Avqustun 10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yerləşən Təlim-Tədris Mərkəzində gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.
APA-nın cənub bürosunun məlumatına görə, DSX rəisinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət üzrə Baş İdarənin rəisi, general-mayor Azad Ələkbərov tədbiri giriş sözü ilə açaraq gənc əsgərləri Sərhəd Qoşunlarının sıralarına daxil olmaları münasibəti ilə təbrik edib. Gənc sərhədçilərin Vətən qarşısında xidməti vəzifə borclarının öhdəsindən layiqincə gələcəklərinə əmin olduğunu bildirən A. Ələkbərov əsgərlərə sərhəddə mətin dayanmalarını, hərbi sirlərə mükəmməl yiyələnmələrini tövsiyə edib. Hərbi hissənin komandiri Mehman Yusifov DSX rəisi, general-leytenant Elçin Quliyevin gənc əsgərlərə ünvanladığı təbrik məktubunu oxuyub.
Daha sonra hərbi hissə komandiri gənc əsgərlərin hərbi anda gətirilməsi komandasını verib. Hərbi anda gətirilən əsgərlər hərbi andı qəbul edərək Vətənə sədaqət andı içiblər.
Mərasimdə çıxış edən valideynlər övladlarının sərhədçi adı daşımasından qürur hissi keçirdiklərini bildirməklə Vətənə sədaqət andı içən hər bir əsgərin öz andına sadiq qalacağına, sərhədlərimizin keşiyində ayıq-sayıq duracağına əminliyini ifadə ediblər.
Mərasim gənc sərhədçilərin təntənəli marşın sədaları altında tribunanın önündən keçmələri ilə başa çatıb.
Gənc sərhədçilər and içdi
1463