Mübariz Qurbanlı: <span style="color:red;">"Heç kim bahalı məzar daşı qoya bilməyəcək"
30 sentyabr 2014 11:03 (UTC +04:00)

Mübariz Qurbanlı: "Heç kim bahalı məzar daşı qoya bilməyəcək"

 
 
"Qəbir daşları məsələsi olduqca acınacaqlıdır. Bəzən elə hallar olur ki, qəbir daşlarının qiyməti bir neçə min manatla ölçülür". Lent.az-ın məlumatına görə, bunu “Azərbaycan” qəzetinə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
 
O qeyd edib ki, bu ənənə son 50-60 ildə meydana gəlib. "Günümüzdə istənilən qəbiristana gedib bunun şahidi olmaq mümkündür. İlahiyyatçılarımız da yəqin bu fikri təsdiq edərlər ki, İslam dininə görə, müəyyən dövr keçdikdən sonra qəbir yerləri itməlidir. Amma bu tendensiya davam edərsə, Abşeron yarımadası bir müddətdən sonra bütünlükdə məzarlığı xatırladacaq, qəbiristanlıqlar isə özü-özlüyündə panteona çevriləcək".
 
 
M. Qurbanlının sözlərinə görə, Azərbaycanda qəbir daşları ilə bağlı nizam-intizam yaradılmasına ciddi ehtiyac var. "Bahalı qəbir daşları ilə əlaqədar məsələnin qanunla, yaxud qaydalar formasında tənzimlənməsi zəruriləşib. Bu, təkcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işi deyil, problem müvafiq dövlət qurumları ilə yanaşı, ictimaiyyətin də yaxından yardımı ilə həll olunmalıdır. İstənilən sivil ölkədə qəbiristanlıqlarla bağlı məsələlər konkret müəyyən edilmiş qaydalarla tənzimlənir. Məsələn, qəbirlərin düzülüşü, onların ölçüləri konkret qaydalar əsasında aparılır. Bu qaydalara əsasən, qəbirlər bir-birindən kəskin fərqlənməməlidir".
 
 
Komitə sədri vurğulayıb ki, hazırda belə layihə üzərində iş gedir. "Qəbiristanlıqların yaradılması, onların idarə olunması, dəfn və məzarların qeydiyyatı məsələləri, eləcə də qəbir daşlarının eyni ölçüdə və formada hazırlanması qaydalarla tənzimlənməlidir. Belə olan halda heç kim bahalı məzar daşları, heykəllər qoya bilməyəcək. Qəbir daşları vəfat etmiş insanın sosial statusunu, varlı, yaxud kasıb olmasını müəyyənləşdirən meyara çevrilməməlidir. Bütün məzarlar standart ölçüdə olmalıdır. Heç kəs qəbiristanlıqlarda əlavə yerləri hasara alıb zəbt etməməlidir. Məzar yerləri sıra şəklində qeydiyyat nömrələrinin ardıcıllığına uyğun olaraq ayrılmalıdır. Düşünürəm ki, bu qanun qəbul ediləndən sonra biz məsələni nizamlaya bilərik. Lakin qanunların geriyə tətbiqi mümkün olmadığına görə, bu qaydalar yalnız yeni salınan məzarlıqlara və yaxud mövcud qəbiristanlardakı boş yerlərə şamil oluna biləcək".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1846

Oxşar yazılar