Polad Həşimov küçəsi
08 may 2021 17:20 (UTC +04:00)

Polad Həşimov küçəsi

Polad Həşimovun adı verilən küçədən REPORTAJ

Xətai rayonu ərazisində Heydər Əliyev adına Ali Hərbi Məktəbin də yerləşdiyi, bu vaxta qədər Naximov küçəsi adlandırılan küçəyə Bakı Şəhər İcra Hakimiyyətinin 13 aprel tarixli sərəncamı ilə Milli Qəhrəmanımız, şəhid general-mayor Polad Həşimovun adı verilib.

Polad Həşimov küçəsində yerləşən, bu vaxta qədər Naximov parkı adlandırılan bu parkda da yenidənqurma işləri davam edir, parkın yenidən salınması istiqamətində hazırlıq işləri görülür. Bu parka da Milli Qəhrəmanımız Polad Həşimovun adı veriləcək.

Həmin küçədə yaşayan sakinlər də küçəyə şəhid generalın adının verilməsindən məmnunluq duyduqlarını deyirlər.

- Keçmiş Naximov küçəsi və keçmiş Naximov parkı indi bizim ölməz vətən oğlumuz, general-mayor Polad Həşimovun adına olacaq. Bu, çox gözəl tədbirdir. Biz bunu alqışlayırıq, sevinirik.

- Bizim yaşadığımız bu yer Naximovun adını daşıyırdı. Eyni zamanda bu park da bərbad vəziyyətə düşmüşdü. Naximov rus admiralıdır, Krım müharibəsinin qəhrəmanıdır. Mənə elə gəlir ki, Azərbaycanla əlaqəsi olmayan bir insandır. Amma biz igid generalımız Polad Həşimov ilə fəxr edirik. Həm küçəyə, həm də parka onun adının verilməsi bizim üçün fəxrdir.

Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovun sözlərinə görə, Polad Həşimov küçəsi boyu yerləşən həyətlərdə də abadlıq işləri aparılır: “Xətai rayon ərazisində yerləşən Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov küçəsi adlandırılıb. Hazırda həmin küçə boyu abadlıq işləri davam edir, Polad Həşimovun adını daşıyacaq park salınır. Parkda təmir işləri görüləcək, işıqlanma sistemləri təsis olunacaq. Bu ərazidə Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Heydər Əliyev adına Ali Hərbi Məktəb yerləşir. Ərazinin sakinləri əsasən hərbçilərdən ibarətdir. Parkda Polad Həşimovun və bu ərazidə yaşamış 8 şəhidimizin xatirə lövhəsi də hazırlanır”.

Xatırladaq ki, general-mayor Polad Həşimov 14 iyul 2020-ci ildə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4716
avatar

Oxşar yazılar