Həyata keçirilən tədbirlər nəticəsində regionlarda yaşayan əhali artıq müalicə və müayinə üçün paytaxt Bakıya gəlmək zərurəti ilə üzləşmir, birbaşa yaşadığı ərazidə keyfiyyətli səhiyyə xidməti ilə təmin edilir.
Regionlarda fəaliyyət göstərən səhiyyə müəssisələrində gedən yenidənqurma işləri ilə geniş ictimaiyyəti tanış etmək məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən bu dəfə də 28-29 oktyabr tarixlərində Lənkəran Müalicə Diaqnostika Mərkəzinə, Lerik Mərkəzi Rayon xəstəxanasına və Astara Mərkəzi Rayon Xəstəxanasına media-tur təşkil edilib.
Press-tur çərçivəsində Lənkəran Müalicə Diaqnostika Mərkəzi ilə tanış olan KİV nümayəndələrinə baş həkim Malik Məmmədov bildirib ki, Lənkəran və ətraf rayonların əhalisinə xidmət edən müəssisə ən müasir tibbi avadanlıqlarla təchiz edilib. Burada əhaliyə hemodializ, stasionar əməliyyat, cərrahiyyə, reanimasiya, şüa-diaqnostika, poliklinika şöbələri xidmət edir. Bu gün Mərkəzdə müalicə və müayinə ilə yanaşı, müxtəlif səpkili əməliyyatlar da icra olunur. Buraya açıq ürək əməliyyatları da daxildir.
Lənkəran Müalicə Diaqnostika Mərkəzinin baş həkim müavini Ağəli Əliyev bildirib ki, artıq 10 ildir fəaliyyət göstərən mərkəzdə 8 şöbə var: “ Bunların sırasına qəbul, şüa-diaqnostika, poliklinika, hemodializ, cərrahiyyə, reanimasiya şöbələri və.s daxildir. Mərkəz il ərzində 100 mindən artıq xəstəyə xidmət edir. Mərkəzdə mövcud olan hemodializ şöbəsində hazırda 100 xəstə müalicə alır. 15 hemodializ aparatı var”.
A.Əliyev deyib ki, hər bir regionun spesifik sağlıq problemi olduğu kimi, Lənkəran bölgəsində də əsasən ürək, qan-damar, mədə-bağırsaq sistemi xəstəlikləri daha çox qeydə alınır.
Mərkəzdə 49 həkim, 93 orta tibb işçisi, 92 nəfər texniki işçi işləyir.
A.Əliyevin dediyinə görə, son illər ana-uşaq ölümü Lənkəranda da azalıb.
Tədbir zamanı Lənkəran Müalicə Diaqnostika Mərkəzində Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) ezam olunmuş geniş tərkibli həkim heyəti tərəfindən əhalinin müayinə və müalicəsi də aparılıb.
Aksiya barədə jurnalistlərə məlumat verən RMDM-in baş həkimi Rauf Ağayev qeyd edib ki, RMDM mütəmadi olaraq regionlarda əhaliyə tibbi xidmət məqsədli aksiyalar keçirir. Bu tədbirlərin məqsədi regionlarda əhalinin müalicə və müayinə işinə töhfə verməkdir.
O bildirib ki, RMDM-in həkimləri tərəfindən müraciət edən əhalinin müayinəsi aparılır, ehtiyacı olan xəstələr üçün cərrahi əməliyyatlar keçirilir. Müayinələrdə RMDM-nin intervensional radiologiya və şüa diaqnostikası, ginekologiya, pediatriya, travmatologiya-ortopediya, oftalmologiya, kardiologiya, neyrocərrahiyyə, qastroenterologiya, kardiocərrahiyyə, LOR şöbələrinin aparıcı mütəxəssisləri iştirak edib.
Jurnalistlər səfər zamanı Lerik Mərkəzi Rayon Xəstəxanasındakı şəraitlə də tanış olublar.
Xəstəxananın baş həkimi Mübariz Ağayev jurnalistlərə bildirib ki, əhaliyə tibbi xidmət göstərilməsi üçün xəstəxanada hər cür şərait yaradılıb: “Xəstəxana 2010-cu ildə əsaslı təmir olunaraq istifadəyə verilib. Tibb ocağı 81,6 min nəfərlik əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərir. 90 çarpayılıq mərkəzi xəstəxana əhaliyə ambulator və stasionar tibbi xidmət göstərir. Burada əhaliyə Konsultativ poliklinika, Terapiya, Cərrahiyyə, Doğum, Uşaq xəstəlikləri, Təcili və təxirəsalınmaz tibbi yardım şöbələri xidmət edir. Ay ərzində ümumilikdə 20 minə yaxın adam ambulator şəraitdə müraciət edir”.
Lerik rayonunda 1 mərkəzi, 6 kənd xəstəxanası fəaliyyət göstərir. Lerik Mərkəzi Rayon Xəstəxanasında 57 həkim, 182 nəfər orta tibb işçisi çalışır. Ancaq hazırda xəstəxanada ümumilikdə 40-a yaxın həkimə ehtiyac var.
Baş həkimin sözlərinə görə, xəstəxanada əsasən gənc, yeni tibbi biliklərə malik cərrahlara, anestezioloq, reanimatoloqa ehtiyac var: “ Rayonumuzda başqa yerdən işləməyə gələn gənc həkimlərə stimul olaraq maaşdan əlavə kompensasiya və kommunal şəraitini yaxşılaşdırmaq üçün İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi də verilir”.
Baş həkim əlavə edib ki, bu ilin fevralın 1-dən mayın 15-ə qədər həyata keçirilən əhalinin kütləvi dispanserizasiyası zamanı 80 min Lerik əhalisinin 42 mini icbari müayinədən keçirilib. 1270 nəfər ilkin olaraq dispanser qeydiyyatına götürülüb.
Həkim bildirib ki, Lerikdə respublika səviyyəsində uşaq ölümü iki dəfə aşağıdır: “ Son 5 ildə ana ölümü baş verməyib”.
Həkimin dediklərinə görə, əslində iqlim və sağlam qidalanma ilə bağlı olaraq Lerikdə əhalinin əksəriyyəti sağlamdır, amma burda da ürək-damar xəstəlikləri birinci yer tutur.
Media tur çərçivəsində Astara Mərkəzi Rayon Xəstəxanasına baş çəkən media nümayəndələrinə baş həkim Əlövsət Əliyev bildirib ki, Astara rayonunda əhaliyə tibbi xidmətin ən müasir tələblər səviyyəsində təşkilinə nail olmaq üçün zəruri addımlar atılıb.
Baş həkimin sözlərinə görə, artıq bir neçə ildir ki, Mərkəzi Xəstəxananın həkim və tibb işçilərindən ibarət səyyar briqadalar rayonun ən ucqar dağlıq ərazisində yerləşən kəndlərdə yerli əhalinin yüksək səviyyədə tibbi müayinə və müalicəsini aparır: “Xəstəxanada 8 şöbə fəaliyyət göstərir. Şöbələrə qəbul, cərrahiyə, ginekologiya, hemodializ, infeksion, təcili yardım, rentgenologiya və terapiya şöbələri daxildir. Ay ərzində xəstəxanaya 250-300 xəstə müraciət edir. Mərkəzi xəstəxanada 131 çarpayı mövcuddur. 15 çarpayılıq 4 kənd xəstəxanası var. Bundan başqa rayonumuzda 11 tibb məntəqəsi var ki kəndlərdə müvafiq olaraq rayon əhalisinə xidmət edir. Xəstəxanada müasir tələblərə cavab verən hemodializ şöbəsində 17 xroniki böyrək çatışmazlığı olan xəstələr həftə ərazində üç seans olmaqla hemodializ alır və bütün dərmanlar dövlət tərəfindən təchiz olunur”.
Ə.Əliyev qeyd edib ki, xəstəxanada 136 həkim ştatı olsa da, hazırda 91 həkim çalışır: Ümumilikdə 45 həkim çatmır. Əsasən onkoloq, nefroloq, uroloq ixtisasları üzrə həkimlər çatışmır. Mərkəzi xəstəxanada kardioqramma aparatı, kardiotestrlər və exokardioqramma aparatları çatmır ki, onların da alınması istiqamətində işlər aparılır.
Baş həkimin sözlərinə görə, cənub bölgəsində uşaq ölümlərinin sayı 2-3 dəfə aşağı səviyyədədir, ana ölümləri isə son illər aparılan uğurlu siyasət nəticəsində azalıb.
Regionda narkomaniyanın kökünü kəsmək istiqamətində işlər gedir, QİÇS-ə yoluxma halları qeydə alınır və onlar qeydiyyata götürülərək müalicəyə yönləndirilirlər.
əkim bildirib ki, Astara İranla sərhəd bölgə olduğundan əvvəl sakinlərin çoxu İrana müalicəyə getmək üçün müraciət edirdilər, amma artıq getmələrinə ehtiyac olmadığından artım da yoxdur.
Qeyd edək ki, Astara bölgəsinin sakinləri üçün əsasən ürək, qan-damar, böyrək, revmatizma xəstəlikləri xarakterikdir.