Xəlifənin fili, xəyanətin acısı, imperatorun sirli ölümü – TARİXİN SANDIĞINDAN
20 may 2019 09:01 (UTC +04:00)

Xəlifənin fili, xəyanətin acısı, imperatorun sirli ölümü – TARİXİN SANDIĞINDAN

Frankların kralı Qısa Pipinin oğlu Böyük Karl 742-ci ildə dünyaya gəlib. Atası dövlət işlərini ona lap uşaqlıq çağlarından öyrətməyə başlayıb. Artıq 761 və 762-ci illərdə Karl atasını Roma əyalətlərindən biri olan Akvitaniyaya yürüşlərdə müşayiət edirdi. 768-ci ildə, Pipin dünyasını dəyişəndən sonra, Karl kral taxtına çıxır, Pireneylərdən indiki Çexiya sərhədlərinədək uzanan nəhayətsiz torpaqların varisinə çevrilir.

 

Tarixə Böyük Karl kimi düşən gənc hökmdar o zamanlar gələcək təxəllüsünü qətiyyən doğrultmurdu. Bütün günü saysız-hesabsız malikanələrini dolaşır, əylənir, dincəlir, monastırlara ianələr verirdi. O zamanlar kral büsbütün öz anasının, dul qalmış kraliça Bertradanın təsiri altında idi.

 

Lakin 772-ci ildə, hələ də naməlum qalan səbəbdən kralın bütün davranışı qəflətən dəyişir. O, arvadı Dezideratanı boşayıb, İtaliyaya, atası Deziderinin yanına yollayır; 771-ci ildə ölmüş qardaşı Karlomanın mirasına əl qoyur. Onu da qeyd edək ki, indiki Fransanın tən yarısını atası Karlomana miras qoymuşdu. Beləliklə, dünən hamının zəif xarakterli bir insan kimi tanıdığı Karl frankların vahid kralına çevrilir.

 

O andan etibarən elə bil, gənc kralın içində yatan məkrli diplomat qəflətən oyanmışdı. Onun zəfər yürüşləri qarşısında artıq bütün yollar açıq idi. Maraqlıdır ki, Böyük Karlın hökmdarlıq tarixində cəmi iki-üç il nisbi sülh dövrü olub. Bütün qalan müddəti isə kral yürüşlərə, işğala, döyüşlərə, mühasirələrə həsr etmişdi.

 

Böyük Karl keyfiyyətli kəşfiyyat işi qurmadan yaxşı ordu yaratmağın, böyük qələbələrə imza atmağın qeyri-mümkünlüyünə inanırdı. Odur ki, apardığı bütün müharibələrdə qazandığı uğurlara görə ya döyüşdən əvvəl, ya da onun gedişində təşkil etdiyi irili-xırdalı xüsusi əməliyyatlara borclu idi.

 

Görəsən, hökmdarın böyük işğal planı vardımı? Bunu dəqiq söyləmək çətindir. Frank ordusu hər payız buraxılır, yazda isə yenidən yığılırdı. Amma Karlın əlahiddə əməliyyatlarla, xüsusilə də, kəşfiyyatla məşğul olan qurumu daimi fəaliyyətdə idi.

 

786-cı ildə Karlın agentləri xəbər gətirir ki, onun müttəfiqi, Bavariya hersoqu Tassilon kralın cənubi İtaliyadakı düşmənləri ilə işbirliyinə girib və indi müxtəlif intriqalar qurur, köçəri avarlarla birgə fəaliyyət planı üzərində gizli işləyir.

 

O vaxt başqa işlərlə başı qarışmış Karl, bir müddət özünü vəziyyətdən tam bixəbər kimi göstərir. Eyni zamanda, öz nümayəndələrini göndərərək, məkrli plan qurmuş hersoqun vassallarının fikrini əvvəlcədən öyrənməyə çalışır və bu proses təxminən bir il davam edir. 787-ci ildə isə Karl guya qəflətən, Tassilonu “xatırlayır” və onun təcili yanına gəlməsini tələb edir. Bavariya hersoqu hökmdarın israrlı çağırışını qulaqardına vurur, bu səfərdən yayınmağa çalışır. Onda kral Tassilonun vassallarının özünə qarşı münasibətinin pis olduğunu əvvəlcədən bildiyindən, Bavariyanı öz qoşunları ilə tam mühasirəyə alır. Bunu görən vassalların əksəriyyəti canlarının qorxusundan o dəqiqə Karlın tərəfinə keçir.

 

Vəziyyətinin çıxılmazlığını hiss edən hersoq frank hökmdarının hüzuruna gəlib, ona sədaqət andı içməyə məcbur olur, kral da bu andı qəbul edir. Lakin bir ildən sonra Karl Tassilonu Baş seymə çağırır. Öz vassalları tərəfindən ittiham olunan Tassilon məcburiyyət qarşısında etiraf edir ki, Karla qarşı məkrli intriqalar qurub; Frank dövlətinin düşmənləri ilə birgə hərəkət etmək niyyətində olub; krala içdiyi andını pozub; Bavariyada onun bütün tərəfdarlarını gizlicə qılıncdan keçirmək üçün plan hazırlayıb. Franklar Tassilonu yekdil rəylə ölümə məhkum edirlər. Lakin, Karl mərhəmət göstərir, edam cəzasını ailəlikcə monastıra sürgünlə əvəz edir. Beləliklə, Karl bütün Bavariyanı özünə qan-qadasız tabe etməyə müvəffəq olur.

 

Lakin Karlın düşmənlərinin həmişə belə asanlıqla can qurtardığını güman etmək yanlış olardı. Bunu frankların kralı ilə düşmənçilik aparan, ona çoxlu problemlər yaradan bütpərəst xalqlardan biri, yaxşı tanıdığımız avarların timsalında görmək olar.

 

İndi isə kiçik bir haşiyəyə çıxıb, yaxşı tanıdığımızı güman etdiyimiz avarlar haqda qısa məlumat verək. Mərkəzi Asiyanın qədim xalqlarından sayılan bütpərəst avarlar VI əsrdə Mərkəzi Avropaya, Orta Dunaya köçərək, Avar Xaqanlığı yaradıb, ətrafdakı slavyan xalqlarını hamısını özlərinə tabe etmişdilər. O vaxt avarlar Avropanın ən böyük güc mərkəzlərindən sayılırdı. Lakin sonralar bizanslılara məğlub olmaqla, Avar Xaqanlığı tənəzzül etdi, ərazisi germanlarla bulqarlar arasında bölündü. 797-ci ildə avar elçiləri Böyük Karla sədaqət andı içərək, frankların tabeliyinə keçdilər, avarların kiçik bir hissəsi isə Orta Dunayı zəbt edən macarlara qarışdı.

 

O zamanlar avarlar köçərilik edən çox döyüşkən bir xalq idi, güzəranlarını heyvandarlıqla yanaşı, quldurluqdan, qarətdən çıxarırdı. Hersoq Tassilon öz süqutu ərəfəsində onlarla gizli ittifaqa girmişdi. Franklar əleyhinə olan bu ittifaqda avarlar Karlın düşmənləri ilə - lanqobardlarla, sakslarla, bavarlarla birləşmişdi.

 

Franklar üzərinə hücum hersoq Tassilonun ittiham edildiyi 788-ci ildə baş tutdu. Görünür, avarların vəziyyətdən xəbərləri yox idi və əvvəlcədən planlaşdırıldığı kimi, hersoqun dəstəyinə arxayın olub, Frank dövlətinə hücum etdilər...

 

Yeddi il sürən bu dəhşətli, amansız müharibə belə başlandı. 795-ci ildə franklar avar ordusunu darmadağın etdilər, onların torpaqlarına girib, qarşılarına çıxanı qılıncdan keçirdilər, qalalarını atəşə verdilər. Sonradan, məğlub xalqı xaç suyuna çəkib xristianlaşdırmaq üçün yepiskoplar və keşişlər xaqanlığa gələndə isə bəlli olmuşdu ki, oralarda kimsə qalmayıb – ölən-ölmüş, qaçan-qaçmışdı...

 

İndi isə Harun ər-Rəşidin məşhur filinin bu hadisələrə aidiyyəti barədə. Rəvayət edirlər ki, ilk dəfə fil dişi ilə rastlaşan Karl filin özünü canlı görmək arzusuna düşür. Bu məşhur rəvayət sonrakı hadisələri məhz kralın fil görmək istəyinə bağlayır. Əslində isə o fil az sonra başlanacaq xüsusi əməliyyatlar silsiləsinin yalnız bəhanəsi idi.

 

797-ci ildə Böyük Karl Bağdada, xəlifə Harin ər-Rəşidin hüzuruna səfir heyəti göndərir. Həmişə olduğu kimi, indi də heyətdə diplomatlarla yanaşı, kəşfiyyatçılar da vardı – frank kralının sonsuz etibarını qazanmış Lanfrid, Ziqmund və yəhudi İsaak. Heyətin rəsmi məqsədi isə “fil tapıb, frankların paytaxtına gətirmək” idi.

 

Xəlifə həqiqətən də Karla fil göndərir və İsaak onu uzun müsibətlərdən sonra Axenə gətirib çıxarır. İsaak mənzil başına çatana kimi, Harun ər-Rəşid icazə verir ki, Yerusəlim kilsəsinin patriarxı Karla öz xeyir-duasını, cürbəcür kilsə təbərrükləri, o cümlədən, şəhərin rəmzi açarını göndərsin.

 

Görəsən, Böyük Karlın nümayəndələri ərəb hökmdarının nədən belə maraqlandırırmış? Xaçpərəst Axeni (Karlın paytaxtı) müsəlman Bağdadla yaxınlaşdıran zəmin nədən ibarət idi? Təbii ki, belə bir zəmin vardı – ortaq düşmənlər. Onların sırasına ilk növbədə, ispan Kordovasının gələcək xəlifələri aid idi; onlar Bağdadda hökmranlıq edən Abbasilər sülaləsini məhv etmək istəyirdilər. Böyük Karl da həmin xəliflərlə daimi hərbi münaqişədə idi və bu müharibə məhz, 800-cü ildən sonra lap qızışdı.

 

Lakin Karlla Harun əl-Rəşidi daha çox yaxınlaşdıran Bizansa qarşı yürütdükləri siyasət idi. İş bundadır ki, Bizans da, onun imperatorları da özlərini Romanın, Sezarın, Avqustun qanuni vərəsələri kimi qələmə verirdilər. 800-cü ilin 21 dekabrında imperator elan olunmuş Karl isə, imperiyanın “vahidliyi” ideyasının özünə öldürücü zərbə endirmişdi. Təsadüfi deyil ki, papa III Lev, müasir ifadə ilə desək, Karlın “təsir agenti” (agent of influence) idi və hökmdarın başına imperator tacını qoyanda, kral buna narazılıq etməklə, özünü Bizans imperatorunun rəqibinə çevrilmək istəmirmiş kimi göstərmişdi. Onun məqsədi işin əsl baiskarının özü deyil, məhz, papa III Lev olduğunu hamıya təlqin etmək idi. Karl hətta, Konstantinopola xüsusi heyət göndərib, imperatriça İrinaya evlənmək təklifini də çatdırır. Kralın adamlarını Bizansda gözəl qarşılayırlar.

 

Şərqlə Qərbi birləşdirən böyük imperiya öz yaranışı ərəfəsində idi. Roma imperiyası bərpa olunsaydı, İspaniyada uğurlar qazanmış, Fələstinə yol tapan, Şimali Afrikanın əsas şəhərlərində - Karfagendə, İskəndəriyyədə təsir agentlərinə malik olan Karl monarxların ən möhtəşəminə çevriləcəkdi.

 

Lakin gözlənilməz hadisələr baş verdi. İrina taxtdan salındı, Bizans məmləkəti imperator Nikifora qaldı. Buna baxmayaraq, Karlın düşündüyü plan həyata keçməyində idi. Frank kralı tərəfindən çaş-baş salınmış Nikifor papa ilə bütün münasibətlərini kəssə də, Karlla danışıqlardan vaz keçmədi. Bu isə çox təbii idi. Nikiforun güclü müttəfiqə ehtiyacı vardı, çünki xilafət onu da təhdid edirdi.

 

Beləliklə, diplomatiya ilə kəşfiyyatın çulğaşdığı, hərbi əməliyyatlarla müşayiət olunan qəliz bir oyun başlandı. Karlla Harun yenə bir-birilə səfir mübadiləsi aparırlar.

 

Bağdadla xoş münasibətlər quran Karl, digər tərəfdən Bizansa təzyiqlərini artırır, eyni anda, Yerusəlim patriarxı ilə səfir əlaqələri qurur, Fələstinə öz adamlarını yerləşdirir, ora böyük pullar yönəldir, məbədlər tikdirir və kilsə ehkamları ətrafında gedən mübahisələrə qoşulub, böyük əraziləri Bizansın təsirindən çıxarmaq üçün qızğın fəaliyyətə girişir.

 

Şərqdən də, qərbdən də təzyiqə məruz qalaraq, sıxışdırılan Bizans təbii ki, uzun müddət müqavimət göstərə bilməzdi və 812-ci ildə yeni imperator I Mixail Böyük Karlın imperator titulunu formal olaraq qəbul edir...

 

O ki qaldı Harunun filinə, yazıq heyvan 810-cu ildə, qürbətdə ölür. Maraqlı burasıdır ki, salnamələr bu hadisəyə, təxminən eyni zamanda baş vermiş başqa olaydan - Karlın oğlu, İtaliya kralı Böyük Pipinin ölümündən daha çox diqqət ayırırlar.

 

Böyük Karlın dünyadan köçməsi ərəfəsində tarixə möcüzə kimi daxil olmuş başqa bir hadisə də verir. 814-cü ilin lap əvvəllərində kral sarayının qarşısındakı bazilikanın tağbəndindən imperator titulunun bir parçası - “princeps” (latınca - rəhbər) sözü qəflətən yoxa çıxır. Bunu qeybdən gələn dəhşətli bir əlamət kimi qəbul edirlər. Və həqiqətən də, 814-cü il, yanvar ayının 28-də heç bir xəstəliyi olmayan müdrik kral gözlənilmədən canını tapşırır.

 

Onu elə həmin bazilikada dəfn edirlər...                   

 

# 3491
avatar

İlqar Əlfi

Oxşar yazılar