adamı Asqar Mustafo ilə eşq yaşadığı məlum olub. Sənətçi şəxsi instaqram hesabında sevgilisi ilə fotolarını yayımlayıb.
Cütlüyün birgə şəkillərini Asqar da sosial şəbəkədə paylaşıb. O, Zeynəblə olan fotosuna "Biz belə gözəlik" sözlərini yazıb.
Zeynəb isə bu söhbətlərə efirlərdən birində “Məni evdən qovduracaqsınız. Səhv etdim, bir dəfə şəxsi həyatımdan danışdım. İstəmirəm, danışım, ayıbdır. Nə qədər olar? Sevgilim var, ya yoxdur və s. Həyatımda ilk dəfə şəxsi həyatımla bağlı açıqlama edirdim. O da bir dəfə olur. Ümumiyyətlə, sevməmişəm. Ona görə də bu mövzunun üzərində qalmaq istəmirəm. İşimdən-sənətimdən danışsam, daha yaxşı olar” şəklində cavab verib.


 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1977
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar