Dövlət maraqlarının müdafiəsi milli və ictimai vəzifə kimi
05 mart 2014 19:13 (UTC +04:00)

Dövlət maraqlarının müdafiəsi milli və ictimai vəzifə kimi

Müasir dünyada reallıqlar sürətlə dəyişir və dövlətlərin daxili sabitliyi, ərazi bütövlüyü, suverenliyinə yönəlik təhdidlər müxtəlif formalarda özünü biruzə verir. Bu baxımdan Azərbaycanda hər bir fərd, qrup, təşkilat və struktur tərəfindən dövlət maraqlarının müdafiəsi milli və ictimai vəzifə kimi daha aktualdır. Çünki Ermənistan xaricdəki havadarlarının dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal edib, ərazi bütövlüyümüz pozulub. Bu gün Ermənistan və bir sıra qlobal güclər Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə mane olmaq, suverenliyinə zərbə vurmaq və daxili sabitliyini pozmaq üçün müxtəlif vasitələrdən yararlanmağa çalışır. Azərbaycanda inkişafın olmaması, bütün sahələrdə vəziyyətin acınacaqlı olması, son nəticədə isə qarşıdurma mühitinin yaradılması və ölkənin mənfi imicinin formalaşdırılması qarşıya qoyulan məqsədlər sırasındadır.  Bu istiqamətdə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarından qeyri-hökumət təşkilatları (QHT) və KİV-lərin “tərəfdaş” qismində “ələ alınması”na səylərin göstərildiyi də sirr deyil.  Dövlət rəsmiləri də zaman-zaman çıxışlarında Azərbaycanın milli maraqlarına zərbə vurmaq yönündə xidmət göstərən bəzi QHT və KİV-lərin olduğunu bəyan ediblər.  Elə buna görə də Azərbaycanın dövlət maraqlarına zidd olan bu fəaliyyətin qarşısının alınması üçün bir sıra addımlar atılmaqdadır. Məsələn, QHT haqqında qanunvericiliyə son dəyişikliklərdə bir məqsəd də məhz xüsusi niyyətli xarici donorların Azərbaycanda daxili sabitliyə, etnik və dini qarşıdurmaya yönəlik planlarının qarşısını almaq olub. Ancaq KİV-in də üzərinə bu sahədə mühüm vəzifə düşür. Bu da KİV-də dövlət maraqlarının milli və ictimai müdafiəsinin mühüm milli və ictimai vəzifə olması ilə bağlı maarifləndirmə işinin aparılması, eyni zamanda KİV-in fəaliyyətində dövlət maraqlarının əsas götürülməsi ilə bağlıdır.

 

Vətəndaş və dövlət marağı

 

“Bakı Xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aydın Quliyev deyir ki, qədim Yunanıstan və Roma da daxil olmaqla, ən qədim dövrlərdən  indiyə qədər dövlət və ictimai maraqlar olub. Ancaq qədim dövrlərdə yaranan dövlətlərdə insanların hüquq və azadlıqlarının olmadığı, insanlar maddi və mənəvi sərvətlərdən bəhrə götürmədiyi üçün dövlət və ictimai maraqlar bir-birini tamamlamayıb. Dövlət və ictimai maraqların bir yerdə olması, bir-birini tamamlaması kapitalizm münasibətlərinin yarandığı XIV-XV əsrlərdən başlayıb və bu, vətəndaşlıq məsuliyyəti formasında üzə çıxıb. İnsanın fərdi azadlıqlarının, hüquqlarının təminatçısı rolunda dövlət çıxış etməyə başlayıb: “Biz Azərbaycanda yaşayırıq, dövlət hüquq və azadlıqlarının həyata keçməsinə, dövlət maddi və mənəvi sərvətlərdən bizə pay düşməsi üçün şərait yaradır. Ona görə də fərd də dövlət maraqlarını nəzərə almalı, lazım gələndə özünün şəxsi hüquq və azadlıqlarını dövlət maraqları naminə qurban verməyi bacarmalıdır. Tutaq ki, dövlət maraqları işğal olunmuş torpaqların azad edilməsi naminə mitinq keçirilməməsini, sərbəst hərəkətin məhdudlaşdırılmasını tələb edirsə, vətəndaş bunu etməlidir. Vətəndaşın marağı heç bir halda dövlətin marağından üstün ola bilməz”.

 

Aydın Quliyev qəzetçilik fəaliyyəti dövründə dövlət maraqları naminə qəzetçilik və şəxsi maraqlarından vaz keçdiyi məqamların olduğunu da qeyd edib: “Müəyyən informasiyaların dövlət üçün beynəlxalq miqyasda problem yarada biləcəyini, dövlətin imicinə ləkə gətirəcəyini nəzərə alaraq onları dərc etməməyə qərar vermişəm. Bir məqamı da qeyd etmək istəyirəm. Nardaran hadisələri zamanı qəzetçilik maraqlarından vaz keçmişəm, ancaq bu barədə tam açıq danışmaq istəmirəm. Baş redaktor kimi xarici ölkələrin səfirləri ilə görüş zamanı Azərbaycan dövlətinin maraq və mənafelərinə zidd məqamları xüsusi diqqət yetirmişəm, o maraqların ayaq altına atılmasına yol verilməməsinə çalışmışam”.

 

Baş redaktor KİV-lərin fəaliyyətində dövlət maraqlarının müdafiəsi milli və ictimai vəzifə kimi mühüm yer tutmasının vacib olduğunu vurğulayıb.

 

 

QHT fəaliyyətində  əsas prinsip

 

 

Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü  Sahib Məmmədov qanunvericilikdə dövlət maraqları anlayışının açıqlanmadığını bildirir. Onun sözlərinə görə, bəzən dövlət maraqları ilə hakimiyyət maraqları da qarışdırılır. Sahib Məmmədov hesab edir ki, dövlət maraqlarına dövlətin suverenliyi, ərazi bütövlüyü, Konstitusiyada əksini tapan hüquq və azadlıqların təmin edilməsi, daxildən və xaricdən dövlətin əsaslarını sarsıdacaq məqamların qarşısının alınması daxildir: “Bəzən QHT-lər hakimiyyətə yönəlik ədalətsiz, qərəzsiz tənqidə yol verirlər. Ancaq bu, dövlətin əsaslarını sarsıtmaq, dövlət maraqlarını tapdamaq kimi başa düşülməməlidir. QHT və KİV-lər ölkədə dini və etnik qarşıdurma, ərazi bütövlüyünə, suverenliyinə qarşı təhdid yaradan fəaliyyətə yol verirsə, bu, dövlət maraqlarına zidd hərəkət kimi qiymətləndirilməlidir. Tutaq ki, kimsə Avropada, ABŞ-da siyasi sığınacaq almaq istəyir, buna görə də dövlətin maraqlarına zidd yazılarla çıxış edirsə, bu, dövlətin əsaslarını sarsıtmaq, dövlətin əsaslarına qəsdən zərbə vurmaqdır. Yaxud süni surətdə etnik separatçılığın, dini ədavətin qızışdırılması, dözümsüzlüyün təbliği dövlət maraqlarının tapdanmasıdır”.

 

Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri fəaliyyətlərində həmişə dövlət maraqlarını əsas götürdüklərini söyləyib: “Təşkilatımız dəfələrlə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı məsələni BMT strukturlarında qaldırıb, bu istiqamətdə fəaliyyətimiz olub. Ancaq hakimiyyəti tənqid etdiyimiz məqamlar olub. Tutaq ki, Azərbaycan Hökuməti BMT-yə əlilliyi olan insanların hüquqlarının qorunması ilə bağlı hesabat təqdim edir, biz isə alternativ hesabat təqdim edirik ki, hökumətin təqdim etdiyi hesabatla razı deyilik. Hesab etmirik ki, bu halda dövlətin maraqlarına toxunuruq. Bu halda da hakimiyyətin tənqidi dövlət maraqlarına zidd fəaliyyət kimi qiymətləndirilməməlidir.  Yaxud Avropa Məhkəməsinə Azərbaycanla bağlı müraciətlər edirik. Bütün bu halların heç birində qətiyyən Azərbaycan dövlətinin təməl prinsiplərinə toxunan bir ifadəyə, fikrə yol vermirik”.  

 

Sahib Məmmədov Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqasının qrant, maliyyə maraqlarına görə dövlət maraqlarını satmasını rədd etdiyini də dilə gətirib: “Hansısa müsabiqədə dövlət maraqlarına zidd məqamlar varsa, həmin müsabiqələrə layihə təqdim etməkdən imtina edirik. Bu baxımdan məhdud maliyyə resursları ilə işləyirik. Təşkilatımız bir sıra Avropa, ABŞ və  Azərbaycanın milli donorları ilə işləyir və bu donorlarla əməkdaşlıq zamanı onların heç birində Azərbaycan dövlətinin maraqlarına yönələn məqam görməmişik. İstisna etmirik ki, bu dövlətlərdə missioner təşkilatlar, Azərbaycan dövlətinin maraqlarına qarşı fəaliyyət göstərənlər var, ancaq onlarla əməkdaşlıq etmirik”.  

 

Azərbaycanın əsas məsələsi

 

 

İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Vüqar Bayramov da bildirir ki, dünyada dövlət maraqlarının praktiki olaraq tərifi yoxdur. Eyni zamanda insanların dünyagörüşündən, təhsilindən asılı olaraq onlar üçün dövlət maraqları anlayışını da dəyişir. İqtisadçı ekspert kimi daim beynəlxalq konfranslarda iştirak edən, xarici dövlətlərdə mühüm tədbirlərə dəvət alan, qərarverici şəxslərlə görüşən Vüqar Bayramov deyir ki, şəxsən onun üçün dövlət maraqları Azərbaycanın milli maraqlarının gözlənilməsidir: “Baxmayaraq ki, ABŞ və   Avropanın aparıcı şəxsləri mənimlə iqtisadçı ekspert kimi görüşür, mənimlə iqtisadiyyat barədə müzakirə aparırlar, mən bu görüşlərdə həmişə Azərbaycanın ərazi bütövlüyü məsələsini qaldırıram. Bəlkə də bu, mənim anadan olduğum kəndin işğal altında olmasından doğur. Doğulduğum kənd işğal altında olmasaydı da bu məsələni qaldıracaqdım”.

 

Vüqar Bayramov QHT rəhbəri və iqtisadçı kimi fəaliyyətində reallıqları obyektiv təqdim etdikləri, doğruları söylədikləri üçün müxtəlif beynəlxalq tədbirlərə dəvət aldıqlarını, xarici ölkə rəsmilərinin, səfirlərinin İqtisadi və Sosial Tədqiqatlar Mərkəzində görüşlərin keçirilməsinə, müzakirələrin aparılmasına maraq göstərdiklərini qeyd edib: “Ölkədə inkişaf, görülən işlər, eyni zamanda müəyyən problemlər də var. Təəssüf ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin əksəriyyəti üçün yalnız ağ və qara rənglər var. Dəfələrlə belə hallar olub ki, beynəlxalq tədbirlərdə vətəndaş cəmiyyətinin bəzi nümayəndələri yalnız ölkədə problemlərin olduğundan danışır, Azərbaycanı tənqid edirlər. Bir qisim isə yalnız ölkənin inkişaf etdiyini, heç bir problemin olmadığını bildirib. Dövlət maraqları yalnız ağ və qara rəngin seçilməsi yox, müxtəlif aspektlərdən ölkənin təqdim edilməsidir. Şəxsən mənim üçün müxtəlif rənglər var. Hazırda dünya qloballaşıb, informasiya cəmiyyətində yaşayırıq. Mənim xarici ölkələrdə müxtəlif konfranslarda, görüşlərdə olan çıxışlarımın elektron formasını internetdən əldə etmək mümkündür. Azərbaycanda əldə edilən uğurları xaricdə yüksək səviyyəli qərarverici insanlarla görüşlərdə qeyd edirəm. Eyni zamanda hansı məsələlərin Azərbaycan hökuməti ilə müzakirələrdə qaldırmağın zəruri olduğunu nəzərə çatdırıram. Elə buna görə də xarici ölkələrin rəsmiləri, səfirlər İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinə gəlir, bizimdə görüşlər keçirir, müzakirələr aparırlar. Biz bu görüşlərdə ölkədə hansı işlərin görüldüyünü, hansı problemlərin olduğunu və bu problemlərin həlli üçün hansı işlərin görülməli olduğunu söyləyirik. Bəzən səfirlər mənimlə görüşdə soruşurlar ki, hansı məsələləri qaldırmaq düzgündür, hansı məsələlərdə irəliləyişlər var. Reallıqları düzgün qiymətləndirmək lazımdır. Bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Bu gün Azərbaycanda “Asan” xidmət mərkəzləri xaricdə bir model olaraq qəbul edilir. Bu, həm də bizim xaricilərlə görüşlərimizdə “Asan” xidmət mərkəzlərin bir model kimi düzgün təqdim etməyimizlə bağlıdır. Həqiqətin çatdırılması, hər şeyin olduğu kimi təqdim olunması vacibdir”.

 

İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətlərində Azərbaycanın milli maraqlarını əsas götürmələrini arzu etdiklərini vurğulayıb. O, KİV-in fəaliyyətində dövlət maraqlarının əsas götürülməsini vacib sayıb.

 

 

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864

Oxşar yazılar