Korrupsiyasız, şəffaf, vətəndaşlara xidmət edən açıq cəmiyyət “elektron hökumət”in formalaşmasından keçir. Azərbaycanda "elektron hökumət"in qurulması məhz ölkədə hakimiyyət strukturlarının səmərəli fəaliyyət göstərməsinə, vətəndaş-məmur münasibətlərinin şəffaf müstəvidə inkişafına hesablanıb.
Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya informasiya və kommunikasiya texnologiyalarını (İKT) respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün başlıca vasitə kimi qəbul edib. Məmur-vətəndaş münasibətlərinin İT vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması, dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi, elektron xidmətlərdən istifadə imkanının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi Strategiyanın əsas prinsipləridir. 2003-cü ildən indiyədək həyata keçirilən islahatlarla Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlılığını təmin edən müasir sığorta-pensiya sistemi formalaşdırılıb.
“Elektron hökumət” portalının ən aktiv dövlət qurumu
Bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizdən çoxunu əhatə edir və Fondun mərkəzi məlumat bazasında sayı 1 281 712 nəfər pensiyaçı və 2 milyon 800 min nəfərə yaxın sığortaolunan barədə məlumatlar toplanıb. Dövlət Sosial Müdafiə Fondunun əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı artıq 19-a çatdırılıb. “Elektron hökumət” portalının statistikasına görə, Fondun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında qərarlaşıb. Ötən il ərzində DSMF-nin həm öz saytı, həm də “elektron hökumət portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərindən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb. Bu ilin ilk rübündə isə elektron xidmətlərdən istifadə edən vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. 2013-cü ildə “Elektron Hökümət Portalı”nda ən çox istifadə olunan elektron xidmətlər sırasına “Sığorta olunanlara məlumatların verilməsi”, “Sığorta edənin uçot nömrəsinin öyrənilməsi”, “Pensiya kalkulyatoru”, “Pensiyaçıya məlumatların verilməsi” daxildir. Ümumilikdə il ərzində “Elektron hökumət” portalına inteqrasiya olunan elektron xidmətlərdən 132 minə yaxın vətəndaş yararlanıb.
“Elektron hesabat” xidməti
DSMF-nın əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ən çox istifadə olunanlarından biri də elektron hesabat xidmətidir. DSMF-nın sektor müdiri Rüfət Oruclu Lent.az-a açıqlamasında bildirib ki, hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar. “Yardım masaları”nın fəaliyyətinin genişləndirilməsi ilə bağlı kiçik ödəniş edən sığorta edənlərin elektron hesabatlarının sayının daha da artacağı gözlənilir. “Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu” adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb. Bura sığortaedənin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”nın tərtibi üzrə proqram təminatından istifadə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”nın tərtibi üzrə proqram təminatından istifadə, məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ın tərtibi üzrə proqram təminatından istifadə, hesabatları və məlumatları DSMF orqanlarına elektron formada təqdim etmə daxildir.
Elektron hesabatların təqdim olunmasında çətinlik çəkənlər üçün “yardım masaları”
DSMF-nin sektor müdiri Rüfət Oruclunun da vurğuladığı kimi, DSMF-nın “yardım masaları” elektron hesabatların təqdim olunmasında çətinlik çəkənlərə bələdçilik edir. “Yardım masası”ndan istifadə edən fərdi sahibkar Rasim Süleymanovun sözlərinə görə, elektron hesabatların tətbiqi işini xeyli asanlaşdırıb: “Fərdi sahibkar kimi bir neçə işçim var. Fəaliyyətimiz elə də geniş olmadığı üçün mühasib ştatımız yoxdur, DSMF-yə hesabatları mən özüm təqdim edirəm. Əvvəllər bu hesabatları kağız formasında təqdim edirdim, bu dəfəki gəlişimdə öyrəndim ki, elektron formada təqdim etmək daha asan və əlverişlidir. Burada fəaliyyət göstərən “Yardım masa”sının köməyi ilə mən hesabatımı elektron formada təqdim etdim. Növbəti dəfə öz hesabatımı evdəki, yaxud ofisimdəki kompüterimin vasitəsilə sərbəst şəkildə təqdim edəcəyəm. Bizə yaradılan bu şəraitə görə ölkə Prezidenti İlham Əliyevə öz minnətdarlığımızı bildiririk. Çünki elektron xidmətdən istifadə əhalinin rahatlığının təmin olunması, vaxt itkisinin qarşısının alınması, əmək məhsuldarlığının artırılması və işgüzar münasibətlərdə şəffaflıq baxımından çox əlverişlidir”. Mühasib işləyən Yeganə Əliyeva isə bildirir ki, bir neçə kiçik müəssisənin mühasibatlıq işini aparır. Əvvəllər DSMF-ya hesabatları kağız formatında təqdim edirmiş. Bu isə xeyli vaxt itkisinə səbəb olurdu: “Bu dəfə “Yardım masa”sının köməyi ilə hesabatları elektron formada təqdim etdim. Növbəti dəfə hesabatları evimdən və ya ofisimdən sərbəst şəkildə təqdim edəcəyəm. Elektron xidmətdən istifadə vaxt itkisinin qarşısının alınması və şəffaflıq baxımından əvəzsizdir”.
Göründüyü kimi, DSMF-nın əhaliyə təqdim etdiyi elektron xidmət vaxt itkisinin qarşısının alınması, əmək məhsuldarlığının artırılması baxımından effektli olduğu kimi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin olunması baxımından da son dərəcə mühüm rola malikdir.
“Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”
DSMF-nın “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidməti vasitəsilə sığortaedənlər məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsini həyata keçirə bilərlər. Elektron xidmətdən istifadə etmək üçün http: //www.e-gov.az – “Elektron Xidmətlər Portalına” daxil olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunan elektron xidmətlərin siyahısından “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidmətindən istifadə etmək mümkündür. Məcburi dövlət sosial sığorta haqlarının ödənişi real vaxt rejimində onlayn həyata keçirilir. 2013-cü il üzrə ‹‹Məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənişi›› elektron xidməti vasitəsilə 324302 sığortaedən tərəfindən 560976 ödəniş həyata keçirilib, 31 milyon manata yaxın məcburi dövlət sosial haqqı ödənilib. 2014-cü ilin I rübü ərzində məcburi dövlət sosial sığorta vəsaitlərin onlayn ödənilməsi elektron xidmətində 131653 istifadə sayı müəyyənləşdirilib.
“Sığortaolunanın onlayn uçota alınması”
Bu il Fondun ictimaiyyətə təqdim etdiyi “Sığorta olunanın onlayn uçota alınması” adlı yeni xidməti vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirmək mümkündür. DSMF-nın fərdi uçot şöbəsinin müdiri Nigar Pənahovanın Lent.az-a verdiyi məlumata görə, bu xidmət vasitəsi ilə hər bir sığorta edən öz ofisində kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi imkanına malikdir. Belə ki, indiyə qədər ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün sığorta edən (işəgötürən) işçi ilə əmək müqaviləsi bağladığı gündən sonra sığorta olunanın ərizəsinin tərtibini təşkil etməli və onu müvafiq qaydada təsdiq edərək sənədlər toplusunu siyahı ilə birlikdə DSMF orqanına şəxsən təqdim etməli idi. Bundan sonra isə hər bir sığorta edən öz ofisindən kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə sığorta olunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi imkanına malik olacaq. Prosesin tam elektronlaşdırılması həm kağız daşıyıcılarından istifadənin, həm vaxt itkisinin aradan qalxmasına, həm də şəffaflığın təmin olunmasına gətirib çıxarır. 2014-cü ilin yanvar ayından hazıradək real vaxt rejimində onlayn şəkildə təqdim olunmuş elektron müraciət əsasında 13 mindən çox fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib.
“Sığortaolunanın onlayn uçota alınması” xidməti sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır və sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir.
İctimai nəzarətinin daha da güclənməsinə imkan verən başlıca amil
2014-cü il yanvarın 1-i tarixinə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərd uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 1.77 faiz artıb. 2014-ci ilin I rübündə DSMF tərəfindən əlavə olaraq 48451 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesaba malik sığorta olunanların sayı 2 739 808 nəfərə yüksəlib. Sığortaolunanların ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqlarının həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilmişdir. Eyni zamanda, sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi aparılıb. Fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidməti fəaliyyətini davam etdirmişdir. Bu xidmət çərçivəsində hər bir sığortaolunan fərdi şəxsi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanına malikdir ki, bütün bunlar işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir.
Avtomatlaşdırılmış pensiya təyinatı- həm rahat, həm də operativ
2013-cü ilin iyul ayından etibarən Azərbaycanda Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb və bu proses sığorta-pensiya sistemində aparılan davamlı islahat tədbirlərinin məntiqi nəticəsidir. Bu sıraya pensiya qanunvericiliyinə edilən ardıcıl dəyişikliklərlə pensiya təyinatı alqoritminin tam sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotu, sığorta-pensiya sistemində Avropa standartlarına uyğun müasir avtomatlaşdırılmış infrastrukturun qurulması, Dövlət Sosial Müdafiə Fondunun serverlərində unikal elektron məlumat bazalarının yaradılması kimi kompleks tədbirlər daxildir. Sistemin tətbiq olunduğu 11 iyul 2013-cü il tarixdən 31 mart 2014-cü il tarixədək 1640 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb. Onlardan 361-i Bakı şəhərində, 1279-u bölgələrdə yaşayan vətəndaşlardır. ”Müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatı ölkə Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamla təsdiq etdiyi «2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı»nda əksini tapmış mühüm vəzifələrdəndir. Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir. Həmçinin pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən «Çağrı Mərkəzi» nə zəng vurub real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir. Avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir. Bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla Fond orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır.
DSMF-nın şöbə müdiri Elşən Məmmədəliyevin sözlərinə görə, bir sıra müraciət edən şəxslərə 2006-cı ilədək əmək stajları barədə məlumatları Fondun orqanlarına vaxtında təqdim etməmələri səbəbindən avtomatlaşdırılmış qaydada pensiya təyin etmək mümkün olmur. Buna görə də vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks olunmasında xüsusi maraqlı olmalı, ölkəmizdə fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrə, yəni 2006-cı ilin 1 yanvarınadək iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər. Çünki avtomatlaşdırılmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir.
190 nömrəli “Çağrı Mərkəzi”
Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşların müraciətlərinə elektron qaydada baxılması üç istiqamət üzrə-Fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytında birbaşa ünvanlanan məktub və 190 nömrəli “Çağrı Mərkəzi” vasitəsi ilə həyata keçirilir. Fondun saytında olan sual-cavab bölməsi əmək pensiyaları, məcburi dövlət sosial sığorta haqları və məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər, hərbi qulluqçulara dair pensiya və müavinət, fərdi uçot və digər mövzuları əhatə etməklə vətəndaşlar tərəfindən ünvanlanmış elektron müraciətləri cavablandırır.1 yanvar 2014-cü il tarixindən 1 aprel 2014-cü il tarixədək Fondun saytının sual-cavab bölməsinə 424 sual daxil olub. Elektron Müraciət (Məktub yazmaq) bölməsi vasitəsi ilə istənilən vətəndaş sığorta-pensiya sisteminə dair onu maraqlandıran məsələ ilə bağlı elektron məktub göndərə bilər. Bu məktublar Fondun elektron karğüzarlıq sistemində qeydiyyata alınır və müvafiq şöbələr tərəfindən cavablandırıldıqdan sonra vətəndaşa göndərilir. Ümumilikdə 2014-cü ilin I rübü ərzində Fondun elektron ünvanına 591 müraciət daxil olub. Fond müasir informasiya texnologiyalarından istifadə etməklə ölkə əhalisinə interaktiv və informativ elektron xidmətlər vasitəsi ilə sığorta-pensiya sisteminə aid məsələlərə aydınlıq gətirir. İctimaiyyətlə mövcud olan əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya sistemi ilə bağlı istənilən suallarını operativ şəkildə cavablandırmaq məqsədi ilə Dövlət Sosial Müdafiə Fondunda müasir tipli «Call-center» - «Mərkəzləşdirilmiş Çağrı Sistemi» («190»nömrəli telefon məlumat xidməti) yaradılıb. Belə ki, məlumat xidməti tərəfindən telefon vasitəsi ilə məcburi dövlət sosial sığortası, pensiya məsələləri, fərdi uçotun təşkili və elektron xidmətlərə aid sualların və müraciətlərin operativ şəkildə cavablandırılması həyata keçirilir. Sığortaolunanlar, pensiyaçılar, eləcə də hər bir vətəndaş pensiya sistemi ilə bağlı onu maraqlandıran istənilən məsələyə «190»nömrəli telefona müraciət etməklə cavab tapa bilər. Bu xidmət vətəndaşların Fondun orqanlarına gəlmədən operativ informasiya almalarına şərait yaradır. Xidmət ödənişsizdir və ayrı-ayrı xidmət rejimləri olmaqla fasiləsiz fəaliyyət göstərir, vətəndaşlar respublikanın hər bir regionundan, habelə mobil telefonlardan «190» telefon məlumat xidmətinə müraciət etməklə sığorta-pensiya sistemi ilə bağlı sual doğuran istənilən məsələyə cavab tapa bilərlər. 2014-cü ilin I rübü ərzində «190» nömrəli telefon məlumat xidmətinə 77482 zəng daxil olub.
Müavinətlərin elektron ödənilməsi
Bu günlərdə DSMF daha bir yeni elektron xidmətini təqdim edib. Fondun yeni elektron xidməti məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlıdır. Bu xidmət aşağıdakı müavinətlər üçün müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur: 1) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət; 2) hamiləliyə və doğuma görə müavinət; 3) uşağın anadan olmasına görə müavinət; 4) uşağa qulluğa görə müavinət, və 5) dəfn üçün müavinət. Müavinətlərlə bağlı elektron müraciət xidmətindən istifadə edilməsi üçün adı çəkilən hər bir müavinət növü üzrə ayrıca proqram təminatı hazırlanıb. Yeni proqram təminatı əməliyyatların kağız üzərində deyil, elektron qaydada funksionallaşdırılmasını təmin edir. Müavinətlərlə bağlı elektron müraciət xidmətindən istifadə qaydaları və xüsusi proqram təminatları www.e-gov.az saytında yerləşdirilib. “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə müavinət, uşağa qulluğa görə müavinət, dəfn üçün müavinətin verilməsi” adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb. Bura sığortaedənin DSMF orqanlarında əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin tərtibi üzrə proqram təminatından istifadə, hamiləliyə və doğuma görə müavinətin tərtibi üzrə proqram təminatından istifadə, uşağın anadan olmasına görə müavinətin tərtibi üzrə proqram təminatından istifadə, uşağa qulluğa görə müavinətin tərtibi üzrə proqram təminatından istifadə, dəfn üçün müavinətin tərtibi üzrə proqram təminatından istifadə daxildir. DSMF-nin maliyə-büdcə şöbəsinin müdiri Məmməd Niriyev bildirib ki, 2013-cü il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına 210 mindən yuxarı şəxsə müavinət ödənilib. Belə böyük sayda kontingentə 5 müavinət növü üzrə xidmətin avtomatlaşdırılması şəffaflığı daha da artıracaq.
Bu gün DSMF əhaliyə təqdim etdiyi elektron xidmətlərin keyfiyyətinin daha da artırılması və əhatə dairəsinin genişləndirilməsi istiqamətində böyük həcmli işlər həyata keçirir. Məqsəd Fondun əhatə dairəsində olan vətəndaşların rahatlığının təmin edilməsinə, məmur-vətəndaş münasibətlərinin İT vasitələrindən istifadə etməklə daha da sadələşdirilməsinə, şəffaflaşdırılmasına nail olmaqdır. İndiki halda isə DSMF-nın bu sahədə əldə etdiyi nailiyyətlər sabaha daha nikbin baxmağa əsas verir.
Kəmalə Quliyeva
Yazı DSMF-nın “Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur.