İnsanı ağıl yox, iradə idarə edir
15 noyabr 2016 13:44 (UTC +04:00)

İnsanı ağıl yox, iradə idarə edir

APA TV-nin "Motivasiya" verilişdində bu dəfə insan iradəsindən söhbət açılıb. 
 
Cavid Zeynallı:
 
İradə şəxsiyyəti xarakterizə edən ən mühüm psixi keyfiyyət kimi dəyərləndirilir. Məhz iradəli adamlara cəmiyyətdə daha çox hörmət və ehtiram göstərilir. Çünki iradəli adamda hər kəsin arzuladığı, özündə görmək istədiyi keyfiyyətlər, xüsusiyyətlər olur.
Təbii ki, hər kəsin iradəsi var. Sadəcə, fərdlərdən və situasiyadan asılı olaraq bu dəyişir. İradənin gücü ilk növbədə təfəkkür qabiliyyətləri ilə bağlıdır. Heç kəs zəif, iradəsiz və hər hansı bir qərar qəbul etmək iqtidarında olmayan insanları sevmir.
İnsanın özündə bu keyfiyyəti tərbiyə etməsi çətindir, amma mümkündür. Və məhz bu çətinliyin öhdəsindən gələn adamlar hörmətə layiq olurlar. Başqa tərəfdən, iradə insanın həyatı prosesində formalaşır. Yəni bəzən rast gəlirik ki, təcrübəli, həyat görmüş adamlar bu keyfiyyətə daha çox sahib olurlar. İradə həmişə səy göstərmək deməkdir. Daha doğrusu, hər zaman hərəkədə olmaq, ətalətə qapılmamaq deməkdir. Bu keyfiyyət eyni zamanda etiqadla, inamla bağlıdır.
 
Sevda Sultanova:
 
Biz bu gün insan üçün çox mühüm keyfiyyətlərdən sayılan iradədən danışırıq. Elə bir keyfiyyət ki, yaşamaq, çətin şərtlərdə həyata tutunmaq üçün kömək edir. İradə güclü inamla da bağlıdır və o, ümidsizliyi rədd edir.
Bu yaxınlarda Ağdam Dram Teatrının bır aktrisası haqda film çəkirdik. O qadın Qarabağ müharibəsi başlayanda beş uşağı ilə qaçqın düşüb, vaqonda yaşayıb. Və çətinliklərə təslim olmayıb, ruhdan düşməyib, ümidsiz vəziyyətdən belə çıxış yolu tapıb. Bu, onun  iradəsinin, inamının hesabına baş verib.
Ona görə də iradəni insanın qərar vermək, seçim etmə qabiliyyəti və bu yöndə fəaliyyəti kimi xarakterizə edirlər.
 
İlqar Rəsul:
 
İnsan keyfiyyəti kimi iradə  - seçim və hərəkət etmək bacarığıdır. Psixologiyada iradə - özündə insanın bacarıqlarını cəmləşdirən keyfiyyət kimi qəbul edilir. 
Belə deyək də, insanın davranışına cavabdeh onun psixikasıdır. İradə isə insanın psixikasının o hissəsidir ki, onun davranışını birbaşa idarə edir. Başqa sözlə desək, iradə insanın öz davranışını idarə etmək bacarığıdır.
Sual oluna bilər ki: iradənin düşüncə, ağıl, fikirlə  nə əlaqəsi var ? Axı ağıl da insanın davranışını idarə edir.
Əgər iradə birbaşa idarə edirsə, şüur vasitəli idarə edir. Yəni iradənin hesabına idarə edir.
Misal:
Faytonçu atları birbaşa idarə edir. Çapır, dayandırır, sağa-sola döndərir. Bu, iradədir. Faytondakı sərnişin  faytonçuya göstəriş verir. Hara, necə və nə vaxt getmək. Bu isə ağıldır.
Sərnişinlə faytonçu birlikdə insanın psixikasını təşkil edirlər. Bu halda insanın işi atları sürmək və adam daşımaq olur.   
Beləliklə, insan davranışının baş idarəçisi iradə sayılır. Yəni işə çevrilən fikir, iradədir.
Ona görə də, təkcə ağıllı olmaq azdır. O ağılın qənaətlərini gerçəkləşdirmək üçün iradə də olmalıdır. Yəni insanlar təkcə ağıllarını və biliklərini yox, həm də iradələrini inkişaf etdirmək üzərində çalışmalıdırlar. 
 
Səbinə Bayramova - psixoloq:
 
İradə - qarşıya qoyulmuş məqsədə çatmaq üçün insanın öz fəaliyyət və davranışı zamanı rast gəldiyi çətinlikləri, maneələri aradan qaldırma prosesidir. İnsanlar iradəli ya da iradəsiz doğulmurlar. İradə, ali psixi funksiya kimi insanın həyatı prosesində formalaşır və daha çox özünü idarə etməklə əlaqəlidir. İradəni gücləndirə bilməyin ən yaxşı yolu meditasiyadır. Meditasiya, zehni idarəetmə texnikasıdır. Bu zaman meditasiya adi meditasiyadan fərqli olaraq 3 saat davam edir, fokuslanma və özünü idarəetməni artırır. Bu müalicə üsulu ilə 11 saat məşğul olduqda hətta beyində dəyişiklər edə bilmək mümkündür.
 
Tam olaraq APA TV - də izləyin.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1901
avatar

APA TV

Oxşar yazılar