Qərbi Kaspi Universitetində gənclərin və məktəblilərin Yay Mühəndislik Forumu –<span style="color:red;"> FOTOLAR
13 iyul 2018 17:40 (UTC +04:00)

Qərbi Kaspi Universitetində gənclərin və məktəblilərin Yay Mühəndislik Forumu – FOTOLAR

Qərbi Kaspi Universitetində gənclərin və məktəblilərin Yay Mühəndislik Forumu keçirilib.

 

Lent.az-ın verdiyi xəbərə görə, Qərbi Kaspi Universiteti müasir əmək bazarında daha çox tələb olunan mühəndislik ixtisaslarına məktəblilər arasında marağın artırılması, bu sahənin təbliği məqsədi ilə silsilə tədbirlər, layihələr həyata keçirir. Bu gün keçirilən Gənclərin və məktəblilərin Yay Mühəndislik Forumunun da həmin tədbirlərin davamı olduğu vurğulanıb.

 

Forumda məlumat verilib ki, tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır. Universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də Texnopark fəaliyyət göstərir.

 

Texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər.

 

Texnopark orta məktəb şagirdlərini müntəzəm olaraq müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir və onlarda mühəndislik sahələrinə olan marağı artırmaq, eləcə də bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün tədbirlər həyata keçirir.

 

Qərbi Kaspi Universitetinin texnoparkının direktoru Kamran İmaməliyev deyib ki, onun rəhbərlik etdiyi qrup tez-tez rayonlara, bölgələrə gedir. Robototexnika, mühəndislik barədə təlimlər keçirlər:

 

“Orada bizə öz maraqlı ideyaları ilə yaxınlaşan məktəblilər, gənclər, hətta orta təhsilli adamlar öz layihələrini təqdim edirlər. Əyalətlərdə hər məktəbdə bir-iki nəfər öz ixtiraları ilə bizə yaxınlaşıb. Onların içərisində sadə adamlar da, müəllim və şagirdlər də vardı. Layihələrini təqdim edirdilər. Eləsi var idi ki, helikopter hazırlamaq istədiyini bizə bildirirdi. Layiəsi ilə tanış olurduq. Avtomobilinin mühərrikini söküb, helikopteri necə düzəldəcəyini izah edirdi”.

 

Kamran İmaməliyev bölgələrdəki məktəblilərin, hətta sadə kəndlilərin də onlara öz ideyaları, kəşfləri ilə yaxınlaşdıqlarını söylədi. Hətta bir neçə ixtira barəsində Qərbi Kaspi Universitetinə gələn məktəblilərə də danışdı:

 

“Şəkidə bir nəfər öz “VAZ” markalı avtomobillini “ağıllı” eləmişdi. Telefonu ilə avtomobilini işə sala bilirdi. Bunun üçün maraqlı bir sistem qurmuşdu. Hətta şüşənin bağlanıb-açılmasını da telefonu vasitəsi ilə hərəkətə keçirirdi. Şəmkirdə bir nəfər vardı, hansısa qazların qarışığından öz avtomobilinin salonunu soyuda bilirdi. Biz onun layihəsinə baxdıq. Gördük ki, insan sağlamlığı üçün zərərlidir. Dedik ki, tez-tez pəncərələri açıb bağlasın ki, zəhərlənmə olmasın. Həmin layihəni götürüb daha da təkmilləşdirmək olar. Bizim həmin layihələri maliyyələşdirmək üçün imkanımız olmasa da, həmin şəxsləri universitetimizə dəvət etdik. Dedik ki, ən azından bizdə avadanlıqlar var. Gəlib laboratoriyamızda həmin layihələrini həyata keçirə bilərlər. Çünki Qərbi Kaspi Universitetinin laboratoriyasında həm robototexnika, həm də mexanika baxımından imkanlar zəngindir. Avadanlıqlarımız var”.

 

Forumda Mühəndislik ixtisasları barədə məlumatlar verilib, peşəkar mühəndislərin sənayenin, iqtisadiyyatın inkişafındakı rolu şərh edilib.

 

Daha sonra universitet tərəfindən bu günlərdə təşkil olunmuş Məktəblilərin LEGO və robototexnika olimpiadasının qalibləri mükafatlandırılıb.

 

Sonda məktəblilər Qərbi Kaspi Universitetinin unikal avadanlıqlarla təchiz olunmuş laboratoriya və mərkəzləri ilə tanış olublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305
avatar

Tural TURAN

Oxşar yazılar