GÜNÜN ŞƏRHİ
Son bir həftənin məntiqi yekunu - ermənilər psixoloji və hərbi kontekstdə uduzdular. İlk günlər cəbhədə cəmi 6 itki verdiklərini, Azərbaycan tərəfin hər açıqlamasını təkzib etməyə çalışan ermənilər nədənsə susurlar. Son bir həftədə erməni tərəfin verdiyi itkilərlə bağlı üç rəqəm açıqlanıb. Korpus komandiri Rövşən Əkbərov 71 erməni hərbçisinin məhv edildiyini, prezident İlham Əliyev ermənilərin onlarla itki verdiyini açıqlayıb. İlk günlər itki verməmişik deyə yaxasını cırıb-tökən ermənilərin bu rəqəmləri təkzib etməyə gücü çatmır. Bu, artıq bir gerçəkdir - cəbhə xəttində gərgin döyüşlərdə Ermənistan tərəfi çoxlu sayda itki verib. Məsələ tərəflərdən hansının daha çox itki verdiyini isbatlamaqda deyil, məsələ ermənilərin həm psixoloji, həm hərbi kontekstdə məğlubiyyətlə barışmasındadır. Son bir həftədə baş verənlərdən Azərbaycan və Ermənistan cəmiyyətlərinin çıxardığı nəticə tam üst-üstə düşür – Nə Azərbaycan 1988-ci ildəki Azərbaycandır, nə ordumuz həmin ordudur.