Xərv türkləri - APA TV-nin İrandan XÜSUSİ REPORTAJI
26 yanvar 2016 13:29 (UTC +04:00)

Xərv türkləri - APA TV-nin İrandan XÜSUSİ REPORTAJI

İranın Rəzavi Xorasan ostanında əhalisi 15 mindən çox olan kiçik bir şəhər var. Xərv deyirlər bu şəhərə. "Xarv-e Olya" sözündən götürülüb adı. Yönləndirən, idarə edən anlamına gəlir. Buranın insanları türkcə danışır. Fars sözləri ilə dolu olan türkcələrini anlamaq çətin gəlir bizə. Xərvlilər özlərini Orta Asiyadan gəlmə sayırlar. Onlar vətənlərini dəyişdikdən sonra yerli türklər və farslarla qarışması dillərini  çətin anlaşılan edib. Bu, İranda yaşayan bir çox xalqlarda özünü göstərir. Xərv şəhərində Xorasan türkləri də yaşayır.

 

Növbəti səfərimiz Nişapuradır. Xərvin tanınmış şəxslərindən Əhməd Əli Heydəri burada qalmağımızı istəyir. Təklif edir ki, heç olmasa burada şam edək və axşam məxsusi bizim üçün təşkil olunacaq musiqi məclisini izləmək imkanı qazanaq. Səfər proqramı ilə uyğun gəlmədiyi üçün təklifdən imtina etməli oluruq, amma Əhməd Əli Heydəri Xərvli musiqiçiləri gecə Nişapura gətirir. Qismətimizdə bu nisgili, ruhunda kədər və həsrət daşıyan nəğmələri dinləmək də varmış.

 

Binalud dağlarının cənub yamacında yerləşən şəhər İranın başqa əyalət şəhərləri kimi köhnə və bir-iki mərtəbəli kərpic  evləri ilə fərqlənir. Şəhərin ən böyük və bəzəkli tikilisi məsciddir. Yollara xırda çay daşları döşənib. Şəhərdə nəqliyyat vasitəsi kimi at və eşşəkdən, motosikletdən, kiçik ölçülü avtomobillərdən istifadə olunur. Xərv mənzərəsi ilə inkişaf etməmiş Şərq şəhərinin bütün cizgilərini özündə daşıyır. Şəhərin mərkəzi küçələri səs-küylü olsa da, ümumilikdə sakit məkandır.

 

Xərv Nişapur şəhristanının Zəbərxan bəxşində, dəniz səviyyəsindən 1550 metrdə yerləşir. Şəhərin ətrafında Xorasanın ən məhsuldar torpaqları yerləşir. Əhali quru meyvəçiliklə dolanır. Gavalı, albalı, ərik, şaftalını qurudur və satırlar. Xərv quru meyvələr istehsalına görə bölgədə məşhurdur. Hər il payızda burada gavalı festivalı keçirilir. Şəhərdən bir neçə böyük və kiçik çay axır.

 

Bu insanlar Xərvin həvəskar musiqiçiləridir. Əhməd Əli Heydəri deyir ki, "başqa musiqiçilər də var idi. Gələ bilmədilər. Onlar daha yaxşıdır". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Oxşar yazılar