Sadəlik və xeyirxahlıq təcəssümü
02 may 2014 12:34 (UTC +04:00)

Sadəlik və xeyirxahlıq təcəssümü

Həyatını cəmiyyətin ictimai inkişafı və tərəqqisinə həsr edən görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyeva Azərbaycan tarixində qadın obrazının təkrarsız bir nümunəsini yaratmışdır. Zərifə xanım 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində məşhur ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır.

Azərbaycan tarixinin görkəmli simalarından sayılan Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin inkişafında ayrıca bir mərhələ təşkil edir.  Alim dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. Oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülmüşdür. O, oftalmologiya elminin inkişafı yolundakı səmərəli və möhtəşəm xidmətlərinə görə qazandığı bu nüfuzlu mükafatı Azərbaycan oftalmologiya elminə yüksək qiymət kimi dəyərləndirmişdi.  Zərifə xanım qeyd edirdi ki, "Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Vicdan əsas hakimimizdir. Ən çətin məqamda və ən xoş saatımızda o bizimlə üzbəüz dayanıb soruşacaq: Sənin ağ xalat geyinməyə haqqın varmı?”.

Zərifə Əliyeva vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, vətənpərvər ziyalı, təvazökar bir həkim idi. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev onun haqqında deyirdi: "Zərifə xanım kimi həyat yoldaşım olduğuna, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam!". Akademik Zərifə Əliyeva vətənini, xalqını, bütün insanları səmimi və sədaqətli bir məhəbbətlə sevmiş, sənətinin vurğunu olmuşdur. O, öz yaradıcılığı, gənc nəsillərə miras qoyub getdiyi dəyərli əsərləri, fikirləriylə cəmiyyətin irəliləyişinə təkan vermişdir.  Həkim-xəstə münasibətinə xüsusi diqqət yetirən pedaqoq hər zaman vurğulayırdı ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, onun orqanizminin xəstəliyə qarşı müqavimətini artırır, bəzən dava-dərmandan güclü təsir göstərir.

Zərifə Əliyeva əsl xeyirxahlıq, nəciblik, humanistlik, bir sözlə, insana xas ən ali hissləri özündə ehtiva edən qadın təcəssümü idi. O, həm alim, həm həkim, həm də pedaqoq kimi çoxşaxəli fəaliyyəti ilə dünya tibb elminə əvəzolunmaz töhfələr vermişdir.  İstedadlı alim və bacarıqlı pedaqoq, eyni zamanda qayğıkeş, xeyirxah və işgüzar qadın, gözəl ailə başçısı olan  Zərifə xanım  hər zaman yaddaşlarda yaşayacaq, heç vaxt unudulmayacaqdır.

Nailə Məmmədova

 “Azerbaijan Realities”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852
avatar

Oxşar yazılar