Dövlət Sosial Müdafiə Fondu (DSMF) Gəncədə “Hesabatların elektron qəbulu” mövzusunda regional təqdimat keçirib. Bu barədə Lent.az-a Fondun ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Fondun keçirdiyi tədbirdə Gəncə şəhərindən və Azərbaycanın 9 rayonundan olan sığortaedənlər, sığortaolunanlar və pensiyaçılar iştirak edib.
Gəncə şəhərini və Azərbaycanın qərb bölgəsini - Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Göygöl, Samux rayonlarını təmsil edən sığortaedənlər, sığortaolunanlar və pensiyaçıların qatıldığı təqdimat mərasimində slaydlar vasitəsilə Fondun əhaliyə göstərdiyi elektron xidmətlər barədə geniş məlumat verilib. DSMF-nin pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov çıxış edərək, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinin və keyfiyyətinin artırılmasının vacibliyini diqqətə çatdırıb.
Tədbirdə DSMF-nin informasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev slaydlar vasitəsilə iştirakçılara Fondun “Hesabatların elektron qəbulu” xidməti barədə ətraflı məlumat verib. Regional təqdimatda həmçinin, iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verilib, səsləndirilən təkliflər üzrə geniş fikir mübadiləsi aparılıb.