Leyla Əliyeva: “Münaqişələr bir-birini qəbul etmək və anlamaq arzusunun olmamasından yaranır”
23 aprel 2014 21:38 (UTC +04:00)

Leyla Əliyeva: “Münaqişələr bir-birini qəbul etmək və anlamaq arzusunun olmamasından yaranır”

“Heydər Əliyev Fondu çoxsaylı mədəni tədbirlər, sərgilər, mühazirələr təşkil edir. Mənim sevimli layihələrimdən biri “Bakıya uçuş” sərgisidir”.  APA-nın xəbərinə görə, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT Radiosunun rus xidmətinə müsahibəsində deyib.

 

L. Əliyeva qeyd edib ki, bu sərgidə Azərbaycandan olan 21 müasir rəssam iştirak edib. Sərgi iki il bundan əvvəl Londonda start götürüb, daha sonra Paris, Roma, Vyana, Moskva və Bakıda keçirilib: “Bu sərgi müasir Azərbaycan incəsənətini ilk dəfə dünya tamaşaçılarına çatdırmağa imkan verdi”.

 

L. Əliyeva Fondun digər layihələrindən də danışıb. O bildirib ki, Fond regionda ən böyük talassemiya mərkəzi tikib, yaxın vaxtlarda bu xəstəliklə bağlı dövlət proqramı hazırlanıb: “Çox vaxt elə olur ki, Fond müəyyən layihə üzərində işə başlayır, sonra dövlət də həmin fəaliyyətə qoşulur və nəticədə dövlət proqramı yaranır. Məsələn, Fond “Yenilənən Azərbaycana yeni məktəb” proqramını başladı, bu layihə çərçivəsində təxminən 400 məktəb tikilib və ya təmir edilib. Dövlət bu proqramı davam etdirdi və Azərbaycanda 3 minə yaxın məktəb təmir edildi”.

 

L. Əliyeva qeyd edib ki, Fond Azərbaycandan başqa Türkiyə, Gürcüstan, Rumıniya, Misir, Pakistan və Rusiyanın Ulyanovsk şəhərində də məktəblər tikib.

 

L. Əliyeva radiounun sualına cavab olaraq Volqoqrad, Həştərxan vilayətlərinin həyatındakı iştirakına görə aldığı medallar barədə də danışıb: “Müqəddəs Knyagina Olqa ordeni almaq mənim üçün böyük şərəfdir. Həştərxanda iki dəfə olmuşam. Bu şəhərdə layihələrimiz çoxdur – orada park salmışıq, bir məktəb binasını rekonstruksiya etmişik. Azərbaycanla Rusiya arasında Dostluq Körpüsü açmışıq. Bu yaxınlarda Müqəddəs Mələksima knyaz Vladimirə abidə ucaltmışıq. Oradakı məbədə də qayğı göstəririk”.

 

L. Əliyeva qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmlənməsinə yönəlmiş tədbirlər daha çox keçirilməlidir: “Ölkələrimizi bir-birinə bağlayan mehriban qonşuluq münasibətləri çoxillik tarixə malikdir. Bu adi insani münasibətlər əsasında çox şey qurulur.Bir də, əlbəttə, mədəni mübadilə. Azərbaycanda rus ədəbiyyatını, rus mədəniyyətini, rus dilini yaxşı bilirlər. Azərbaycan bəlkə də yeganə MDB ölkəsidir ki, məktəblərdə rus dilinin öyrənilməsi praktiki olaraq əvvəlki həcmdə qalıb. Bizdə Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bu yaxınlarda Moskva Dövlət Universitetinin Bakı filialı açılıb. Bu həm də ona görə çox qiymətlidir ki, mənim fikrimcə, rus dili dünyada ən zəngin dillərdən biridir. Buna görə də rus dilinin qorunub saxlanması çox vacibdir”.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti qurumun HİV infeksiyası əleyhinə həyata keçirdiyi tədbirlərdən də danışıb: “Fond “Uşaq göy qurşağı” layihəsini həyata keçirib, bununla əlaqədar HİV infeksiyası barədə uşaqlar üçün mühazirələr oxunub. Bizim Fond “B” hepatiti və HİV ilə bağlı müayinələr aparan Vişnevskaya-Rostropoviç Fondunu da dəstəkləyir. QİÇS sahəsində Rusiyanın Azərbaycanlı Gənclər Birliyi çox fəal iş aparır. Fəallarımız müxtəlif universitetlərdə mühazirələr oxuyurlar, Rusiyanın müxtəlif regionlarında bu mövzuda konfranslar da təşkil etmişik. Biz hər il “Qanın milləti yoxdur” aksiyası keçiririk, həmin aksiya çərçivəsində azərbaycanlı gənclər Rusiyada təmənnasız olaraq qan verirlər. Bizim “Sağlam olmağını yəqin et, xəstəliyə “yox” de” şüarı altında layihəmiz də olub. Həmin gün hər bir insan pulsuz müayinə oluna bilər”.

 

L. Əliyeva İDEA (International Dialogue for Environmental Action) kampaniyası yaranan vaxtdan artıq üç ildir ki, ekologiya ilə məşğul olduğunu da deyib: “Bu kampaniyanın əsas məqsədi ətraf mühitin qorunmasıdır. Kampaniya regionumuzda gənclərlə işə istiqamətlənib. Biz bütün layihələrimizə kreativ yanaşmağa çalışırıq. Artıq çoxsaylı layihələr həyata keçirmişik. Azərbaycanda üç milyon ağac əkilməsi bizim əsas layihələr sırasına aid edilə bilər. Bu, ölkəmizdə üç milyon gənc yaşamasının rəmzidir”.

 

L. Əliyeva İDEA-nın digər layihələrinin də danışıb: “Daha bir layihəmiz quşlar üçün yuvalar qurulması ilə bağlıdır. Əvvəlcə Qız Qalasında - Azərbaycanın rəmzi sayılan bu abidədə quş yuvaları vardı. Qız Qalasında yenidənqurma işləri başlananda anladıq ki, quşlar salamat qala bilməyəcəklər. Buna görə də biz həmin qalanın lap qarşısında, üzərində quş yuvaları qurulmuş bir art-obyekt ucaltdıq və quşlar həmin yuvalara köçdülər. Bizim ideyalarımız çoxdur. Əsas istiqamətlərdən biri – nəsli kəsilmək təhlükəsi olan heyvanların müdafiəsidir”.

 

O bildirib ki, bu ilin may ayında pişikkimilər fəsiləsinin qorunmasına həsr edilmiş böyük konfrans keçiriləcək: “Azərbaycanda Qafqaz bəbiri yaşayır. Bu heyvanın nəslinin kəsilməsi təhlükəsi var. Çətinlik onunla bağlıdır ki, bu heyvanı böyüdüb ətraf mühitə buraxsaq, o, salamat qalmayacaq. Buna görə biz indi bütün dünyadan ekspertləri dəvət edirik ki, bu problemin həlli barədə düşünsünlər. Biz zubrun və Qafqaz bəbirinin qorunması istiqamətində Rusiyanın Vəhşi Təbiət Fondu ilə fəal iş aparırıq”.

 

L. Əliyeva İDEA layihəsi çərçivəsində universitetlərdə və məktəblərdə də ekoloji siniflər yaradıldığını bildirib: “İndi biz tələbələr üçün dərslik üzərində işləyirik”.

 

L. Əliyeva rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə açılmış Reza Deqatinin tolerantlığa həsr edilmiş sərgisindən də danışıb: “Bu sərgi çox uğurlu oldu. O, Yəhudi muzeyində və tolerantlıq mərkəzində təşkil edilmişdi. Tolerantlıq bizim üçün qürur mənbəyi deyil, bu, bizim həyat tərzimizdir, normadır, ona görə ki, burada tarixən müxtəlif xalqları, müxtəlif dinləri təmsil edən insanlar yaşayır. Bizdə atəşpərəstlik, zərdüştilik olmuşdu. Xristianlıq Azərbaycana IV əsrdə, islam VIII əsrdə gəlib, iudaizm iki min illik tarixə malikdir. Bu gün Azərbaycanda məscidlər, sinaqoqlar, kilsələr, atəşpərəst məbədləri var. Onlar hamısı bir-birinin yaxınlığında yerləşir. Bizdə müxtəlif dillərdə danışırlar. Azərbaycanda 21 qeyri-müsəlman dini icma var. Bu, çox vacib və qiymətlidir. Təəssüf ki, müasir dünyada fikir ayrılıqları, münaqişələr bəzən məhz bir-birini qəbul etmək və anlamaq arzusunun olmaması üzündən yaranır. Buna görə də hesab edirəm ki, Azərbaycan müəyyən mənada model rolu oynaya bilər. Əlbəttə, belə bir tədbirin Rusiyada keçirilməsi çox önəmli idi, ona görə ki, bizim ümumi cəhətlərimiz çoxdur, Rusiyada 100-ə yaxın müxtəlif xalqların və dinlərin nümayəndələri yaşayır, bunu qoruyub saxlamaq çox vacibdir”.

 

# 1301
avatar

Oxşar yazılar