“Keçilən yol on ildən böyükdür”
“Mən Şuşanı dərk etməyə başlayanda itirmişəm”
“Öz işimə qiymət vermək düzgün olmaz. Kənardan verilən qiymətlər daha obyektivdir. APA-nın gördüyü iş hər kəsin gözü qarşısındadır. Hamı APA-nın nə işlə məşğul olduğunu bilir. Bizim heç bir gizli işimiz yoxdur. APA-nın on il ərzində keçdiyi yol Azərbaycan mediasının bu illər ərzində gəldiyi yolun bir hissəsidir”. Bu fikirləri APA TV-də efirə gedən “Üç dama” proqramının qonağı, APA İnformasiya Agentliyinin baş direktoru, “APA Holding”in Direktorlar Şurasının sədri Nurşən Quliyev deyib.
Onun fikrincə, APA-nın fəaliyyətə başlaması Azərbaycan mətbuatının yeni mərhələyə keçidi olub: “APA-nın bu illərdə gördüyü iş on ilə sığmır. Dəqiq olanı budur ki, qarşımıza qoyduğumuz məqsədlərdən daha artığına nail olmuşuq. Dayanmaq niyyətimiz də yoxdur. On il əvvəlki APA ilə bugünkü APA-nı müqayisə edəndə doğurdan da söyləmək olar ki, keçilən yol on ildən böyükdür”.
Nurşən Quliyev hesab edir ki, bir jurnalist üçün əsas məsələ müxbirlik mərhələsidir: “Qəzet, agentlik, radio, televiziya, fərqi yoxdur, harada çalışırsan, çalış, öncə yaxşı müxbir olmaq lazımdır. Cəmi iki-üç il müxbir kimi çalışmışam. O illərin çox əziz xatirələri var. O vaxtlar mətbuatın vəziyyəti başqa idi. Ehtiyaclar vardı. Texniki təchizatda ciddi problemlər olurdu. Redaksiyalarda internet belə tapılmırdı. Bir internet olardı, o da ya baş redaktorun otağında, ya da dizaynerin. Ancaq məlumatları qəbul eləmək, saytlara baxmaq, xarici agentlikləri izləməyə icazə verirdilər. İndi hər kəsin kompüteri, fərdi qaydada şəbəkəyə qoşulma imkanı var. O zamanlar bu, xəyal idi”.
Nurşən Quliyev qazandığı təcrübədən öz əməkdaşlarına münasibətdə istifadə etdiyini deyir: “Çalışıram özümü onların yerinə qoyum. Mənə xaraktercə bir az sərt adam demək olar. Bu, tələbkarlıqdan irəli gəlir. Məsuliyyətsizliyi sevmirəm. Bu, mənim üçün insanın ən böyük qüsurlardan biridir. İşi yola vermək, işi yerinə yetirməyib müxtəlif bəhanələr gətirmək - bunları sevmirəm. Ətrafımdakı insanlar bunu bilir. İşlə bağlı olan məsələlərdə sərtəm. Amma ümumilikdə götürəndə o qədər də sərt adam demək olmaz. Qısası çalışıram ki, hər kəslə öz dilində danışım. Və deyəsən bu məndə əksər vaxtlarda alınır”.
Qonaq hesab edir ki, redaktorlar həmişə kölgədə qalırlar: “Əsas imzalar müxbirlərin olur. Amma müxbir yazılarının oxucuya təqdim edilən variantının üstündə redaktorun da böyük haqqı var. Müxbir kimi, çalışanda daha populyar idim. Daha çox yazırdım. Yazılarıma görə daha çox zəng gəlirdi. Daha çox hədələnirdim, məhkəməyə verilirdim. Amma indi belə deyil. Redaktorsan və bir az kölgədəsən. Mənim də payıma düşüb kölgədə qalmaq. Amma işimdən məmnunam. Yubileydən yubileyə verilişlərə dəvət edir, müsahibələr götürürlər. Mən deməsəm də, harada olduğumu bilirlər. Mənim təqdimatım APA-dır. APA da gördüyüm işdir”.
Nurşən Quliyev hərdən müxbirlik üçün darıxdığını söyləyir: “Hərdən az qalıram əməkdaşları kənara çəkib tapşırıq dalınca özüm gedim. Hərdən belə etmişəm də... Həyatdır, taledir, bilmək olmaz, mən nə vaxtsa buradan işdən uzaqlaşası olsam, kimdənsə müxbirlik təklifi alsam, işləməkdən çəkinmərəm”.
Qonaq APA-nın yaranmasının ilk dövrlərinə dair xatirələrini bölüşüb: “2004-cü ildə biz fəaliyyətə başlayanda Azərbaycanda xəbər agentlikləri var idi. Amma onlar sırf xəbər agentlikləri idilər. Yəni varlıqları ancaq qəzetlərdə verilən xəbərlərdən bilinirdi. Bir də ixtisaslaşmış analitik agentliklər var idi. Onlar mətbuatla işləmirdilər. O üzdən biz Vüsalə Mahirqızı ilə yeni agentlik layihəsini hazırlayanda bütün istiqamətləri düşünürdük. Seçilən və fərqlənən agentlik olmaq istəyirdik. Birinci hədəf bu idi - yazıları, xəbərləri təmiz Azərbaycan dilində təqdim eləməliyik. Demirəm ki, o biri agentliklər bunu etmirdilər, amma onların dili mətbuata yaxın deyildi. Biz daha anlaşılan, rahat və qəzet dilinə yaxın üslub düşünürdük. İkinci məsələ bu idi ki, biz bütün sahələri əhatə edək. O zaman agentliklər daha çox siyasətdən yazırdı. Biz hər şeydən yazmağı planladıq. Siyasət, idman, mədəniyyət, hətta şou xəbərləri. İstədik hamı lazım olanı APA-da tapsın. Biz bunu elədik də. Və sonra bizim APA-nın tərkibində bölmə kimi düşündüyümüz hissələrdən ayrı saytlar yarandı - APA Sport, APA Ekonomiks və sair”.
Şou-beznesə nə özünün, nə də Vüsalə Mahirqızının marağı olmadığını vurğulayan həmsöhbətimiz deyir ki, bu səbəbdən daha çox ciddi xəbərə analitikaya üstünlük veriblər: “Buna uğurlu bir menecerlik də demək olar. Biz xəbər bazarındakı boşluğu düz tuta bilmişdik. Sonrakı illərdə qazandığımız uğurlar bunu dəqiq göstərdi”.
Mətbuatın bugünkü durumuna gəlincə, Nurşən Quliyev deyir ki, vəziyyəti qənaətbəxş saymır: “Mətbuat ciddilikdən uzaqlaşmağa başlayıb. Hamı özünə media, mətbuat, agentlik deyir. Amma əksəriyyətin də yazdığı dedi-qodu və dəqiqləşdirilməmiş məlumatlardır. Acınacaqlısı odur ki, sonra da eyni məsələ haqda məlumatın doğru olmadığını elə özləri yazır və bundan çəkinmir, məsuliyyət hiss etmirlər. Hər bir işə görə insan lap elə öz vicdanı qarşısında hesabat verməlidir. Onlar bunu da etmirlər. Bir sözlə, mətbuat çox qarışıb”.
Nurşən Quliyev bundan sonra yaradılacaq hər hansı informasiya agentliyinin o qədər böyük uğur qazanacağına inanmır. Deyir ki, ən azı ona görə ki, indi APA var.
APA-da həmişə populyar imzaların çalışması məsələsinə gəlincə qonaq belə düşünür: “Heç vaxt kiminsə məndən yaxşı ola bilməsinə görə kompleksim olmayıb. İşçinin mənə, mənim işçiyə münasibətimdə istədiyim yeganə şey budur: Hər kəs öz işi ilə məşğul olmalıdır. Peşəkarsansa, yaxşı yazırsansa, sən yazmalısan. Mənim də vəzifəm odur ki, yaxşı yazılmış yazıya qiymət verim, oxucuya çatdırım. Əslində APA yarananda hədəf həm də ulduzlar yetişdirmək idi. Biz özünü APA-da görmək istəyən hər kəsə imkan yaratdıq. Siz də mənimlə razılaşarsınız ki, bir çox tanınmayan imzalar APA-da işə qəbul olunub və sonradan daha yaxşı yerlərə gediblər. Bura həm də bir məktəbdir. Ancaq bu məktəbin nankor tələbələri də olub. Bax, bu, adamı ağrıdır. Özünün, şirkətin elədikləri qarşılığında nankorluq görürsən. Amma həyatdır, hər şey baş verir. O üzdən belə şeylər adamı ağrıtsa da, sonra keçir”.
Nurşən Quliyev Vüsalə Mahirqızı ilə APA qurulmadan öncə də yaxşı dost olduqlarını deyib: “Müxbir kimi bir yerdə də çalışmışıq, sonra ayrı-ayrı yerlərdə də fəaliyyətimiz olub. Amma münasibətlərimizin kökündə həmişə yaxşı dostluq dayanıb. APA o dostluqdan yaranıb. Biz Vüsalə xanımla aramızda olan dostluq münasibətlərini kollektivə transfer etdik. Yuxarıdan aşağı belə qurmağa çalışdıq. Buna uşaqlar da alışdı. Məsələn, Vüqar Hüseynovla yaxın dostuq, əvvəldən də yaxın dost olmuşuq. Məhbubə Qasımbəyli, Cavid Cabbaroğlu, Şahin Cəfərli ilə həm də dost olduq, dostuq. Bizə yeni redaktor gələndə də o ayrı-seçkiliyə yol vermədik. Bu, kənardan pis görünərdi. Bura gələn adam elə bil bizim evimizə gəlib. Və biz evimizin qapısını ona açmışıqsa, demək o da bizim ailənin üzvüdür. Başqa yerdə işləyib gələn adamlar burada mühiti görüb təəccüblənirlər ki, APA-da iş və şərtlər fərqlidir. Dostluq öz yerində, amma nə olursa-olsun, mən nizam-intizam tərəfdarıyam. İnsanlar bir-birinə münasibətindən sui-istifadə etməməlidir”.
“Zirvəyə qalxmaq asandır, amma o zirvədə mövqeyini qoruyub saxlamaq çətindir. Biz on ildir bu yolu qalxırıq. On il çalışmaq, on il yol gəlməkdir, on il yuxusuz gecələrdir, bir xəbərin üstündə dəfələrlə işləməkdir, itirilən səhhətdir, kimlərinsə təzyiqinə dözməkdir. Və o qədər də asan iş deyil. Amma görün on il deyəndə nə qədər asan və rahat səslənir” - deyə Nurşən Quliyev bildirir.
Əslən şuşalı olan Nurşən Quliyevin yolu həm də Qarabağ döyüşlərindən keçib. Amma o bu barədə danışmaq istəmir: “Anlamıram, insanlar niyə döyüş xatirələrini yazırlar? Hansı qələbənin xatirəsini danışırıq? Biz uduzmuşuq. O müharibənin xatirələrini, onu udandan sonra danışmaq olar. 14 yaşından o hadisələrin içindəyəm. 18 yaşım tamam olmamışdı, universitetdən möhlət götürüb getdim döyüşməyə. 1992-ci il idi cəbhəyə gedəndə. Çox şey danışa bilərəm. İştirak etdiyim uğurlu əməliyyatlar da olub, düşmən mühasirəsinə də düşmüşəm. Bunları yaza da, danışa da bilərəm. Amma istəmirəm. İndiyə kimi yadımdadır, Bakıda bir zabit dostum var idi. O mənə dedi ki, evə getmək haqda əmriniz çıxıb. Mən cavab verdim ki, bu xəbərə sevinmədim. Dedi niyə? Əslində mən sevinməli idim. 4 ildən sonra əsgərliyi baş vurub evə dönürdüm. O sevinməməyimə təəccüblənmişdi. Cavab verdim ki, mən bura gələndə məqsədim vardı, o məqsədə nail ola bilmədən dönürəm, ona görə sevinmirəm”.
Onun Şuşada olanda da, elə indi də ən maraqlı əyləncəsi futbol oynamaqdır: “Yaxşı uşaqlığım olub. Amma on dörd yaşına qədər oldu bu yaxşı anlar. Ondan sonra yaddaşımda ancaq müharibə xatirələri qalıb. İndi də on dörd yaşına qədər olan uşaqlıq xatirələrimi yaxşı xatırlaya bilmirəm. Çünki hamısını müharibə özündə gizlətdi. Şuşanın özündə yox, kəndində yaşayırdıq. Kənd uşaqları az gedirdi şəhərə. Amma mən orada gəziləsi bütün yerlərdə olmuşam. Sonra kitablardan oxudum Şuşanı. Həmişə bir düşüncəm olub, Şuşa çox qeyri-adi yerdir. Uşaq ağlımla mən Şuşanı tanıya bilməmişdim. Görmüşdüm, amma dərk eləməmişdim. Şuşa haqda çox möhtəşəm fikirlər var. “Qarabağın baş tacı”, “Azərbaycanın konservatoriyası” deyirlər Şuşaya. Amma heç biri dəqiq ifadə deyil. Mən Şuşanı dərk etməyə başlayanda itirmişəm. O üzdən nə qədər möhtəşəm fikir söylənsə də, dəqiq bilirəm ki, hələ dəqiqi təsəvvür yarada biləcək qədər söylənməyib”.
Özü ilə bağlı baş verə biləcək ən təhlükəli hadisədən belə qorxmadığını deyən həmsöhbətimizin ən böyük qorxusu övladlarına görədir: “Özüm çox çılğınlıqlar etmişəm. Evdəkilərin sözünə qulaq asmırdım. Qaçıb səngərə gedirdim. Bir dəfə Bakıdan müharibə gedən kəndimizə məktub qoyub qaçmışdım. Səhər durmuşdular ki, yoxam. İndi düşünürəm ki, bir gün mənim övladım bunu eləsə, necə qarşılayaram? O üzdən içimdəki ən böyük qorxu övladlarıma görədir. Ondan böyük qorxu təsəvvür eləmirəm. Ata-ana da var, düzdür, amma övlad qorxusu çox dəhşətlidir. Hətta təsəvvür edəndə belə qorxulu gəlir. Hər itkidən ağırdır. Mən o zaman qaçıb gedəndə ata-anama deyirdim ki, siz məni başa düşmürsünüz. Əslində anlamırdım ki, onlar övladlarına, yəni mənə görə qorxurlar. İndi görürəm ki, gerçəkdən böyük qorxudur. O qədər böyükdür ki, hətta o qorxu yarananda övladını anlamaq da istəmirsən. Belə çıxır ki, əslində mən onları başa düşməmişəm”.
Nurşən Quliyev cəbhəyə könüllü getdiyini deyib: “Hərbi komissarlığa ərizə verib könüllü cəbhəyə getmək istəyimi bildirmişdim. Cəbhəyə getmək barədə bildirişi evə gətirəndə soruşdular ki, necə olub bunu sənə veriblər. Aldatdım valideynlərimi, dedim ki, evə gələndə yolda poçtalyonla qarşılaşdım, ünvanı soruşdu, dedim bizim evdir, o da istəmədi yuxarı qalxsın, verdi mənə. Təbii ki, atam inanmadı. Səhəri atamla birgə getdik komissarlığa. Atam bir az da sərt şəkildə dedi ki, niyə göndərilib bu bildiriş? Hərbi komissar dedi ki, o özü könüllü müraciət edib. Və açıq təklif elədi ki, sən ərizəni cır, biz də bildirişi. Çünki o zaman Şuşa artıq işğal olunmuşdu. Bizim sənədlərimiz orada qalmışdı. Əslində məni heç axtaran da yox idi. Mən özüm israr elədim. Anam çox pis olmuşdu. Mənə dedi ki, sən məni qoyub gedirsən, məni heç sevmirsən. Uzun mübahisələr oldu. Mən dedim ki, hamınızı sevirəm, amma Vətəni hamıdan çox sevirəm”.
Öz övladlarına gəlincə Nurşən Quliyev deyir ki, vaxt azlığı səbəbilə evdə uşaqlarla çox ünsiyyət saxlaya bilmir: “Həm də düşünürəm ki, təlim-tərbiyə ilə anaları məşğul olsa yaxşıdır. Qızım yaxşıdır, sözə qulaq asır. Heç bir şikayət yoxdur haqqında. Amma oğlan yox. Axır vaxtlar çox şikayətlər çatır qulağıma. Dördüncü sinfə gedir. Dərsləri də, dəcəlliyi də hamını qatıb bir-birinə. Axırda xəbərdarlıq etmişəm özünə ki, sənin işlərinə qarışacağam bundan sonra”.
Nurşən Quliyev: “APA dostluqdan yaranıb”
561