Bakı Şəhəri üzrə Təhsil İdarəsində ümumi təhsil məktəblərinə yeni təyin olunan direktorlar ilə görüş keçirilib.
İdarədən Lent.az-a verilən məlumata görə, görüşdə İdarənin müdiri Məhəbbət Vəliyeva müsabiqə nəticəsində seçilən məktəb direktorlarını təbrik edib və onlara üzərilərinə düşən şərəfli və məsuliyyətli işdə uğurlar arzulayıb. Çıxışı zamanı İdarə müdiri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin son illər ərzində təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində aparılan islahatlardan danışıb. Təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğunu xatırladan Məhəbbət Vəliyeva direktorların qarşısında duran vəzifələrə diqqət çəkib.
Daha sonra BŞTİ-nin sektor müdirləri tərəfindən yeni təyin olunan məktəb direktorlarına tədrisin təşkili, idarəetmə, kadr münasibətlərinin tənzimlənməsi, kargüzarlıq, ictimaiyyətlə əlaqələr, məktəbdənkənar fəaliyyətin təşkili və digər məsələlər barədə tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.