Səhiyyə Nazirliyinin rəsmisi: “Qeysəriyyə zamanı ölüm riski təbii doğuşdan 7 dəfə artıqdır”
14 oktyabr 2015 17:32 (UTC +04:00)

Səhiyyə Nazirliyinin rəsmisi: “Qeysəriyyə zamanı ölüm riski təbii doğuşdan 7 dəfə artıqdır”

...“Dünyada hər gün 800 qadın qarşısı alına biləcək səbəblərdən hamiləlik dövründə həyatını itirir”.

...“Anasını itirmiş körpələr arasında həyatının ilk iki ilində ölüm faizi on dəfə artıqdır”.

...“Ana ölümünə görə məsuliyyət daşıyan həkim təkrar səhvə yol verərsə, işdən çıxarıla bilər”.

...“Qeysəriyyə əməliyyatı zamanı ölüm riski təbii doğuşdan 7 dəfə artıqdır”.

...“Tibbi göstəriş olmadan icra edilən qeysəriyyə əməliyyatına görə tibb müəssisəsi məsuliyyət daşıyır, bu, sağlam qadının həyatını təhlükəyə atmaqdır”.

...“Ana ölümü adi statistik rəqəm deyil, hər birinin arxasında bir ailənin faciəsi, anasız böyüyən uşaq dayanır”.

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının üzvü Leyla Məmmədova deyib.

Hamiləlik başa çatdıqdan sonrakı 42 gün ərzində hamiləliklə əlaqəli fəsadlardan və ya hamiləliyin fizioloji ağırlaşması nəticəsində qadının ölümünün ana ölümü hesab edildiyini deyən Leyla Məmmədova bu zaman yaranan problemlər barədə məlumat verib: “Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dünyanın 115 ölkəsində 60 min ana ölümünün təhlili nəticəsində müəyyən olmuşdur ki, bütün ölüm hallarının təqribən 28 faizi əvvəl mövcud olan diabet, malyariya, vərəm və piylənmə kimi patologiyaların ağırlaşması nəticəsində meydana çıxır. Ana ölümünə 27 faiz hallarda qanaxmalar, 9 faiz hallarda müxtəlif mamalıq, doğuş fəsadları, 3 faiz hallarda tromboemboliyalar, 11 faiz hallarda irinli septik xəstəliklər səbəb olur. Ana ölümünün səbəbləri qarşısı alına bilən və çətin idarə olunan qruplara ayrılır. Əgər ölkədə qarşısı alına bilən hallardan ana ölümünün sayı çoxdursa, səhiyyə sistemində dəyişikliklərin edilməsi zəruridir. İnkişaf etmiş ölkələrdə ana ölümlərinin əksəriyyəti məhz çətin idarə olunan səbəblərlə bağlıdır. İnkişaf etməkdə olan ölkələrdə isə ana ölümlərinin çoxu qarşısı alına bilən səbəblərdən baş verir”.

Doğuşayardım Komissiyasının üzvü Azərbaycanda ana ölümünün ən çox rast gəlinən səbəbinin preeklampsiyalar olduğunu bildirib: “Preeklampsiyanın ilkin əlamətlərini görən kimi vaxtında müvafiq tədbir görməklə bunun qarşısını almaq olar. Bu, əsasən hamiləliyin ikinci yarısında meydana çıxır. ÜST-nın hesabatına əsasən, 1990-cı illə müqayisədə dünyada ana ölümünün göstəricisi 2013-cü ildə 45 faiz azalıb. Ana ölümlərinin 99 faizi əsasən inkişaf etməkdə olan ölkələrdə baş verir, qalan 1 faizi isə inkişaf etmiş ölkələrin payına düşür. Ana ölümünün göstəricisi hər 100 000 diri doğulana düşən ölümlərin sayı ilə ölçülür. İnkişaf etmiş ölkələrdə orta göstərici 16-dır, ancaq inkişaf etməkdə olan ölkələrdə bu rəqəm 230-dur. Bu, orta göstəricidir, bəzi ölkələrdə 1000, 500, 100 ola bilir. Azərbaycanda bu göstərici 2014-cü ildə hər 100 000 diri doğulana 14,6 olub. 1999-cu ildə bu göstərici 43,5, 2007-ci ildə 35,5 olub”.

Nazirlik rəsmisi ana ölümü baş verən müəssisədə problemin həlli kimi həkimlərin işdən çıxarılmasına da münasibət bildirib: “Ana ölümü hadisəsi baş verən kimi ölüm baş verən tibb müəssisəsinin rəhbərliyi Səhiyyə Nazirliyinə məlumat verir və tibbi şuranın sənədləri Doğuşayardım Komissiyasına təqdim olunur və Səhiyyə Nazirliyinin aparıcı mütəxəssisləri tərəfindən araşdırılır.  Əgər ölüm qarşısı alına biləcək səbəbdən baş veribsə, bu zaman həmin həkim haqqında intizam tədbirləri həyata keçirilir. Eyni həkim tərəfindən eyni səhvə yol verməyə görə həkim işdən çıxarıla bilər. 2008-ci ildən başlayaraq həkimlərin təkmilləşməsi məqsədilə klinik protokollar paylanıb, həkimlərin Bakının aparıcı tibb müəssisələrində və xaricdə Səhiyyə Nazirliyi tərəfindən təcrübə keçməsi təmin olunur”.

Həkim-ginekoloq son illər qeysəriyyə əməliyyatlarının sayının artmasından da danışıb: “İstər Azərbaycanda, istərsə də dünyanın bütün ölkələrində qeysəriyyə əməliyyatlarının sayı artır. Bunun obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəb odur ki, əhalinin bir qismi qeysəriyyə əməliyyatı ilə olan doğuşların daha təhlükəsiz olduğunu zənn edirlər. Amma təcrübə və tədqiqatlar göstərir ki, bu, təbii doğuşdan 7 dəfə risklidir. Azərbaycanda qeysəriyyəyə ən çox rast gəlinən tibbi göstəriş uşaqlıq çapıqlarıdır. Yəni bir dəfə qeysəriyyə ilə ana olduqdan sonra ikinci uşağı dünyaya təbii doğuşla gətirmək çox risklidir. Lakin 3-cü səviyyəli doğuşa yardım  müəssisələrində və açıq əməliyyatxana şəraitində bu mümkündür. Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş klinik protokolda qeysəriyyə əməliyyatına 5 istiqamətdə göstərişlər var. Bunlar həyati təhlükəli və həyati baxımdan təhlükəli olmayan qrupa bölünür. Əgər göstəriş bilavasitə qadının həyatı üçün təhlükəli deyilsə, bu halda qadın yazılı olaraq qeysəriyyədən imtina imtina edə bilər, uşağa görə isə məsuliyyət öz üzərində olur. Lakin ananın həyatı üçün təhlükəli göstərişlərdə qeysəriyyə kəsiyi konsiliumun qərarı ilə ana və ailənin razılığı olmadan əməliyyat icra oluna bilər”.

Leyla Məmmədova ölkəmizdə ana ölümünün aradan qaldırılması üçün antenatal xidmət keyfiyyətinin artırılmasının vacibliyini vurğulayıb: “Ana ölümünə gətirib çıxaran səbəblərdən ən əsası keyfiyyətsiz antenatal xidmətdir. Doğrudur, regionlarda mama-ginekoloqların sayı Bakıdakı qədər deyil. Lakin feldşer-mama, həkim  məntəqələri bütün kəndlərdə var. Burada da hamilə qadınlar qeydiyyata götürürlər. Ancaq hamilələr müraciət etmirlər, hətta ailədə qadının hamiləliyinin 5-6 ayında xəbər tuturlar. Artıq bütün Azərbaycan üzrə 7 perinatal mərkəz yaradılıb. Buna qədər regionlarda ağır xəstələr Bakıya gətirilirdi və bəzən qadın yolda həyatını itirirdi. Regional perinatal mərkəzlər yaxınlıqdakı 15-17 rayona 3-cü səviyyəli yardım göstərir”.

Qonaq ana ölümləri ilə mübarizədə medianın və cəmiyyətin görə biləcəyi işlərdən danışıb: “Təəssüf ki, bu gün Azərbaycan mediasında hər bir ana ölümü səbəbi araşdırılmadan ifrat şəkildə işıqlandırılır. Doğrudur, sonradan rəsmi qurumlar və tibb müəssisəsi tərəfindən açıqlama verilir, lakin cəmiyyətin ilk reaksiya önəmlidir. Medianın köməyi ilə maarifləndirici tədbirlər sayəsində əhalinin həkimə müraciətini təbliğ olunmalıdır.  Əgər hamiləlik zamanı qadında heç bir problem olmasa belə, 7 dəfə həkimə müraciət etməlidir. Vəziyyət ağırlaşana qədər evdə gözləmək olmaz”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 104
avatar

Oxşar yazılar