Avropa oyunlarına doğru
10 fevral 2014 14:25 (UTC +04:00)

Avropa oyunlarına doğru

Olimpiya oyunlarının vətəni hesab olunan Avropa qitəsində birinci dəfədir ki baş tutacaq Avropa oyunlarının məhz Azərbaycanda keçirilməsi ölkəmizin imza atdığı dünyəvi əhəmiyyətli nailiyyətlərdəndir. Təbii ki, bu nailiyyətin əldə olunmasına təsir edən başlıca amil Azərbaycanın beynəlxalq miqyasda qazandığı uğur, tutduğu yeri ilə bağlıdır. Belə ki, müstəqillik əldə etdikdən sonra səmərəli və məqsədyönlü xarici siyasət kursunun həyata keçirilməsi, Azərbaycan Respublikasının xarici siyasətində ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi dünya dövlətlərinin Azərbaycana olan etimadının yüksəldilməsi ilə nəticələnmişdir.

Eyni zamanda Azərbaycanda oyunların keçirilməsi üçün çox yüksək səviyyədə yaradılmış idman infrastrukturu Azərbaycan Respublikasının davamlı iqtisadi inkişafının nəticəsidir. Uzun müddətdir ki, Bakı şəhərində aparılan yenidənqurma işlərinin yekunu olaraq tarixilik və müasirliyin vəhdətinə dayanan paytaxtımız dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Müasir Azərbaycan bir çox beynəlxalq tədbirlərə, konfranslara, istər idman, istərsə də digər yönümlü dünya və  Avropa çempionatlarına ev sahibliyi etməklə çoxşaxəli inkişafını sübut etmişdir.

Azərbaycan dünyada idman dövləti kimi tanınır və bunun da əsasında, təbii ki, həm Avropa, dünya çempionatlarında, həm də olimpiya oyunlarında əldə olunan yüksək nailiyyətlər dayanır. Bütün bu amillər ilk Avropa oyunlarının Bakıda keçirilməsinə müsbət təsir göstərən amillərdəndir.

Təsadüfi deyildir ki, ölkə başçısının Soçi qış Olimpiya oyunlarında iştirakı, Rusiyaya işgüzar səfəri müəyyən təcrübi reallıqların toplanmasına, həmçinin Azərbaycanda baş tutacaq oyunların hazırlıq mərhələsində gözləntilərin doğrulmasına xidmət edən bir addım kimi də qiymətləndirilməlidir. Bütün bu perspektiv addımlar deməyə imkan verir ki,  2015-ci il oyunları istər təşkilati, istər struktur, istərsə də regional baxımdan yaddaqalan olacaq, Azərbaycan belə bir etimadı doğruldacağını sübut edəcəkdir.

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560
avatar

Oxşar yazılar