Xəritəçəkən Jenya, Azərbaycanda pul axtarışı, gözlənilməz vəsiyyət – <span style="color:red;">SƏBUHİ MƏMMƏDLİ YAZIR
06 iyun 2017 14:30 (UTC +04:00)

Xəritəçəkən Jenya, Azərbaycanda pul axtarışı, gözlənilməz vəsiyyət – SƏBUHİ MƏMMƏDLİ YAZIR

 

Stavropolda doğulmuş, Tiflisdə orta məktəbə getmiş, Peterburqda universitet bitirmişdi. Amma 85 illik ömrünün yarıdan çoxunu Bakıda yaşamışdı. Elə burada da vəfat etmişdi. Bakının Ostrovski, indiki Süleyman Tağızadə adlanan küçəsində, öz mənzilində. Özü də tək-tənha. Azərbaycan tarix elminə böyük töhfələr vermiş, numizmatikanın əsasını qoymuş bu dahi şəxsiyyətin adına, çox təəssüf ki Bakıda indi kiçik bir dalan da yoxdur. Söhbət Yevgeni Aleksandoviç Paxomovdan gedir. O Paxomovdan ki, ADR hökuməti onu Tiflisdən xahiş-minnətlə Bakıya gətirmişdi. Elə Bakı Universitetinin əsasını qoyan Razumovski kimi. Şərtlər də təxminən eyni idi: “Gəl, yarat, pul-para problemi olmayacaq”...

 

Paxomov ixtisasca xəritəçəkən idi. Amma tarix, xüsusən də şərq tarixi onu özünə daha çox cəlb edirdi. Tale onu tarixçi alim Aleksandr Markovun yanına aparıb çıxarmışdı. Markov gənc Jenyadakı fitri istedadı görüb, tarix elmində onun maraq dairəsini də öyrənə bilmişdi. Müəllimi kimi Paxomovu da qədim sikkələr, naməlum yerlərdə gizlədilmiş dəfinələr, bir sözlə, tarix elminin ən macəralı və ekzotik sahəsi maraqlandırırdı.

 

Rusiyada baş verən inqilabdan sonra Paxomov vaxtıyla orta təhsilini aldığı Tiflisə üz tutur. Bu da səbəbsiz və təsadüfi deyildi. Rusiyada vətəndaş müharibəsi gedir, ölkənin taleyinin necə olacağı belə heç kimə bəlli deyildi. Amma Tiflisdə Jenyanın çoxlu dostları vardı. Həm də Tiflis imperiyanın mərkəzlərindən biri olmuşdu. Paxomovun vurulduğu Şərq isə, necə deyərlər, qulağının dibində.

 

Tiflisə qayıdan kimi boş dayanmır. Dərhal yerli hökumətə müraciət edərək, numizmatika sahəsində tədqiqatlar aparmaq üçün xidmətlərini təklif edir. Gürcü hökuməti onun təklifinə yarıxoş “hə” deyir. Amma araşdırmaları üçün vəsait ayırmır. Dostlarının köməyi ilə arxeoloji ekspedisiyalar təşkil edir, bir sıra uğurlu nəticələrə nail olur. Amma daha böyük və fundamental işlər görmək üçün vəsaiti çatmır. Və…

 

Və belə olan halda ona Bakıdan təklif gəlir. ADR hökuməti onu təcili Bakıya dəvət edir. Ona elə beləcə də deyirlər: Gəl, bizim universitetimiz də var, nə qədər vəsait lazımdı veriləcək, təki sən işlə. Uzun sürən tərəddüdlərdən sonra 39 yaşlı alim Bakının təklifini qəbul edir. Elə o qalan Bakıda qalır, ömrünün sonunadək.

 

Tezliklə onu Bakı Dövlət Universitetinə işə götürürlər. Universitetdə numizmatika kafedrasına rəhbərlik edir. 1919-cu ilin sonlarından, ta ömrünün sonunadək 200-dək arxeoloji ekspedisiyada iştirak edir. Azərbaycanda numizmatikanın əsasını qoyur. Eyni zamanda, özünün olduqca zəngin kolleksiyasını yaradır. Onun Azərbaycan ərazisində aşkara çıxarılan sikkə tapıntılarının qeydə alınması, toplanılması, tədqiq və nəşr olunması sahəsində göstərdiyi səy, əldə etdiyi elmi nailiyyətlər böyük əhəmiyyət kəsb edirdi.  Azərbaycan tarixinə, arxeologiyasına və numizmatikasına həsr edilmiş yüzdən artıq məqalə və elmi monoqrafiyalar Y.A.Paxomovun qələminin məhsuludur. Maraqlıdır ki, alim Azərbaycanı demək olar ki, qarış-qarış gəzir, əhalinin əlində olan qədim sikkələri toplayır, onları araşdırırdı. Paxomov təkcə Azərbaycan ərazisiylə kifayətlənmir. Bütün Qafqazı gəzir, sonradan isə fundamental bir əsər ortaya qoyur: “Azərbaycanın və Qafqazın başqa respublikaları, ölkələri və vilayətlərinin dəfinələri” adlı monoqrafiya yazır. Həmin monoqrafiya bu gün də dərslik vəsaiti kimi istifadə edilir.

 

O, Azərbaycanda, Gürcüstanda və Qafqazın digər vilayətlərindən ayrı-ayrı illərdə, müxtəlif şəraitdə tapılan sikkələr, dəfinələri qeydiyyatdan keçirir, 3 minədək müxtəlif metallardan kəsilmiş sikkə nümunələrini öyrənir. Bu hələ harasıdır? O, keçən əsrin həmin ərəfədə yer adlarını olduğu kimi yazır. Bəzi hallarda əgər dəyişiklik varsa, onu da qeyd edir. Bununla da bir daha qədim Azərbaycan torpaqlarının adları əsərdə olduğu kimi saxlanılır.

 

1939-cu ildən başlayaraq, Paxomovun, rəhbərliyi ilə müxtəlif vaxtlarda 699 ədəd yazılı daş tavalar tapılır. Bu daşlar hal-hazırda İçərişəhərdə - Şirvanşahlar sarayının həyətində saxlanılır. Daşların üzəri ərəb və fars yazıları ilə yanaşı, zəncirvari ornament, insan, heyvan, quş və əfsanəvi heyvan təsvirləri ilə bəzədilib.

 

Günlərin bir günü Paxomov tələbələrini də başına yığıb, indiki Mingəçevir ərazisinə üz tutur. Az sonra həmin ərazidən xeyli abidə, yüzlərlə sikkə tapılır. 1939-cu ildə Y.A.Paxomovun başçılığı altında Tarix İnstitutunun ekspedisiyası Şamaxı yaxınlığındakı Gülüstan qalasında arxeoloji tədqiqat işləri aparır, daha sonra Beyləqana gedir. Beyləqan qazıntılarından Sasani, Bizans pulları ilə yanaşı, xeyli miqdarda ərəb sikkələri tapır. Və Paxomov bu dövrün pullarından birinin üzərində Beyləqan şəhərinin adını oxuya bilir.

 

Paxomov 1941-ci ildə, 61 yaşında Bakı Universitetinin dosenti, 1945-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edərək professor adını qazanır.

 

1947-dən 1953-dək arxeologiya kafedrasının müdiri kimi fəaliyyət göstərir. 1955-ci ildə Azərbaycan SSR əməkdar elm xadimi adını ala bilir.

 

1962-ci ildə Azərbaycan SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilir.

Onun tapdığı sikkələr və bəzi arxeoloji nümunələr keçmiş SSRİ-nin əksər muzeylərini bəzəyir. Adi bir fakt: təkcə Peterburqda yerləşən Puşkin adına Təsviri İncəsənət muzeyində onun tapdığı 12 mindən çox sikkə nümayiş olunur.  Amma bundan dəfələrlə çox nümunə Azərbaycanda, bizim muzeylərimizdə qalıb. Və yəqin ki, indi də qorunur.

Ölümündən sonra onun vəsiyyətnaməsi də üzə çıxır. Paxomov şəxsi kolleksiyası ilə bağlı vəsiyyətnamə də yazmışdı. “Mənim kolleksiyamda olan sikkə və tarixi arxeoloji nümunələri Ermitaja, Gürcüstan Dövlət Muzeyinə və Azərbaycan Tarix muzeyinə vəsiyyət edirəm”.

 

1965-ci il mayın 2-də 85 yaşında vəfat etdi Paxomov. Ömrü boyu Azərbaycan tarixinə dair 36 fundamental monoqrafiya yazdı. Bu günün özündə belə həmin monoqrafiyalara istinad edilir, arxivlərdə onun əsərlərini axtarırlar. Biz isə onun qəbrini axtarmaq qərarına gəldik. Adına küçə olmaması bir qırağa, harada basdırıldığını belə öyrənə bilmədik…

 

# 236
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar