Yol polisindən ƏLVERİŞSİZ HAVA  ilə bağlı XƏBƏRDARLIQ
21 iyul 2022 15:17 (UTC +04:00)

Yol polisindən ƏLVERİŞSİZ HAVA ilə bağlı XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən ölkə ərazisində küləkli hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı barədə verilən proqnozla əlaqədar, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək müxtəlif xoşagəlməz halların qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün son dərəcə ehtiyatlı və diqqətli olmağı tövsiyə edir.

BDYPİ-dən Lent.az-a verilən məlumata görə, sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçməli, küləkli havada yolun kənarları qapalı olan hissəsindən və ya tunellərdən açıq əraziyə çıxarkən, həmçinin çöllükdə avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının yüksək olmasını nəzərə almalı, nəqliyyat vasitələrini tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, ümumiyyətlə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.

Yağışlı havalarda yol örtüyünün yaş olması sürüşmə ehtimalını artırdığı üçün sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq kifayət qədər ara məsafəsi saxlamalı, sürət həddini minimuma endirməli, ötmə və manevretmə zamanı diqqətli olmalı, eləcə də nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, şüşə silgəcləri və şüşəyuyanların, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməlidirlər.

Piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.

# 2871
avatar

Oxşar yazılar