Hər il dünyada 1 milyon insan intiharla dünyasını dəyişir. Lent.az-ın Səhiyyə Nazirliyinin saytına istinadən məlumatına görə, xəbəri Ümumdünya Səhiyyə Təşkilatı yayıb. Belə halların qarşısını almaq məqsədi ilə 2012-ci ilin oktyabrında Azərbaycanda Psixi Sağlamlıq Mərkəzi insanlara daha geniş psixoloji yardım xidmətlərinin göstərilməsi üçün fəaliyyətə başlayıb. Mərkəz dörd istiqamətdə fəaliyyət göstərir. İlk növbədə suisid və digər krizis vəziyyətləri üçün Təcili Psixoloji Yardım şöbəsi yaradılıb. Bu şöbədə müraciət edən şəxslərə daha çox böhran vəziyyətinin araşdırılması, psixoloji problemlərin aradan qaldırılması məqsədilə yardım edilir. Şöbədə müxtəlif psixoterapiya xidmətləri, fərdi və qrup psixoterapiyaları aparan psixoloqlar, o cümlədən problemin tibbi aspektlərini qiymətləndirmək üçün psixiatrlar, sosial yönümlü problemlərin araşdırılması və aradan qaldırılması üçün sosial işçilər çalışır. Şöbə daxilində göstərilən digər vacib xidmət isə “İnam” telefon xəttidir (566 50 61). Krizis vəziyyətlərinin qarşısının alınması və böhran vəziyyətinə anında müdaxilə edə bilmək üçün ixtisaslı mütəxəssislər həmin xətdə xidmət göstərirlər.
Nazirliyin məlumatında deyilir ki, ağır və xroniki psixi pozuntular zamanı suisid riski daha yüksəkdir. Psixi Sağlamlıq Mərkəzinin Müalicə-konsultativ şöbəsi belə pasiyentlərə məsləhət-müayinə və müalicə xidmətləri göstərir. Pasiyentin vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün gündüz stasionarı xidməti təşkil edilib. Gündüz stasionarı ənənəvi stasionarın alternativ formasıdır. Belə ki, bu stasionarın müsbət cəhəti odur ki, insan öz yaşadığı mühitdən uzaqlaşmadan ənənəvi stasionar xidmətlərini alır və evə gedə bilir. Şəxs bunun nəticəsində daha az stiqma problemi və diskriminasiya ilə qarşılaşır. Gündüz stasionarı Səhiyyə Nazirliyi tərəfindən müasir dərmanlarla və yeməklə təchiz olunur.
İntihara münasibətdə kütləvi şüurda bəzi stereotiplər mövcuddur. Adətən belə düşünülür ki, intihar edənlər öz əməllərini tamamilə dərk edirlər və onların öz həyatları ilə istədikləri kimi davranmağa tam hüquqları çatır. Ancaq bir qədər öncə qeyd edildiyi kimi, suisidal fikirlərə düşən insanlar eyni zamanda ziddiyyətli hisslər keçirirlər: bir tərəfdən onlar ölüm arzulayırlar, digər tərəfdən yaşamaq istəyirlər. Digər səhv düşüncə, əgər insan bir dəfə hər şeyə son qoymaq istəyibsə – intiharın qaçılmazdır olması ideyasıdır. Suisidal cəhdlər daha çox kəskin həyat böhranı dövründə yaranır. İnsan böhrandan tamamilə çıxdıqdan sonra intihar etmək ehtimalı yox olur. Suisidal hisslərin yaşanmasında ciddi təcrübəyə malik olan əksər insanlar sonradan uzun illər və onilliklər yaşayırlar. İntiharla bağlı üçüncü yanlış fikir bu barədə çox danışan insanların heç vaxt onu həyata keçirməmələri düşüncəsidir. Buna baxmayaraq, intihar edənlərin 80%-dən çoxu həyatdan köçmək istəmələri barədə öncədən kifayət qədər ciddi xəbərdarlıqlar ediblər. İntiharla bağlı dördüncü yanlış fikir insanla onun suisidal düşüncələrinin müzakirə edilməsi onda intihar istəyinin daha çox baş qaldırmasına səbəb ola bilməsidir. Əslində isə intihar etmək qərarına gələn insana qarşı qayğı ilə yanaşmaq və həssaslıqla söhbət etmək onun vəziyyətini yüngülləşdirə və intiharın qarşısını ala bilər. İntihar – qəfildən həyata keçirilən impulsiv aktdır. Yüksək intihar riskinin çoxsaylı əlamətləri məlumdur. Onlar intiharın həyata keçirilməsindən xeyli əvvəl müşahidə oluna bilər, əksər ciddi suisidal cəhdlər isə əvvəlcədən planlaşdırılır.
İntiharın qarşısını almaq üçün bütün cəmiyyət bu haqda məlumatlı olmalıdır. Belə ki, insan resursları ilə işləyən peşə qrupları: müəllimlər, sahə həkimləri, sosial işçilər sayıqlıq göstərməli, bu hallarla rastlaşdıqda düzgün istiqamətləndirmə aparmalı və psixi sağlamlıq sahəsində çalışan mütəxəsisslərlə sıx əməkdaşlıq etməlidir.
Suisidal davranışın səbəbləri müxtəlif ola bilər. Bir sıra bioloji, irsi amillər, psixi və somatik xəstəliklər, psixoloji problemlər və sosial faktorlar intiharı şərtləndirə bilər. Bura təcavüz, özünə qarşı aqressiya, yardım etməyə çağırış, ailənin dağılması, aşağı sosial status, işsizlik, zərərli vərdişlər, əvvəlki cəhdlər, intihar barədə bəyənat daxildir.
Suisidal davranış suisidal niyyət, suisidal cəhdlər və başa çatmış intihar olmaqla növlərə ayrılır. Suisidal niyyət - intihar barədə düşüncələri, həyatdan getmək üçün yollar axtarılmasını, müxtəlif hazırlıqların görülməsini özündə birləşdirir. Suisidal cəhdlər – nisbətən az təhlükəli əməllərdən başlayaraq (misal üçün, az miqdarda dərman qəbulu) həyat üçün ciddi təhlükə yaradan autoaqressiv akta qədər hərəkət spektrini əhatə edir. Başa çatmış intihar isə insanın həyatdan getməsi ilə qurtarır. Suisidal niyyətlərin qiymətləndirilməsi və profilaktikası suisidal davranışın qarşını almağa səbəb olur.