Xırdabuynuzlu heyvanlarda taun xəstəliyinin müayinəsi aparılıb
31 oktyabr 2016 15:24 (UTC +04:00)

Xırdabuynuzlu heyvanlarda taun xəstəliyinin müayinəsi aparılıb

 

Respublika Baytarlıq Laboratoriyası (RBL) ölkədə xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyi təhlükəsinin olub-olmaması ilə bağlı müayinələr aparıb.

 

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müayinələr Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində yaradılmış serumbankdakı nümunələr əsasında həyata keçirilib. Serumbank respublika üzrə 53 rayonun 265 kəndindən və 193 qışlağından müasir epidemiologiyanın tələblərinə uğun olaraq “EPİİNFO-7” proqramına əsasən təsadüfi seçim üsulu ilə iri və xırdabuynuzlu heyvanlardan toplanmış 92300 ədəd qan nümunələrindən ayrılmış serumlardan ibarət olub. Nümunələr mənfi 20 dərəcə temperaturda 5 il müddətində saxlanıla bilər.

 

Qonşu ölkələrdə xırdabuynuzlu heyvanlar arasında taun (PPR) xəstəliyinin qeydə alınması ilə əlaqədar, əsasən sərhəd rayonlarını əhatə edən 27 rayonun kənd və qışlaqlarına aid 5520 ədəd nümunələr götürülərək ELİSA testi ilə müayinə edilməsi üçün RBL-na gətirilib. Layihə tərəfindən müayinələrin aparılması üçün laboratoriyalar tələb olunan bütün ləvazimat və reagentlərlə təmin edilib.

 

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankının əməkdaşlığı ilə yaradılmış serumbank ölkədə iri və xırdabuynuzlu heyvanlarında bir sıra xəstəlik risklərini araşdırmağın mümkünlüyünü təsdiqləyir. Müasir üsulla həyata keçirilən müayinələri mənimsəmək məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetinin iki qrupdan ibarət 8 nəfər tələbəsi də cəlb olunub. Müayinələrin davam etdiyi 2 həftə ərzində tələbələrin Bakı şəhərində səfər xərcləri Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi tərəfindən təmin edilib.

Müayinə edilən nümunələrin heç birində taun xəstəliyinin törədicisi aşkar edilməyib.

DBNX bildirir ki, hazırda taun xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün lazımi tədbir davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 147
avatar

Oxşar yazılar