[b]Xanın yurdunda, bəyin mülkündə tikilmiş 90 yaşlı ocaq [/b]– <span style="color:red;">SƏBUHİ MƏMMƏDLİ YAZIR
13 aprel 2017 16:14 (UTC +04:00)

[b]Xanın yurdunda, bəyin mülkündə tikilmiş 90 yaşlı ocaq [/b]– SƏBUHİ MƏMMƏDLİ YAZIR

 

- Yeniqışlağa gedirsinizsə, bu uşağı da götürün.

 

Əliylə 15-16 yaşlı qız uşağını göstərir neft buruqlarının mühafizəçisi. Əslində bizim Yeniqışlağa getmək planımız yox idi. Biz, neçə vaxtdır Lent.az-da yayımlanan və son günlər sosial şəbəkələrdə, mediada gündəmdən düşməyən Kurkosaya gedirdik. Yola nabələd olduğumuzdan Yeniqışlaqda yaşayan dostumuz Tanrıverdi müəllimlə görüşmək, bəzi məqamları məsləhətləşmək niyyətindəydik. Yeniqışlaq isə Neftçalanın ucqarında yerləşən bir kənddir. Oranı soraqlaya-soraqlaya Neftçaladan 10 kilometr aralıda yerləşən, “26-lar” deyilən yerə gəlib çıxmışdıq. Bura bomboz çöllük, yol deyilən bir məfhumun olmadığı bir yer idi. Zarafatla “cəhənnəm vadisi” dediyimiz bu yerdə isə rastlaşdığımız bircə bəni-adəm oldu: ətrafdakı neft buruqlarının mühafizəçisi.

 

- Hələ on kilometr də getməlisiz.

 

Sürücümüz bu nataraz yol deyilən yerlə hələ on kilometr də gedəcəyimizi eşidən kimi əhvalı korlanır.

 

- Bu uşaq da Yeniqışlaqa gedir, yolu sizə göstərəcək.

 

Əlində məktəbli çantası əyləşir maşına.

 

- Qızım, haradan gəlirsən sən.

 

- Hazırlıqdan.

 

- Hər gün bu yolu gedib-gəlirsən?

 

- Həftədə 3 dəfə.

 

Təsəvvür edin, həftədə üç dəfə 20 kilometr ins-cinsin görünmədiyi bir yerdə payi-piyada hazırlığa gedib-gəlir bu qızcığaz. Oxumaq, ali təhsil almaq arzusuyla...

 

***

 

- Hə, Turayəyə rast gəlmisiz, bizim şagirdimiz olub. Məktəbimiz 9 illikdi deyə, yuxarı siniflər qonşu kənddə oxuyarlar. O qız da tamam başqa kəndə hazırlığa gedib-gəlir. Ən yaxşı şagirdlərimizdəndir – deyir, Tanrıverdi müəllim - Gəlin, bu da bizim məktəb. Mənim bir dərsim qalıb, bitirim, görüm nə kömək edə bilərəm Kurkosayla bağlı.

 

Məktəbin həyətində bizi Ülvi müəllim qarşılayır. Məktəbin direktoru Ülvi Fərzəliyev. Cavan oğlandır, amma bu əyalət rayonun əyalət kəndində ən müasir texnologiya və standartları mənimsəmiş və onlardan da istifadə etmək qabiliyyətində olan bir gənc.

 

Məktəb haqda danışır. Bu balaca məktəbin üç şəhidi var. Elə şəhid Aqil Dadaşovun da adını daşıyır Yeniqışlaq kənd ümumi orta məktəbi.

 

- Məktəbin əvvəlki adı Xanqışlağı kənd əsas məktəbi olub. Sonralar kəndin adı Yeniqışlağa dəyişəndə məktəbin adı da dəyişib.

 

Ülvi müəllim deyir ki, Xanqışlağı kəndinin çox qədim tarixi var.

 

- Adından da göründüyü kimi, bu kənd lap qədim zamanlardan xanların qışlağı olub. Mülayim iqlimi, əlverişli coğrafi mövqeyinə görə xanlar öz sürülərini bu torpaqlara qışlamağa gətirirmiş. Sonralar müxtəlif  bölgələrdən gələn əhali burda tədricən məskunlaşmağa başlayıb, bu kənd daimi yaşayış məntəqəsinə çevrilib.

 

Yeri gəlmişkən, bu məktəbin ilk şagirdlərindən olmuş 97 yaşlı Ağanisə Vəliyeva hələ də sağdır. Ağanisə nənə deyir ki, o, 1-ci sinfə kənd ərazisində Ələsgər Ağacanovun evinin yanında mövcud olmuş məktəbə gedib. O, valideynlərindən eşidib ki, həmin məktəb binasını xüsusi qurğularla dəniz sahilindən atlarla kəndə dartıb gətiriblər.

 

O vaxt məktəb 7 illik olub. Məktəb binası kənddə yaşayan və bəy nəslindən olan Sadıqbəyov Zahid bəy Həmid bəy oğlunun malikanəsində yerləşib. Ad və soyadından imtina etmədiyi üçün Zahid bəy repressiyaya məruz qalıb. Zahid bəyin böyük malikanəsi isə məktəb kimi istifadəyə verilib. Bu məktəb əvvəl 8 illik, sonralar 9 illik məktəb kimi fəaliyyət göstərib.

 

- Neçə şagirdiniz var?

 

- 69.

 

- Dərsə gəlirlər?

 

- Gəlin, sayaq.

 

Sayırıq, hamısı yerindədir. Nəinki Neftçalanın, Bakının belə özündən sözetdirən məktəbində belə davamiyyət yoxdur, etiraf edək bunu.

 

Bir qədər əvvəl 9-cu sinifləri üçün keçirilən riyaziyyat imtahanından isə əksəri qiymət alıb.

 

- Bəlkə də hamısı. Düzdür, ilkin nəticələr bizdə yoxdur. Amma təxmin edirik ki, hamısı imtahandan keçib.

 

Ülvi Fərzəliyev Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Neftçala rayonunda nümayəndəsidir həm də.

 

- Cavan, intellektual gəncsən. Nə cəlb edir səni bu ucqar kənddə? Burada nə perspektiv görürsən?

 

- Mən sevdiyim işlə məşğulam. Uşaqlarla işləmək xoşdur. Həm də sübut etmək istəyirəm ki, əyalətin ucqarlarında belə nümunəvi məktəb yaratmaq mümkündür. O ki qaldı perspektivə... o həmişə var.

 

***

 

Tanrıverdi müəllim deyir ki, şagirdlər üçün müxtəlif vaxtlarda ekskursiyalar təşkil olunur. Qobustan qayalarına, İçəri Şəhərə, Qız Qalasına. Bir qədər əvvəl isə Dırovdağ və Muğan-Babazanlı abidələrinə baş çəkiblər. Oradan tapdıqları sənət nümunələri isə bu gün də  məktəbin bəzəyidir. Həmin saxsı qabları, içərisinə insan meyiti qoyulub dəfn edilən küpləri isə kim tapsa yaxşıdır? Məktəbin ən dəcəl şagirdi.

Məktəbin rəqs ansamblı da var. Halayçı qızlar rayonun bütün mədəni tədbirlərində iştirak edirlər.

 

Məktəbin dəhlizində Ekologiya guşəsi yaradılıb. Hətta məktəb muzeyi də var. Məktəbin 9-cu sinif şagirdi Axundova Nərmin Mayis qızı isə ümumrespublika layihəsi olan “Ölkəmizi tanıyaq” layihəsində Yeniqışlağı uğurla təmsil edib.

 

 

***

 

 

Vaxt yetişir, biz getməliyik. Məktəbin qarşısında ayrılırıq. Qarşıda ucu-bucağı görünməyən yol var. Arxada isə tozun, torpağın içində, yolun belə olmadığı bir kənddə məktəb. O məktəb ki ona sadəcə həsəd aparmaq olar. Və ən əsası diqqət göstərmək… Buna çox ehtiyacı var həmin məktəbin. Elə bu diqqət üçün də yazdıq bu yazını.

 

# 235
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar