Bakıda Moskva şəhərində MDB dövlətlərinin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXVI iclası keçirilib. Bu barədə Lent.az-a İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirdə ölkəmizi əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Xaliq İlyasov təmsil ediblər.
İclasda Şuranın ötən il Bakıda keçirilən XXV iclasında qəbul olunmuş qərarların icra vəziyyəti, MDB-yə üzv ölkələrdə əmək və sosial müdafiə sahəsində həyata keçirilən tədbirlər və onların nəticələri, peşə hazırlığı işinin təkmilləşdirilməsi, aidiyyatı iş sahələrində təcrübə mübadilələrinin aparılması və digər məsələlər müzakirə olunub.
Eyni zamanda, iştirakçılar tərəfindən 2014-cü ilin mart ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Məşvərət Şurasının əlilliyin səviyyəsinin müəyyənləşdirilməsi və reabilitasiya məsələləri üzrə İşçi Qrupunun iclasının keçirilməsi təklifi irəli sürülüb və bu barədə MDB İcraiyyə Komitəsinə müraciət qəbul edilib.
Tədbir çərçivəsində Natiq Məmmədov Rusiya Federasiyasının əmək və sosial müdafiə naziri Maksim Topilin, bu ölkənin Federal Miqrasiya Xidmətinin rəis müavini Anatoli Kuznetsov, Qazaxıstan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Kayrat Absattarov, Belarus Respublikasının əmək və sosial müdafiə nazirinin müavini İqor Starovoytov ilə ikitərəfli görüşlər keçirib.