Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ovçular və Balıqçılar Cəmiyyəti”nə ölkədə quş ovuna qoyulmuş qadağanın əleyhinə pozucu kampaniya aparmaq, saxta ovçuluq vəsiqələri satmaq kimi ittihamlarının ardınca iki qeyri-hökumət təşkilatı da Cəmiyyəti qanunları pozmaqda və saxta təbliğat aparmaqda günahlandırıb.
Heyvanların Mühafizə Cəmiyyətinin sədri Azər Qarayev Lent.az-a göndərdiyi açılamada “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin “Ovçuluq haqqında” qanunun müddəalarına əməl etmədiyini və guya ovçuların maraqlarını müdafiə etmək adıyla itaətsizliyə çağıran saxta təbliğatla məşğul olduğunu bildirib.
Onun sözlərinə görə, adıçəkilən ictimai birliyin rəhbərliyi ölkə prezidentinin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının quş ovuna qoyulmuş qadağa ilə bağlı qərarına məhəl qoymur. Əksinə, öz maliyyə maraqları naminə pozucu kampaniyalar təşkil edir.
"İndiyədək saxta ovçuluq biletləri satmaqla, adamlardan üzvlük haqqı yığmaqla özünə maddiyat quran Cəmiyyət rəhbərliyi qanunlara tabe olması ilə gəlirlərinin yoxa çıxacağını anlayır. Bilir ki, “Azərovçu”nun qanunla bu sahədə heç bir səlahiyyətinin olmadığını başa düşən cəmiyyət üzvləri verdiklərinin müqabilində artıq ondan hesab sormağa başlayacaq. Ona görə də “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin rəhbəri vaxtaşırı gündəmə gəlir, itaətsizliyə çağıran bəyanatlar verərək dövlət orqanlarına qarşı qarayaxma kampaniyası aparır. Hesab edirəm ki, elmi-metodiki təhlillərdən, ölkə ərazisində biomüxtəlifliyin inkişaf dinamikasından xəbərdar olmadan təhrikedici bəyanatlar yaymaqla bu qurumun rəhbəri həm Azərbaycan vətəndaşlarının sağlamlıq təhlükəsizliyinə, həm də Azərbaycan təbiətinin nadir faunasına açıq-açığına təhdid yaradır. Mən və artıq ictimaiyyət də başa düşür ki, istirahət, əyləncə adıyla, insanlarımızın sağlamlığı, hətta nəsli tükənməkdə olan quş növləri bahasına belə pozucu kampaniya aparanlar yalnız öz şəxsi maraqlarının təmin olunması məqsədini güdürlər”.
A. Qarayev deyib ki, “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin rəhbərliyi neçə müddətdir Azərbaycan faunası üzərindəki təhlükəni heç bir qanuna məhəl qoymadan daha da təhlükəli həddə çatdırır: “AMEA Zoologiya İnstitutunda "Xəzər dənizinin Azərbaycan sahillərində nadir, nəsli kəsilməkdə olan quşların müasir vəziyyətinin öyrənilməsi və qorunmasının elmi əsaslarının hazırlanması" mövzusunda alimlərin apardığı tədqiqatlar da bunu bir daha sübut edir. Belə ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, Xəzər dənizinin Azərbaycan sahillərində Qara leylək, Qafqaz və Talış qırqovullarının nəsli kəsilmək üzrədir, 23 növ isə antropogen təsir səbəbindən azalıb və təhlükəyə yaxındır. Onsuz da təbiətimiz unikal və həssasdır. Ona görə də bu gözəl və nadir təbiət incilərini 20 minlik ovçu ordusunun şəxsi ambisiyalarına qurban vermək olmaz. Düşünürəm ki, ovçuların “istirahət”, “əyləncə” kimi bəhanələrlə faunamıza vurduqları ziyanın qarşısının alınması üçün daha ciddi tədbirlər görülməlidir”.
Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov da “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin rəhbərini qanunsuz hərəkətlərinə görə haqsız sayıb. “Bildiyimə görə, 2004-cü ildə qəbul olunan “Ovçuluq haqqında” qanunda Azərbaycan ərazisində ovçuluğun təşkili, ovçuluq fəaliyyətinin tənzimlənməsi və ovçuluq təsərrüfatlarının idarə olunması kimi mühüm məsələlər öz əksini tapıb. “Azərovçu”nun rəhbərliyi əslində bu qanundakı müddəalara əsaslanaraq ölkədə faunanın qorunmasına dəstək vermək əvəzinə, səlahiyyətlərini aşaraq qanunsuz fəaliyyətlə məşğul olur. Məncə, ovçuluqla bağlı dövlətin müəyyən etdiyi siyasətin əleyhinə çıxmaq ciddi qanunsuzluqdur və bu cür hərəkətlərə yol verən şəxslər qanun qarşısında cavab verməlidirlər. Bu qurum vətəndaşlara qanunsuz üzvlük biletləri satmaqla da məşğuldur. Əslində isə “Ovçuluq haqqında” qanuna görə, vətəndaşlar ovçuluq bileti almaq üçün imtahan verməli, lazımi biliklərə yiyələnmək üçün seminar-treninq keçməli, daha sonra bilet almalıdırlar. “Azərovçu”da isə bu şərtlərin heç birinə əməl olunmur. Cəmiyyət saxta müfəttiş sənədi verib ovçuları guya qanunsuz ov edənin üstünə göndərir. Bu addımların hamısı “Azərovçu”nun qanunlara tabe olmamasından irəli gəlir. Belə halların qarşısı mütləq alınmalıdır”.