İsgəndərin şahidi, minillərin yadigarı olan türk yurdu - TƏQDİMAT
31 iyul 2013 20:50 (UTC +04:00)

İsgəndərin şahidi, minillərin yadigarı olan türk yurdu - TƏQDİMAT

Lent.az Güney Azərbaycandakı yurdlarımız barədə yazıları davam etdirir. Bu dəfə Ərdəbil əyalətinin Xalxal mahalı haqda söz açacağıq.

 

Xalxal mahalı Ərdəbil əyalətinin güneyində yerləşir. Mahal mərkəzi Xalxal şəhəridir. Mahal şimaldan Kövsər mahalı, şərqdən Gilan əyaləti, cənubdan Zəncan əyaləti və qərbdən Miyana mahalı ilə əhatə olunub. 2754 kvadrat kilometr ərazisi olan Xalxal mahalı əyalət mərkəzi Ərdəbil şəhərindən 120 kilometr aralıda yerləşir. Dəniz səviyyəsindən 1843 metr yüksəkdə yerləşən Xalxal mahalı mülayim yaz-yay və soyuq payız-qış aylarına görə özünəməxsus iqlimə malikdir. Mahalda Qızılözən və onun qolları olan Arpaçayı, Şingava şimaldan cənuba axaraq Xəzər dənizinə tökülür. 

 

Müxtəlif dövrlərdə Xalxal mahalının inzibati ərazi bölgüsü dəyişdirildiyinə, əhalisinin, özəlliklə savadlı kəsimin başqa şəhərlərə mühacirət etməsinə görə mahal əhalisinin sayı da dəyişkən olub. 2006-cı ilin siyahıyaalmasına görə, mahalın 100 min nəfər əhalisi var. Əhalinin təxminən 54 faizi şəhərdə, qalan faizi isə kəndlərdə və köçəri halında yaşamaqdadırlar.

 

Xalxal mahalının əhalisinin tam çoxluğu etnik mənsubiyyətinə görə türklərdən ibarətdir. Mahalda danışılan dil türkcədir. 1945-46-cı illərdə Güney Azərbaycanda qurulan Milli Hökumətin başçısı, Azərbaycan Demokrat Firqəsinin rəhbəri S.C.Pişəvərinin doğulduğu Zeyvə kəndi bu mahalda yerləşir. Qeyd etmək lazimdir ki, Zeyvə kəndi xalq arasında qədim zamanlardan Fıyın kimi tanınır.

 

İnzibati ərazi bölgüsünə görə Xalxal mahalı üç bölgə, 8 kənd rayonu və 3 şəhərdən ibarətdir.

 

Mərkəzi bölgə: Mərkəzi Xalxal şəhəri. Kənd rayonları: Qərbi Xanandbel, Şərqi Xanandbel, Qərbi Səncbənd.

Xuruş Rüstəm bölgəsi: Şimali Xuruş Rüstəm, Cənubi Xuruş Rüstəm kənd rayonları. Bölgə mərkəzi Hüşeyn şəhəri.

Şahrud bğlgəsi: Palanga, Şal, Şahrud kənd rayonları. Bölgə mərkəzi Kəlur şəhəri.

 

Bir sıra tarixçilər Xalxal adını Gəncə və Şəmkir yaxınlığında, Kür çayının qırağında Alban şahlarının qış iqamətgahı olan qədim Xalxal şəhərinin adı ilə əlaqəli bilirlər. Xalxal şəhərinin adı bir sıra qədim coğrafiya və tarix kitablarında, o cümlədən Həmdulla Müstofinin “Nezhətül Qülub” əsərində Azərbaycan şəhəri kimi qeyd olunub. Onun təbiəti və məhsuldarlığı haqqında yazılıb. Eyni halda, Xalxal yerli əhali arasında Hirov kimi də tanınır. Hirov adı da Xalxalın adlarından biri kimi yazılı ədəbiyyatda mövcud olub.

 

Tarixi qaynaqlarda eradan öncə 3-cü minillikdən eradan öncə 2-ci və 3-cü yüzilliklərə qədər Alplar, İskitlər, Kuttilərin buralara köçü və məskunlaşması, habelə Assurların Xalxala hücumları və yağmalamaları ilə bağlı kifayət qədər məlumatlar mövcuddur. Bir sıra tarixçilərin qeydlərinə görə isə Xalxal və ətraf bölgələrinin əhalisinin soy kökü Kaspilərə bağlanır. Nizami Gəncəvi özünün “Şərəfnamə” əsərində Makedoniyalı İsgəndərin Şərqə hücumundan (eradan əvvəl 334-cü il) yazarkən Xalxalın adını çəkir və İsgəndərin qoşununun buradan şərqə keçdiyini qeyd edir.

 

1964-cü ildə Xalxalda tapılan və tarixdən öncəyə aid olan saxsı küzə, eradan əvvəl birinci minilliyə aid olan bıçaq və başqa bu kimi tarixi tapıntılar bu şəhərin miladdan öncə mövcud olduğuna başqa bir sübutdur.

 

Xalxalın 5 kilometrliyində Azna (Kukavan) dağının şərq ətəyində mövcud olan mağara, Xucun yolunda mövcud olan tarixi kurqanlarda bu şəhərinin qədimiliyini göstərir. Səfəvi sülaləsinin banisi Şah İsmayıl Səfəvinin Səfəvilər dövlətini qurmağa başladıqda Tarım mahalını aldıqdan sonra Xalxalda dayanaraq 1500 yeni savaşçı topladığı və buradan Ərdəbilə doğru yollandığı bildirilir.

 

Xalxal mahalı müasir dövrdə də ziyalı, mübariz insanları ilə Azərbaycan tarixində özünə məxsus yer tutur. Özəlliklə 1945-46-cı illərdə Güney Azərbaycan Milli Hökumətinin qurulmasında Pişəvəri başda olmaqla çox sayda insan mübarizə etmiş, şəhid olmuş, həbsə düşmüş və sürgünə göndərilmişdir. Milli Hökumət süquta uğradıqdan sonra Xalxal mahalından Arazın bu tayına mühacirət edən çox sayda insanlar buna nümunədir. Hazırda da Güney Azərbaycan Milli Hərəkatında Xalxal mahalından olan adlım ziyalılar az deyil. Milli-mədəni fəaliyyətlərinə görə bu il 9 il həbs cəzasına məhkum edilmiş Lətif Həsəni (Araz) bunlardan biridir.

 

Güney Azərbaycanın klassik ədəbiyyatında məşhur olan “Sələbiyyə” əsərinin müəllifi, yazıçı, hakim Məhəmməd Bağır Xalxalı da (1831-1889) Xalxal mahalının Qarabulaq kəndindəndir.

 

Xalxal mahalı özünün təbiətinə və təbii gözəlliklərinə görə hər il çoxsaylı turistləri özünə cəlb edir. Burada mövcud olan dağlar, tarixi mağaralar, abidələr, çaylar, şəlalələr və müalicəvi bulaqlar mahalı bütün ölkədə ən məşhur yerlərdən birinə çevirib.

 

Bunlardan bir neçəsini qeyd edirik: Ağdağ dağı, Qızılözən çayı, Bildir bulağı, Əsalim-Xalxal gədikləri, Xucun kəndinin Aznav bulağı, Naragar şəlaləsi, Yaxakan mağarası, Alhaşım tarixi kəndi, ellər bağı, Sardul yaylaqları, İstisu, Qaraquşqayası şəlaləsi, Qırxbulaq, tarixi Kulu kəndi və s.

 

Xalxal mahalında mövcud olan əl işləri: şal toxumaq, yun və ipək cecim toxuma, kilim, palaz, xalçaçılıq, yun və dəri paltarların əldə tikilməsi, oyma işləri və s.

 

Xalxal mahalının iqtisadiyyatı əsasən əl işləri, əkinçilik, bağçılıq, heyvandarlıq və arıçılıq üzərində qurulub. Mahalda demək olar ki, əhəmiyyətli iri iqtisadi sənaye müəssisəsi yoxdur.

 

Mahalda istehsal edilən əsas məhsullar buğda, arpa, dənli bitkilər, düyü, qoz, alma, armud, üzüm və pambıqdır. Eyni halda mahal əlverişli təbii şəraitinə görə zəngin yaylaqlara malikdir. Bu üzdən burada heyvandarlıq geniş inkişaf etdiyi üçün süd və süd məhsulları, yun, dəri emalı da əhalinin əsas gəlir qaynaqlarından biri sayılır. Xalxal mahalında əldə edilən bal və dəri məmulatları ölkənin başqa yerlərində də adlımdır.

 

Xalxal mahalının bir çox tarixi abidələr, o cümlədən Kilvana qalası, Çinarlıq karvansarayı, Şah Abbas karvansarayı, tarixi Pardis körpüsü, Dördbucaq saray və s. mövcuddur.

 

ODAM (Orta Doğu Araşdırma Mərkəzi) Güney Azərbaycan Qrupu

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1046
avatar

Oxşar yazılar