Türkiyənin toxumçuluq şirkətləri Azərbaycanda simpozium keçirdi –

Bu gün Türkiyə və Azərbaycan nümayəndələrinin iştirakı ilə toxumçuluq mövzusunda simpozium keçirilib.
Lent.az-ın məlumatına görə, simpoziumda Türkiyə Toxum Sənayesi və İstehsalçıları Birliyinin (TSÜAB) nümayəndələri, eləcə də dənli bitkilər, sənaye bitkiləri toxumu və digər toxum istehsalı sahəsində fəaliyyət göstərən 41 şirkətin təmsilçisi iştirak edib. Tədbirdə müasir kənd təsərrüfatında mühüm sahə olan toxumçuluqla bağlı qarşılıqlı əlaqələrin qurulması müzakirə olunub.

TSÜAB-ın rəhbəri İlhami Özcan Aygün bildirib ki, hazırda Türkiyədə 550 toxumçuluq şirkəti fəaliyyət göstərir, ölkədən xaricə toxum ixracı isə 100 milyon dollar təşkil edir. Qarşıdakı illərdə bu rəqəmin 500 milyon dollara çatdırılması nəzərdə tutulub.

Türkiyə Kənd Təsərrüfatı Nazirliyi əkinçilik şöbəsinin rəhbəri Mətin Kayçıoğlu isə qeyd edib ki, yaxın 100 ildə dünyada ərzaq təhlükəsizliyi ilə bağlı situasiya toxumçuluq sənayesinin vəziyyətindən asılı olacaq.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev səfər zamanı qurulacaq əlaqələrin ölkədə toxumçuluq sisteminin yaradılmasına böyük dəstək olacağını vurğulayıb. Tədbirin nəticəsinin Azərbaycanın kənd təsərrüfatında inqilabi dəyişikliklərə və inkişafa səbəb olacağını bildirib. Hazırda Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərə böyük önəm verildiyini, bununla bağlı ciddi qərarların qəbul edildiyini deyən nazir müavininin sözlərinə görə, toxumçuluğun inkişafına böyük diqqət yetirilir.

Qeyd edək ki, Azərbaycanda toxumçuluğun daha da inkişaf etdirilməsi üçün bir sıra
layihələrin həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda, simpoziumda iki qardaş ölkə arasında bu sahə ilə bağlı sənədlərin imzalanmasının vacibliyi də söylənilib. Daha sonra tədbir ikitərəfli görüşlərlə davam etdirilib.

Səfər zamanı tərəflər arasında əməkdaşlıq haqqında protokolun imzalanması da gözlənilir.


Onu da əlavə edək ki, ölkəmizdə səfərdə olan Türkiyə Kənd Təsərrüfatı Nazirliyi əkinçilik şöbəsinin rəhbəri Mətin Kayçıoğlu, TSÜAB-ın rəhbəri İlhami Özcan Aygün və nümayədən heyətinin üzvləri bu gün tədbirdən öncə Şəhidlər Xiyabanını və mərhum prezident Heydər Əliyevin məzarını ziyarət ediblər.

Xəyalə

LENT

25 Mart 2019

Digər xəbərlər >>>