Gözəllik salonu biznesi bütün dünyada kiçik və orta sahibkarlıq sektoruna daxildir. Hətta inkişaf etmiş ölkələrdə də bir qayda olaraq ən böyük gözəllik salonlarının heyəti 20-25 nəfərdən çox deyil. Biznesin bu növü mürəkkəb menecmentin və marketinq texnologiyalarının tətbiqini, eyni zamanda start vəziyyətdə böyük sərmayə tələb etmir. Odur ki, adətən bu sektorda sərt rəqabət müşahidə olunur. Lakin gözəllik salonu biznesi digər xidmət növləri kimi ticarət və istehsal sektorundan fərqli olaraq müştəri uğrunda deyil, peşəkar işçilər uğrunda mübarizə aparır. Çünki bu biznesə müştərini məhz yaxşı xidmət təklif edən heyət qazandıra bilir.
Dünya təcrübəsinin araşdırılması göstərir ki, son illər gözəllik salonları təkcə xidmət təklif etmir, həmçinin ticarət obyektləri kimi fəaliyyət göstərir. Belə ki, həmin salonlarda kosmetoloji və gigiyenik məmulatların satışı təşkil olunur və xidmət almaq üçün təşrif edən müştərilərə təklif edilir. Məhz bunun sayəsində gözəllik salonu biznesi daha sürətlə genişlənir.
Bəs, Azərbaycanda gözəllik salonu biznesi nə dərəcədə inkişaf edib? Bu biznes sahəsi əhalinin keyfiyyətli xidmətlə təmin edə bilirmi? Onun təşkili və bu sektorla çalışanların maraqlarını müdafiə etmək üçün yetərli hüquqi əsaslar mövcuddurmu?
Bəri başdan deyək ki, Dövlət Statistika Komitəsinin məlumatlarının təhlili Azərbaycanda gözəllik salonları və bərbərxana biznesinin dövriyyəsinin heç də geniş olmadığını göstərir. Komitənin məlumatına görə, 2012-ci ildə əhaliyə göstərilən pulu xidmətlərin həcmi 5,8 milyard manat olub ki, həmin məbləğin cəmi 48 milyon manatı və ya 0,8 faizi gözəllik salonları və bərbərxana biznesinin payına düşüb. Bu xidmətlərin adambaşına düşən həcmi isə illik 5,2 manat olub. Bakı şəhəri ilə müqayisədə ölkənin regionlarında bu xidmətin dövriyyəsi xüsusilə məhduddur. Belə ki, 2012-ci ildə Bakı şəhərində bərbərxana xidmətlərinin adambaşına həcmi ölkə üzrə orta göstəricidən təxminən 2,5 dəfə yüksək olub. Ölkənin ikinci böyük şəhəri olan Gəncədə bu göstərici paytaxtdakından 3 dəfə aşağı olub. Bərbərxana xidmətlərinin adambaşına həcmi Oğuz, Daşkəsən, Qusar və Ağcabədi kimi rayonlarla müqayisədə orta hesabla 4-5 dəfə yüksək olub.
Bu yaxınlarda İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi də Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu ilə birgə Azərbaycanda gözəllik salonu biznesinin təşkilindəki hüquqi qaydalar və problemlərə dair tədqiqat aparıb. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində aparılan tədqiqatın nəticələrinə əsasən, Azərbaycanda gözəllik salonları və bərbərxana biznesinin dövriyyəsi hələ ki, çox kiçikdir. Baxmayaraq ki, rəsmi məlumatlar son illər bu xidmətlər üzrə dövriyyənin sürətlə artdığını göstərir. Belə ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 10 il ərzində (2002-2012-ci illərdə) bu xidmət üzrə dövriyyənin məişət xidmətləri üzrə məcmu dövriyyədə xüsusi çəkisi 0,9 faizdən 6,8 faizə yüksəlib. Mütləq göstəricidə isə dövriyyənin həcmi 8 dəfəyədək artıb. Bununla belə, rəsmi statistikada Azərbaycanda, həmçinin ölkənin ayrı-ayrı regionlarda mövcud olan gözəllik salonlarının sayı, xidmət müəssisələrinin ölçüsü, bu sektorda məşğul olanların sayı barədə heç bir məlumat yoxdur.
Kiçik biznesə böyük tələb
O ki, qaldı gözəllik salonu və bərbərxana biznesinin təşkili və bu sektorda çalışanların maraqlarını müdafiə etmək üçün yetərli hüquqi əsasların olub-olmamasına, mövcud qanunvericilikdə sahibkarlığın belə növləri üçün ayrı-ayrı istiqamətlər üzrə müxtəlif hüquqi tənzimləmə mexanizmləri mövcuddur. Həmin istiqamətlərə daxildir. Belə ki, Azərbaycanda gözəllik salonu və bərbərxana xidməti biznesi ilə məşğul istəyənlər bunun üçün hüquqi şəxs və ya fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyatdan keçməlidir. İstər hüquqi şəxs, istərsə də fərdi sahibkarlar kimi qeydiyyat həm əyani, həm də elektron formada aparılır. Digər sahibkarlıq fəaliyyətlərində olduğu kimi, gözəllik salonu və bərbərxana biznesi ilə məşğul olanlar da vergi və sosial sığorta öhdəliklərinə malikdirlər. Belə ki, bu biznes növü ilə məşğul olanlar ya sadələşdirilmiş vergi ödəyicisi, ya da Əlavə Dəyər Vergisi (ƏDV) məqsədləri üçün qeydiyyata alınırlar. Vergi qanunvericiliyinə görə, ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların həcmi 120 min manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Bu halda sahibkarlar mənfəət vergisi və ƏDV ödəməkdən azad olur, yalnız sadələşdirilmiş vergi ödəyir. Sahibkar ƏDV məqsədləri üçün qeydiyyata alındıqda, bütün hüquqi şəxslər kimi xidmət dövriyyəsinin 18 faizi həcmində ƏDV, mənfəətlərinin 20 faizi həcmində isə mənfəət vergisi ödəyirlər.
Gözəllik salonu və bərbərxana açan sahibkar təkbaşına işləyirsə, yəni müştərilərə bilavasitə özü xidmət göstərirsə, Dövlət Sosial Müdafiə Fonduna fərdi sahibkar kimi icbari sosial ödəniş etməlidir. Üstəlik fərdi və ya hüquqi şəxs kimi qeydiyyata alınmasından asılı olmayaraq, biznesin bu növü ilə məşğul olan sahibkar göstərilən xidmətlərə özündən savayı işçi cəlb edibsə, həmin işçilər muzdlu işçi kimi rəsmiləşdirilməli, onlarla əmək müqaviləsi bağlamalı, maaş cədvəlinə uğun olaraq həmin işçilərin hesablanmış aylıq əməkhaqqı məbləğinin 22 faizi həcmində sosial sığorta ödəməlidir.
Vergi ilə bağlı vacib məsələlərdən biri də nəzarət kassa aparatlarının tətbiqidir. Vergi qanunvericiliyinin tələbinə görə, əgər gözəllik salonu və bərbərxana biznesi ilə məşğul sahibkarlıq strukturlarında işçilərin sayı sahibkarın özü birlikdə 2 nəfərdən çox deyilsə, bu strukturların kassa aparatlarından istifadəsinə ehtiyac yoxdur. Belə gözəllik salonlarında və bərbərxanalarda nağd pul hesablaşmalarının aparılması üçün forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş, xüsusi lisenziyası olan mətbəələrdə çap olunmuş ciddi hesabat blanklarından (mədaxil qəbzlərindən) istifadə olunmalıdır.
Sahibkarlar nədən narazıdır?
Göründüyü kimi, nə hüquqi-normativ əsaslarda, nə də səlahiyyətli qurumların yanaşmasında gözəllik salonu və bərbərxana xidməti biznesi ilə digər sahibkarlıq fəaliyyətləri arasında xüsusi fərq yoxdur. Belə ki, digər biznes fəaliyyətlərində olduğu kimi, bu strukturlar da vergi, yanğın təhlükəsizliyi, sanitar-epidemioloji nəzarət orqanları, dövlət sosial müdafiə təşkilatı, əmək müfəttişliyi, polis sahə müvəkkili, rayon icra hakimiyyətinin ticarət və xidmət məsələlərinin tənzimlənməsinə məsul qurumu qarşısında müvafiq öhdəliklər daşıyır. Bu isə o deməkdir ki, həmin dövlət idarə və təşkilatları gözəllik salonu və bərbərxana xidməti biznesi ilə sahibkarlıq subyektlərində nəzarət tədbirləri apara bilər.
Gözəllik salonu və bərbərxana xidməti biznesində fəaliyyət göstərən sahibkarlar isə bu sahəyə dövlət nəzarətinin sərt olduğu qənaətindədirlər. Onlar hesab edirlər ki, bu biznes növünün özü kiçik olduğundan gəlir əldə etmək imkanları da xeyli dərəcədə məhduddur. Bu səbəbdən həmin biznes sahəsində istər vergi və sosial sığorta ödənişləri, istərsə də inzibati nəzarət tədbirlərində sadələşdirilmiş mexanizmlər tətbiq olunmalıdır. Bakıdakı gözəllik salonu və bərbərxanalarda çalışanlar daha çox vergi və sanitar qurumlarla münasibətlərdən şikayətlənirlər. Onlar bildirirlər ki, nəzarət-kassa aparatlarının tətbiq olunmadığı kiçik obyektlərdə verginin məbləğinin müəyyən olunması ilə bağlı problemlər yaranır. Belə ki, bəzən vergi orqanları öz baxışları ilə vergi öhdəliyi müəyyən etməyə çalışırlar və nəticədə təyin olunan məbləğ sahibkarın real vergi potensialından xeyli yüksək olur. Bu tip problemlərdən biri sanitar qurumların yeri gəldi-gəlmədi yoxlamalar aparması, cərimə və ya digər inzibati cəza metodlarına tez-tez əl atmasıdır.
Ekspertlər də gözəllik salonu və bərbər biznesində çalışanların inzibati maneələrlə üzləşdiyini də söyləyir. Onun sözlərinə görə, bu sahədə kiçik sahibkarlığın inkişafına yönəlik əlverişli mühitin yaradılması üçün bir sıra tədbirlərin görülməsinə ehtiyac var. Məsələn, nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulmayan, işçi sayı 2 nəfərdən çox olmayan gözəllik salonları və bərbərxanalar üçün vergi ödənişini asanlaşdırmaq üçün ciddi hesabat blanklarından istifadə əvəzinə mütləq həcmdə vergi ödənişləri nəzərdə tutula bilər: “Bu zaman fərdi sahibkarlar üçün icbari sosial sığorta ayırmaları üçün hazırda tətbiq olunan vergitutma mexanizminin məqbul variantlardan biridir. Həmin mexanizmə görə, ölkənin paytaxtı, iri şəhərləri, rayon mərkəzləri və kəndləri üçün mütləq həcmdə vergi məbləği müəyyən edilə bilər. Onsuz da indiki halda kassa aparatlarının tətbiqi nəzərdə tutulmayan salon və bərbərxanalarda ciddi hesabat blankları tətbiq olunmur. Belə vəziyyət vergi orqanlarına öz subyektiv mülahizələri əsasında vergi təyin etməyə, sahibkarla vergi orqanı arasında qeyri-rəsmi sövdələşməyə şərait yaradır”.
Bundan başqa, gözəllik salonlarına və bərbərxanalara sanitar-epidiomoloji nəzarət və monitorinqə dair ayrıca qaydaların hazırlanmasına, sahibkarlar həmin qaydalarla bağlı müfəssəl məlumatlandırılmasına ehtiyac var. Rövşən Ağayev deyir ki, kiçik sahibkarlıq məqsədilə tikinti təyinatlı torpaq almanın şərtlərinin yüngülləşdirilməsi də vacibdir.
Mövzunu davam etdirəcəyik.