Elçin Şıxlı: “Sizə iyirmi il vaxt verirəm, o vaxt görüşə bilsək...”  SÖHBƏT
27 sentyabr 2013 15:55 (UTC +04:00)

Elçin Şıxlı: “Sizə iyirmi il vaxt verirəm, o vaxt görüşə bilsək...” SÖHBƏT

“Qadının istənilən səhvində kişinin günahı var”. Bu alman şair-tənqidçi İohann Qotfrid Herderin sözləridir. Qısaca İ.Q.Q. da yaza bilərsiz, ya heç yazmaya da. Kim kimədi? Əsas odur ki, “Bu gün nə yazım, nə “like” edim” deməyəsiz. Yox, əgər nə oxuyum deyirsizsə, onda buyurun. Sizə məmləkətin ən maraqlı, ən cazibədar, ən harizmatik kişilərindən biri ilə söhbətimizi təqdim edirik.

 

Kinoçumuz Aygün Aslanlı ilə payızın kədərinə aludə olmamaq üçün üz tuturuq İçəri Şəhərə. Necə də olsa fəsillər daş-divarda o qədər də əks olunmur. Görkəmi ilə bahardan xəbər verən yeni açılmış “Merci Baku” restoranını seçirik. Çox xudmani və səmimi atmosferdə zamanı elə unuduruq. Və  bir də onda xəbər tuturuq ki, qonaqla vədələşdiyimiz vaxt çatıb. Lap Cülyettasayağı eyvandan boylananda, dar, dolaşıq və heç bir halda həyat əlamətləri əksik olmayan küçələrlə yeyin addımlarla bizə tərəf gələn qonağımız görünür. Məlum olur ki, tıxaca düşən qonağımız gecikməmək üçün yolda maşından enib ayaqla gəlməyə başlayıb.

 

Qarşımızda bir oğul, bir ata və nəhayət bir baba dayanıb:

 

Dünyaya ikinci İsmayıl Şıxlı gəldi!

 

Azərbaycan Jurnalistlər İttifaqının sədri, “Ayna-Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı çatar-çatmaz nəvəsinin dünyaya gəlişi ilə içinə dolan fərəhi elə qürurla paylaşdı ki, biz də ona qoşulduq. Müsahibəmiz qaldı bir tərəfdə, nəvə ilə bağlı suallar başladı. Qırxı yenicə çıxmış körpənin az qala neçə kilo olmasına qədər danışdıq.

 

Vüsalə:

 

-  Ad seçimini kim etdi?

 

- Heç məndən soruşan da olmadı. Babasının sağlığında oğlumla özləri danışıbmış. Əvvəlcədən deyirdi, qız olsa adını Ümidə (rəhmətlik anasının adıdır), oğlan olsa İsmayıl qoyacam.

 

Zamanın necə surətlə ötməyindən, hələ doyunca atıb-tutmadığımın, oynatmadığın balanın səni necə babaya çevirməyindən danışırıq.

 

- Çox vaxt adamın özünün özünə vaxtı qalmır... Uşaqlar balaca vaxtı mənimlə ünsiyyətə ehtiyacları olanda onlara ayırmağa kifayət qədər vaxtım çatmırdı. İndi isə əksinə olub... Hiss edirəm ki, onlarla daha çox ünsiyyətdə olmağa ehtiyacım var, amma indi onların mənimlə keçirməyə vaxtı yoxdur. Ailələri, dostları, öz maraq dairələri var. Nə tökərsən aşına, o çıxar qaşığına. Mən də onlara nə qədər mənimlə olmaq fürsəti vermişəmsə, indi o qədərini alıram. Normaldı, narazı deyiləm. Çünki yadıma düşür, balaca olanda babam deyirdi: “Bala, gəl otur səninlə söhbət eləyək”. “Hə, hə baba” deyib otururdum, sonra tez qaçırdım futbol oynamağa. Yəni biz də belə olmuşuq. Həyatda belə şeylər çox olur. Adama həmişə elə gəlir ki, baba, ata, ana burdadır...

 

Aygün:

 

- Bu nəvənin gətirdiyi əhval-ruhiyyədir ki, söhbətə belə nostalji, hüznlü giriş edirsiz?

 

- Görünür yaşla əlaqədardır. Adam özü də duymadan kövrək olur. Elə şeyləri daha çox yada salırsan, deyirsən “indiki ağlım olsaydı”... İndi yadıma düşür, biz gənc idik, gəzmək istəyirdik, atam isə deyirdi “Bala, mənim indiki ağlım və sənin indiki yaşın olsaydı, gör mən nələr edərdim”. İndi eyni sözləri mən deyirəm, amma deyəsən xeyri yoxdu. Öz aləmləri var.

 

Aygün:

 

- Atanız da eyni sözləri deyib, siz də artıq elə düşünürsüz. Bu təkrarlar adamı bir az ümidsizləşdirib, mübarizədən soyutmur?

 

- Bir rus aktyorunun - adı indi yadıma düşmür - çox maraqlı fikri var. Belə bir deyim var: “Uşaqlar bizim gələcəyimizdir”. O, isə deyib: “Uşaqlar yox, valideynlər bizim gələcəyimizdir”. Çünki biz onların yolunu təkrarlayırıq”.

 

Markes necə deyirdi? “İnsan atasına oxşamağa başladığı anda yaşlandığını anlar”. Haqsızlıq deyilmi? Əsrlər keçdikcə yaşlanmayan, əksinə tarixə meydan oxuyaraq “gəncləşən” bir şəhərdə - İçəri Şəhərdə oturub yaşlılıqdan danışmaq olmaz! Mövzunu dəyişmək istəyirik ki, ofisiant yaxınlaşır. Çay içəcəyini deyir. Aygün Bakıdan, bakılılardan, Bakı sevgisindən söz salıb, qonağımızın əhvalını düzəltmək istəyir ki:

 

- Bura mənim doğulub-böyüdüyüm şəhərdir, özümü bakılı sayıram. Amma son zamanlar şəhərə çıxmaq istəmirəm.

 

Aygün:

 

- Niyə?

 

- Bax, indi İçəri Şəhərlə gəldim. Gözəldir, qəşəngir, müasirləşib, qədimi binalar Avropa üslubunda düzəldilib. Amma mənim uşaqlığım Hüsü Hacıyev küçəsində keçib. Məktəbim olub 190 nömrəli. Babamgil Axundov bağının arxasında yaşayırdı. Dərsdən qaçanda da İçəri Şəhərə, Sabir bağına gəlirdik. Qoşa Qala qapısından girən kimi sağda böyük tut ağacı var idi, özü də əyilmişdi, indi yoxdur! O tut ağacının üstündə o qədər oynamışıq... O vaxt İçəri Şəhərdə azmaq olardı, indi isə bu üzündən baxanda o biri üzü görünür.

 

Vüsalə:

 

- Mən bu Orhan Pamukvari nostalgiyaları anlaya bilmirəm. Əgər sizin keçmişinizdən bir tut ağacı, bir İçəri Şəhər xatirəsi əksikdirsə, bir milyon insanın isə ümumiyyətlə, keçmişi yoxdur. Sizin uşaqlıq xatirələrinizdən bir-iki detal azalıbsa, onların uşaqlığı əllərindən alınıb. Bəs o insanlar neyləsinlər? Kimdən, nədən güc alıb yaşasınlar?

 

- O artıq faciədir, mənim danışdığım isə başqa şeydir.

 

Vüsalə:

 

- Yenə də anlaya bilmirəm... Bir ağacın yoxluğu yerində kökündən dərin, nə qədər dərin olsa belə, boşluq buraxa bilməz...

 

- Mən sizə iyirmi il vaxt verirəm, ondan sonra görüşə bilsək görüm, nə deyəcəksiz.

 

Bu mövzuları iyirmi ildən sonra müzakirə edəcəyimizə qərar verib, 20-30 il əvvələ qayıdırıq.

 

- Bu yaxınlarda bir sayt məndən şəkillərimi istədi, uşaqlıq və böyüklük şəkillərimi verdim. Gənclik illərini, məktəbli və institut illərini isə vermədim. O şəkilləri üzə çıxarsam, özüm diksinərəm. O zamanlar uzun saçlar dəbdə idi, şalvarın balağı 45-50 santimetr olurdı. Biz də müəyyən mənada dəbə uyğun geyinmək istəyirdik... İndi o şəkillərimə baxanda atamı başa düşürəm...

 

Aygün:

 

- İndi şəhərdə gəzəndə indiki dövrün emoları, qəribə geyimli gəncləri sizi narahat edir?

 

- Fikir vermirəm.

 

Vüsalə:

 

- Siz həm də heç vaxt və heç nədə gəncləri ittiham etməməyinizlə xüsusi seçilirsiz.

 

- Nəyə görə ittiham eləməliyəm? Özüm də o yolları keçmişəm.

 

Vüsalə:

 

- Amma yazarlar çox acıqlıdır...

 

- Onlar başqa şeyə acıqlıdırlar. Bu tamam başqa məsələdir. Anar 87-ci ildən bəri bir yerdə oturub, uşaqlar da durmadan bunu deyirlər. Amma bir məqam da var ki, ondan narazı olan gənclər özləri artıq yaşlanıb, amma hələ ortalığa bir şey qoymayıblar. Enerji Anarla dalaşmağa gedib.

 

Aygün:

 

- İndi demək ki, bir şey qoymayıblar... 5-6 ildən sonra dəyər vermək daha düz olmaz? Hər halda Anarın, Elçinin böyüdüyü, yazmağa başladığı şərait, mühit indiki kimi deyildi. Bu uşaqlar özləri çabalayırlar.

 

- Razıyam, mühit başqadır. Anar gözünü açanda özünü Rəsul Rzanın kitabxanasının içində görüb, Elçin də həmçinin. Mən də gözümü açanda özümü atamın iş otağında görmüşəm. Bunlar çıxış vəziyyəti tam ayrı-ayrı olan məqamlardır. Ortalığa bir şey qoymadıqlarını deyəndə başqa şeyi nəzərdə tuturam. Baxın, mən Milli Kitab Mükafatında sonuncu onluğu oxuyanlardan biriyəm. Yadımda bir, maksimum iki əsərdən başqa heç nə qalmayıb. Demək, ortalıqda heç nə yoxdur. Mənim aləmimdə yoxdur. Ola bilsin ki, mən klassikaya öyrəşmişəm. Məsələn, mənim ən çox xoşladığım yazıçılardan biri Hemenqueydir. Atam onu qiymətləndirirdi, amma deyirdi ki, yazıçı deyil. Çünki publisist idi, jurnalistikadan gəlmişdi. İndi çox adamın Paulo Koelyodan ötrü ürəyi gedir. Mən isə onun bir əsərini oxudum tulladım qırağa.

 

Aygün:

 

- Yəqin xatırlayırsız, Nigar xanım dedi məhz o cür yazmaq lazımdır ki, satılsın.

 

- O məsələyə bir az kommersiya tərəfdən baxıb. “Hollivud” filmlərinə baxın. Görün gəlir gətirən filmlər hansıdır, populyar filmlər hansıdır, “Oskar” alanlar hansı. Silvester Stallonenin, Arnold Şvartsnegerin, Jan Klod Van Dammın adı gələndə hamı tanıyır. Amma Meril Strip deyəndə bir az düşünürlər. Mənə yazıçılarla bağlı sual verəndə xahiş edirəm ki, məni dindrməsinlər. Çünki mən onların içində böyümüşəm. Mən Bəxtiyar Vahabzadənin böyük şair olduğunu sonradan bilmişəm. Onu elə Bəxtiyar əmi bilmişəm. Eləcə də İlyas əmini. Yəni bu adamlar da, uşaqları da məişətdə gördüyüm insanlardır və hamısı haqda öz təsəvvürlərim var. Bizim həyətimiz yazıçılar həyəti idi, tamam başqa mühit var idi. O zamanlar daha sağlam mühit var idi. Məsələn, Əliağa Kürçaylı yeni bir şeir yazanda hamını evə yığıb oxuyurdu. Başlayırdılar onu yaxşı mənada məhv eləməyə. Yəni müzakirələrdən keçirdi. İsa Hüseynovda, İsmayıl Şıxlı da o cür. İndi belə bir şey var? Varsa da mən eşitməmişəm.

 

Aygün:

 

- İndi də təxminən elədir, bircə Anarla dostluq eləmirlər.

 

- Anar artıq uşaq deyil, 70-dən çox yaşı var. İndi o mənimlə yarım saat oturar, mən də uzaq başı onunla 45 dəqiqə. Olar e oturmaq, amma nə isə ümumi bir söhbət olsa. Amma deyə bilmərəm axı hər gün məni görməkdən ötrü ürəyi gedir, mümkün olası şey deyil...

 

Bilirsiz, bu mövzu elədir ki, bir-bir adı çəkilən yazarların yaradıcılığı masaya yatırılır, müzakirə edilir, sonra müzakirə mübahisəyə keçir... və axırda gəlib Cek Londonun Martin İdenində dayanırıq. Martini də yazar olmağa vadar edən sevgi olduğuna görə, yazarlardan qadınlara keçirik.

 

Vüsalə:

 

- Sizcə, qadını yoldan çıxartmaq, ya yola gətirmək üçün neçə min işarəlik yazı yazmaq lazımdı?

 

- Onu daha yaxşı Rəşad Məcid bilər, çünki harada rastlaşıram, görürəm “sms” yazır. (Gülür) Mən bir az köhnə adamam, “sms”lə məndə heç nə alınmaz. Mən gərək canlı ünsiyyətdə olam. Ümumiyyətlə, səs eşitməyi daha çox xoşlayıram. Amma əsgərlikdə olanda bir qızla yazışırdım. Əgər anam o məktubları məhv eləməsəydi, epstolyar janrda böyük bir roman çıxardı.

 

Vüsalə:

 

- Niyə məhv elədi ki?

 

- Yaxşı elədi, məni xilas elədi. (Gülür) Məndə o məktublaşma dəhşət idi. Bəlkə də yazı yazmağı məktub yazmaqla öyrəndim. Çünki xanım rus idi, yazıçı ailəsindən idi və gözəl də dili var idi...

 

Aygün: 

 

- Təsəvvür edirəm o məktubdakı cümlələri...

 

Vüsalə:

 

- Cavab almadığınız məktublar olurdu?

 

- Yox, ondan yox. Ondan sonra da mən məktub yazmağı buraxdım.

 

Vüsalə:

 

- Məktubun arasına foto da qoyurdular, hə?

 

- Təbii, onsuz olmazdı ki... Əvvəlcədən tanış idik, yazışmağa sonradan keçmişdik. İkinci kursda oxuyurdum, yaradıcılıq evində tanış olmuşduq. Hamımız yazıçı uşaqları idik, başqa-başqa millətlər...

 

Qabaq bu tanışlıqlar başqa cür idi. Mobil telefonlar yox idi, ev telefonuna zəng olurdu ki, “hə, salam”. Elə belə yığılırdı ey nömrə. “Gəl tanış olaq”. Elə şeylər çox olub. Məndə də elə bir tanışlıq var idi, neçə il zəngləşdik. Sonradan qız bildi mən kiməm, mən də bildim o kimdi. Qonşu məktəbdə oxuyurdu. Dedi, gəl görüşməyək, bizim elə telefonla dərdləşməyimiz yaxşıdır. Öz hesabını götürmüşdü, dedi görüşsək hər şey məhv olacaq.

 

Vüsalə:

 

- Arzu olunan sevgili obrazı yazışmaqla formalaşır, yoxsa danışmaqla?

 

- Məktublaşmaqla. Bilirsiz? Ncə deyim... Yoldaşımla bir xeyli nişanlı qaldıq. Uşaqlıqdan tanıyırdım onu. Belə bir təhər çıxmasın, mən qızlarla gəzəndə o hələ orta məktəbdə oxuyurdu. Sonra o vaxtkı Leninqradda görüşəndə (Qardaşım orda rəssamlıqda oxuyurdu, o da orda oxuyurdu) gördüm bu uşaq tamam böyüyüb. Sonra onunla məktublaşmalarımız oldu. Bayaq yalan dedim ki, o qızdan sonra məktublaşmağı buraxdım. Ondan sonra bir az olmuşdu, yoldaşım ilə.

 

Uşaqlıqdan tanıdığıma baxmayaraq, sonradan xeyli nişanlı qaldıq, ünsiyyətdə olduq. Birgə həyatda insan bir çox şeyləri özü üçün təzədən aşkar edir. Ola bilsin məktubda deyirsən belə edərəm, elə edərəm... Adam məktubda çox şişirdəndə sonradan real həyatda biabır da ola bilər. İnsanın ürəyi sındısa bitdi. Gələcəyə qurduğun planlar bəri başdan məhv ola bilər, ona görə də bəri başdan çox yalan danışmağa üstünlük vermirəm.

 

Vüsalə:

 

- O məktublar necə, onlar durur?

 

- Haradasa durur. Anamgilin də öz yazışması var idi. Atam rəhmətə gedəndən sonra rəhmətlik Mailə Muradxanlı anamdan o məktubları alıb apardı ki, veriliş hazırlayacaq. Sonra özü də rəhmətə getdi, o məktublar da elə getdi...

 

Aygün:

 

- Elçin müəllim, yeri gəlmişkən, deyirlər SSRİ-də seks yox idi...

 

- Yalan deyirlər, vallah var idi. (Gülür) Təbii, Azərbaycandakı sərbəstliklə Rusiyadakı sərbəstlik başqa idi. İndi burda gördüyünüz sərbəstlik o vaxt yox idi. Sizə bir şey deyim, bilmirəm nə qədər düzgün olacaq bunu söyləmək... Bizimkilər, içi mən qarışıq əgər ciddi münasibət qurmaq fikrimiz yoxdusa, ümumiyyətlə tanış olmamağa üstünlük verirdik. Yəni bizim qızlarla. Düşünürdüm ki, mən hələ oxumalıyam, işləməliyəm, ailə qurmaq vaxtı deyil. Ruslarla isə belə deyildi...

 

Vüsalə:

 

- Bu sizin özünüzün öz üzərinizə qoyduğunuz məsuliyyət idi, yoxsa...

 

- Bəli. İstəmirdim elə şey eləyəm. Amma eyni zamanda da bizdə o hərəkətlərdən irəli gələn iyrənc bir riyakarlıq da var idi və o riyakarlıq hələ də var. Toyda hamı belinə qırmızı lent bağlayırdı, yəni, deyirdi ki... əslində bilirsiz nə deyir. Amma ruslarda bu riyakarlıq yox idi. Burda münasibətlər də, söhbətlər də konkret idi. Buna görə də mən o münasibətlərə daha çox üstünlük verirəm, çox səmimidi. Bir də qəribə bir şey var idi, bizim o zamankı məşhur kulinarlardan biri, - özü də şəkili - Allah rəhmət eləsin, yaşlı adam idi. Deyirdi, oğul, adam alanda nəinki öz millətindən olan xanımı, hətta öz yerlisini almalıdır. O kulinariya nöqteyi- nəzərdən deyirdi. Deyirdi sən qazaxlısansa, sizdə yarpaq dolmasını bir cür bişirirlər, Şəkidə isə başqa cür. Sən şəkilini alsan, onun bişirdiyi dolmaya öyrəşməyə bilərsən. Hərçənd yoldaşımın da bir tərəfi şəkilidir. Müəyyən mənada bəlkə də bir az haqlıydı.

 

XOR:

 

- Siz o dolmaya öyrəşdiz?

 

- İndi də hərdən əlavə komponentlər qatanda mübahisə edirəm. Məsələn, mən dovğanın içinə noxud atanda yeyə bilmirəm. Bizim evdə anam dovğaya heç vaxt noxud atmayıb... Hələ də onu “çayxor” olduğuma öyrəşdirə bilməmişəm. Yoldaşım üçün çay belə də... yadına düşəndə içər. Ancaq qəhvə içir.

# 2999
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar