Milyard yarım insana hökm edən “cırtdan”: Burada uşaq doğmaq yasaqdır! <span style="color:red;">SƏFƏR QEYDLƏRİ
30 sentyabr 2014 15:56 (UTC +04:00)

Milyard yarım insana hökm edən “cırtdan”: Burada uşaq doğmaq yasaqdır! SƏFƏR QEYDLƏRİ

 (Bu yazı Avropa Azərbaycan cəmiyyətinin dəstəyi ilə hazırlanıb) 

 

85 il əvvəl, Roma şəhərinin Monte-Vatikano adlanan ərazisində, vur-tut 44 hektarlıq bir ərazidə dünyanın siyasi xəritəsinə yeni dövlət əlavə olundu. “Lateran” adlanan sazişlə Romanın daxilində anklav dövlət yarandı. İndi dünya əhalisinin 1 milyard 500 mini bu cırtdan dövlətin hökmü ilə idarə olunur, ona səcdə edir. Bu dövlətin əhalisi isə 700 nəfəri keçmir.

 

***

 

Hə, söhbət Vatikandan gedir. Dünyanın ən böyük dini mərkəzindən, Antarktida istisna olmaqla dünyanın bütün qitələrinə səpələnmiş katoliklərin müqəddəs məkanından…

 

Demək olar ki, bütün dövlət atributlarına malikdir Vatikan. Amma BMT-nin üzvü deyil.  Vatikanda qeydiyyatda olan daimi sakinlərin sayı 700 nəfər ola, ya olmaya. Amma bu cırtdan dövlətdə çalışan, necə deyərlər, onun idarə etməsində iştirak edənlərin sayı 2200 nəfərdən çoxdur.

 

Ordusu yoxdur, Vatikanı 120 nəfərdən ibarət İsveçrə qvardiyası qoruyur. Yeri gəlmişkən, bu qvardiya həm də polis rolunu oynayır. Cinayətkarlıq? Hə, yetərincədir. Amma gələn turist və zəvvarlar arasında daha çox müşahidə olunur. Zarafat deyil, hər il Vatikanı 20 milyona yaxın insan ziyarət edir.

 

Bu cırtdan dövlətin illik büdcəsinin təxminən 350 milyon avro olduğu bildirilir. Amma maraqlıdır ki, bu kiçik dövlətdə heç nə istehsal olunmur, heç bir dövlətlə ticarət əlaqələri yoxdur. Nə olsun, heç bilirdinizmi, İtaliyada bağlanan bütün ticari müqavilələrdə, bu və  ya digər biznes layihələrində Vatikana ianə ödənilməsini nəzərdə tutan bəndlər var? Düzdür, bu haradasa könüllüdür, amma katolik olan biri, sizcə, bundan imtina edərmi?

 

Heç bunu da bilirdinizmi ki, Vatikanın təkcə İtaliyada 40 mindən çox daşınmaz əmlakı var. 1000-dən çox məktəb, onlarla xəstəxana, otel və yüzlərlə mağaza… Vatikanın illik gəlirinin ən azı 3 milyarda çatmasına imkan verir.

 

***

 

Düzünü desəm, möhtəşəm bir aurası var buranın. Günorta olmasına baxmayaraq, minlərlə insan bu tarixi yerin ziyarətindədir. Kimi şəkil çəkdirir, kimi də kilsədə dua edib şam yandırır. Turistlər üçün bura həm də saysız-hesabsız suvenir mağazaları ilə də cəlbedicidir. Suvenirlər isə təkcə katolik və ümumilikdə, xristianlıqla bağlı deyil. Buradakı mağazalarda istənilən növ spirtli içkidən tutmuş, uşaq oyuncaqlarına qədər nə istəsən tapmaq olar. Açığı qiymətləri də münasibdir. 1 avrodan başlayaraq, müxtəlif qiymətlərə suvenirlər əldə etmək mümkündür.

 

İtaliyalıların, xüsusi ilə katoliklərin mühafizəkarlığı barədə mif isə buradakı suvenir mağazalarında, necə deyərlər, əriyib gedir. Təsəvvür edin, nəinki hansısa kardinalın, elə hazırkı və əvvəlki Papaların müxtəlif məzmunlu fotoları əks olunmuş açıqcalar, boşqablar, maqnitlər, hətta mətbəx döşlükləri belə burda heç bir senzurasız, qadağasız satılır. Bu hələ harasıdır? Mağazalarda hətta İsa peyğəmbərin özünün də əksi olan müxtəlif suvenirləri əldə etmək çətin deyil.

 

***

 

Vatikanın hər yerini sərbəst gəzməyə imkan verilir. Amma bu yerlərdən başqa: Vatikan Məxfi Arxivi və Vatikan Apostol Kitabxanası. Çünki Məxfi Arxivdə və Kitabxanada on milyonlarla sənəd saxlanılır. Bura girmək üçün az qala Papa səviyyəsində razılıq almalısan. Deyilənə görə, arxivlərdə elə sənədlər var ki, ora ümumiyyətlə heç kim buraxılmır. Hətta Papanın özü belə. Bəs kimdir ora nəzarət edən, nə sirlər var o arxivlərdə, gizli bunkerlərdə? Bax, Vatikanın sirri də bundadır...

 

 

***

 

Amma bu o demək deyil ki, adıçəkilən kitabxanada işləmək mümkün deyil. Mümkündür əlbəttə, amma əvvəlcə sən özün müəyyən etməlisən ki, səni nə maraqlandırır. Məsələn, bizi qədim, orta əsrlə Azərbaycan əlyazmaların maraqlandırırdı. Kitabxanaya hələ 1 ay əvvəldən müraciət etmişdik. Məlum olmuşdu ki, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı ayrıca kataloq yoxdur. Biz yalnız bütünlükdə Şərq, ya da İran, Osmanlı kataloqlarına müraciət etməliyik. Bunun üçün isə o kataloqlardakı sənədlərin sıra nömrələri yazılmış kitab əldə etməliyik. 35 avroya satılan bu kitabı çətinliklə də olsa, əldə etdik. Amma onminlərlə sənədin təkcə adı yazılmış kitabda Azərbaycanla bağlı sənədlərin sıra nömrəsini, kitabxanada hansı kataloqa salınmasını müəyyən etmək isə necə deyərlər, iynəylə gor qazmaq kimi çətindir. Bundan başqa bir sənədin fotosunu əldə etmək 880 avro, kitabxananın bir otağında çəkiliş aparmağın bir günü üçün isə 1000 avro ödəməlisən.

 

***

 

Düzdür, çətindir, amma bunu bacaranlar da var. Məsələn, araşdırmaçı alim Fərid Ələkbərlinin bir qədər əvvəl Vatikan Məxfi Arxivinə və Apostol Kitabxanasına uzunmüddətli ezamiyyətləri başa çatıb. O, Vatikan Məxfi Arxivlərində 700-dən çox sənəd araşdırıb və Azərbaycan tarixinə aid 85 sənəd aşkar edib. Bu sənədlərin arasında Azərbaycan hökmdarlarının (Elxani, Səfəvi, Əfşar, Qacar və başqaları) Roma Papaları ilə məxfi yazışmalarını əks etdirən məktublar var. Yeri gəlmişkən, 2014-cü il iyunun 2-də Heydər Əliyev Fondu ilə araşdırılmasına dair müqavilə imzalanıb. 2014-cü ilin martından kitabxanada olan 3 mindən artıq nüsxənin rəqəmsallaşdırılmasına başlanılıb. Bu prosesin 4 il ərzində həyata keçirilməsi nəzərdə tutulur. Bu proses başa çatandan sonra isə Azərbaycanla bağlı əlyazmalara və müxtəlif sənədlərə çıxış imkanı da rahat və asan olacaq.

 

***

 

Vatikan aeroportu, dəmiryolu və avtovağzalı olmayan yeganə dövlətdir. Və bəlkə yeganə dövlətdir ki, cəmi 600-700 nəfər əhalisi olan bir dövlətdə  50 min nüsxəlik gündəlik qəzeti - "Osservatore romano" nəşr olunur. Fotoda gördünüz toy libasında olan bu gənclərə fiikr verməyin. Vatikan dünyada yeganə dövlətdir ki, burada nikah kəsilmir. Və Vatikan dünyada yeganə dövlətdir ki, burada uşaq doğulmur…

 

Amma dünyaya hökm edə bilir... Vatikanın sirri də bundadır. Bax, beləcə, sadə...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Səbuhi Məmmədli, Roma, Vatikan

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4377
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar