Böyük Çölün mistikası, Tanrı inancının son qalası – <span style="color:red;">SİRLƏR VADİSİNDƏN 2-ci REPORTAJ
27 sentyabr 2017 16:00 (UTC +04:00)

Böyük Çölün mistikası, Tanrı inancının son qalası – SİRLƏR VADİSİNDƏN 2-ci REPORTAJ

 

Yerləşdiyimiz hotelin adı “TENGRİ”, burdan hərəkətə başlayarkən yol aldığımız küçələrin adları - “Orxon”, “Təuelsizlik” (“Müstəqillik”), “Türküstan” və s. Yəqin ki, adlar oxucuya çox şey ifadə edir. Bu adlarda nə qədər böyük tarix yatır? Dərxan bəy sanki heç nəyi təsadüfi seçməyib. Elə yerləşdiyimiz hoteli, hərəkət etdiyimiz küçələri, getdiyimiz yolu və varacağımız məkanı da. Ən maraqlısı, 15 sentyabr - Türk dünyasının ən böyük şəhərlərindən biri olan Bakının işğaldan azad olunduğu gün yola çıxırıq.

 

Yolumuz Qazaxıstanın baş kəndi Astanadan oğuz və qıpçaqların ortaq mirasının, əsrarəngiz Çöl kültürünün gizləndiyi müqəddəs yerlərə, Qazaxıstanın mərkəzinə - Ulutauyadır. Ulutau, yənu Uludağ. Zənnimcə, Azərbaycan ərazilərində bu toponim “Babadağ” kimi şəkillənib. Bursa şəhəri yaxınlığındakı məşhur Uludağ adını da oğuzlar burdan aparıb.

 

Mənzil-qərargahı Astana şəhərində yerləşən Beynəlxalq Türk Akademiyasının (TWESCO) babalarımızın mirasını öyrənmək, türk xalqlarının müqəddəs məkanlarını tanıtmaq üçün başlatdığı üçüncü tədqiqat səfəri... Elə səfər də rəmzi olaraq “Kentaydan Ulutauya: tarixi yaddaşın təzələnməsi” adlanır. 

Kentay Monqolustanın bir əyalətidir və buradakı Burhan Haldun kəndi böyük Çingiz xanın dünyaya göz açdığı yer hesab olunur. Əslində 3-cü tədqiqat səfərinə 15 avqust tarixində böyük sərkərdənin doğulduğu kənddən başlanılıb. Arxeoloqların Monqolustandan start verdiyi səfər Qazaxıstan bozkırlarında sona çatacaq. Məlumat üçün onu da qeyd edək ki, Akademiyanın ilk ekspedisiyası Altaylara, ikincisi Monqolustanın Orxon vadisinə və Şivet-Ulaan külliyyəsinə olmuşdu.

 

Qıpçaq çölü

 

Astanadan yola çıxan karvanda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Başqırdıstan, Dağıstan və Tatarıstandan alimlər və media nümayəndələri yer alıb. Bizi Qıpçaq çölü ilə uzanan 11 saatlıq uzun yolçuluq gözləyir. Yol boyunca göz işlədikcə uzanan Böyük Çölü, ölkəni ən böyük taxıl ixracatçılarından birinə çevirən bərəkətli torpaqları, geniş taxıl sahələrini seyr etmək adama zövq verir. Bir çox yerlərdə taxıl sahələrini kimsəsiz bozkırlar əvəzləyir. Bir daha Qazaxıstanın istifadə olunmayan nə qədər böyük kənd təsərrüfatı imkanlarına sahib olduğuna şahidlik edirik.

 

Yol boyunca mürgüləyən həmkarlarımın yaratdığı səssizlik ortamı və sürücümüzün sakit təbiəti maneəsiz şəkildə düşüncələrə dalmaq fürsəti verir. Bir anlıq böyük Səməd Vurğunun “Muğan” poemasındakı sətirləri Qıpçaq bozkırları üçün xatırlayıram:

 

Sükuta qərq olmuş ürəyimlə mən

Keçirəm yenə də Qıpçaq çölündən.

 

Yəqin ki, bir ucu səmaya birləşən bu izsiz bozkırların fərqli bir anlamı var. Bu çöllər sərbəstliyin, geniş mənada azadlığın simvoludur. Qazaxların “ipə-sapa yatmayan”, bağımsız və azadlığa meylli xarakteri bu çöllərdən, bozkırlardan doğub. Dağlıq ərazidə doğulmuş biri kimi, hər zaman beş min metrədək hündürlüyü olan Tanrı dağlarının qucağında xumarlanan Almatının qəlbimdə xüsusi yeri olub. Dağlara olan sevgim sonsuzdur. Amma bu yolçuluq mənə səhranı, çöllükləri, bozkırı sevdirdi. Bəlkə də bu, səfərimizdən ən böyük qazancım idi. Çünki özüm üçün bozkırın fəlsəfəsini dərk etdim, bu çöllərin mahiyyətini anladım. 

Bu çöllər mənə həm də Stalinizmin qəddar üzünü xatırlatdı. Bura sürgün olunan xalqların yaşam mücadiləsini, həyat öyküsünü gözüm önündə canlandırdım. Yayın sacqovuran istisində, qışın kirpikləri bir-birinə pərçimləyən şaxtasında dəmir vaqonlardan bu çöllərə “lazımsız əşya” kimi atılan insanların həyatı lent kimi gözümün önündən keçdi. Bura deportasiya olunan bir çox xalqların nümayəndəsi, o cümlədən soydaşlarımızla 30-cu illərin sürgün prosesi barədə söhbətləşmişəm. Onların sinələrinə süngüləri sıxaraq, atanı anadan, ananı körpə balasından zorla qopararaq, bir-birindən yüzlərcə kilometr fərqli yerlərdə buraxıldıqlarını göz yaşları içərisində necə anlatdıqlarını xatırladım. Həmin ağlasığmaz, acılı günlərdə bura “səpələnən” xalqların tək təsəllisi və Tanrının mərhəməti yerli xalq olub. Qazax xalqı milliyyətindən asılı olmayaraq onlara qucaq açıb, nəfəsi ilə həyatlarını isidib, son tikəsini belə onlarla paylaşıb. Bolşeviklərin ölümə göndərdiyi insanlar qazax xalqının mərhəməti sayəsində həyata tutunub.

 

Bütün bunları gözüm yol çəkə-çəkə sanki filmə baxırmış kimi seyr edirəm. Amma bu, ən yaxın tarixdir. Hər qarışı tarix qoxan bu müqəddəs çölün mənim gözümdə filmləşdirə bilmədiyim gizəmli bir qatı da var. Bizim yolçuluğumuz da yaxın tarixdən o sirli, bizdən əsrlər boyu gizli tutulan qədim tarixə, onun dərin qatlarına doğrudur. Skiflər, Hunlar, Göytürklər, Qaraxanlılar, Qızıl Orda və onlarla türk dövlət və imperiyasının kök saldığı torpaqlar...

 

Kentaydan Ulutauya - tarixi yaddaşı yeniləməyə doğru

 

Bu ilin başlanğıcında Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkənin rəsmi dövlət qəzeti “Egemen Qazaxıstan”da maraqlı bir məqalə ilə çıxış etdi. Qazax dövlətinin bundan sonrakı onillikləri üçün “yol xəritəsi” sayıla biləcək tezislərlə zəngin olan məqalədə ana xətlərdən birini də məhz tarixi hafizənin yenilənməsi, babaların mirasının öyrənilməsi, qorunması və gələcəyə daşınması təşkil edirdi. Məqaləni oxuduqca ötən il Beynəlxalq Türk Akademiyasının Monqolustanda həyata keçirdiyi tədqiqatların mahiyyətini daha dərindən dərk etməyə başladım. Onda dünyanın müxtəlif ölkələrindən tədqiqatçı və jurnalistlər Hun, Göytürk dövlətçilik tarixinin öyrənilməsi baxımından ən vacib abidələr sayılan Şivet-Ulaan kompleksi, Kültegin, Bilgə xaqan və Tonyukuk abidələrini ziyarət etmişdilər. Bu il isə Kentaydan (Monqolustan) Ulutauya (Qazaxıstan) dönürük. Bir ay öncə Monqolustandan, Çingiz xanın doğulduğu kənddən başlayan tədqiqatların Qazaxıstan hissəsinə qoşuluruq. Məqsəd Göytürklərdən sonra Böyük Çöldə yenidən türklərin dövlətçilik ənənələrinə altın salnamə kimi həkk olunan və yaxın illərdə 750 illiyi qeyd olunacaq Qızıl Ordanın tarixinə işıq tutmaqdır.

 

Bu hissi tam bir il öncə də yaşamışdım. Monqolustanın dörd bir yanında tapılan və hələ də onları başqasının baxışı və analizi ilə deyil, məhz öz gözlərimizlə görməyimiz üçün çölün ortasında boy atıb boylanan canlı kurqanları görəndə... Canlı ona görə yazıram ki, özünə qayıtmaq istəyən hər kəs bu kurqanların yanından keçəndə, ona diqqətlə tamaşa edəndə bunu özü də hiss edə bilər. Bu abidələr adamla sanki ünsiyyətə girmək, danışmaq, özünü izah etmək üçün çapalayır. Bir az diqqətlə baxsan, onları duymaq, pıçıldadığı kəlmələri anlamaq da çətin deyil. Bolqarıstan, Macarıstandan tutmuş Çin səddinə qədər hər kəsin anlayacağı dildə danışır bu kurqanlar. Yəqin ki, bu abidələri danışdıra bilməsək, ortaq yanlarımız, kimliyimiz və ortaq gələcəyimizdən də söhbət açmaq yersiz olacaq. 

Ulutau Qazaxıstanın tam mərkəzində yerləşir, Karaqanda vilayətinin Jezkazqan bölgəsinə daxildir. Jezkazqan sovet dövrünün başlıca sənaye mərkəzlərindən, həm də QULAQ-ın əsas kamplarından biri olub. QULAQ (Qlavnoe Upravlenie Laqerey - Baş Düşərgələr İdarəsi) 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu idi. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr mühakiməsiz edamın əsas yerlərindən biri, SSRİ-də siyasi repressiyaların başlıca aləti olmuşdu. Yeri gəlmişkən, vaxtilə yüzlərlə belə kampın yerləşdiyi Qazaxıstanda, paytaxt Astananın yaxınlığında həmin illərin zülmünü simgələyən “Aljir” adlı muzey fəaliyyətdədir.

 

İndi isə Jezkazqan “qulaq-mulaqla” deyil, böyük Qızıl Ordanın əvəzsiz irsinin uyuduğu müqəddəs ərazilərlə və son illər strateji əhəmiyyətini artıran əlverişli coğrafi  mövqeyi ilə xarakterizə olunur. Belə ki, bir neçə il öncə açılan, Çindən başlayaraq Aktau-Bakı-Gürcüstan-Avropa xətti üzrə yükdaşımalar həyata keçirən dəmir yolu xətti, “Yeni Dəmir İpək yolu” bu ərazilərdən keçir.

 

Cuci Xan mavzoleyi

 

Ulutauda ortaq Türk tarixinin əsrarəngiz mirası yatır. Ekspedisiyanın təşəbbüskarı və təşkilatçısı, TWESCO prezidenti Dərxan Kıdıralinin sözlərinə görə, Ulutauda ilk tədqiqatlar ötən yüzilin əvvəllərində başlayıb. Qazaxıstan Milli Elmlər Akademiyasının qurucusu Kuanış Satpayev Cuci xan, Alaşa xan və Dombaul türbəsi haqqında ilk tədqiqatlarını yayımlayıb. 1930-cu illərdə arxeoloji tədqiqatlar başlayıb və ilk olaraq bir xana aid ola biləcəyi düşünülən cəsədin qalıqları ortaya çıxıb. Sankt-Peterburqdakı Gerasimov laboratoriyasında aparılan tədqiqatlar sonucu bu nəşin Cuci xana aid olduğu təsbit edilib. Antropoloji, arxeoloji və folklor araşdırmaları da bunu təsdiqləyir. Cuci xan mavzoleyi islamlaşmadan sonrakı dövrdə, Qaraxanlılar dövlətinin son çağlarında (13-cü əsrdə) qurulub. Elə bu ərazilərdə İslam dininin də Cuci xan zamanında yayıldığı bilinir. Onun nəvəsi Berke xan islamı Qızıl Orda dövlətinin rəsmi dini kimi qəbul etmişdi. Bu mavzoleyin də babasının şərəfinə Berke xan tərəfindən ucaldıldığı ehtimallar arasındadır. (Foto 4).

Burada Xan Ordası adlı abidələr külliyyəsi də var. Xan bazarı adlanan ərazidə qədim şəhərin qalıqları səpələnib. Yaddaşımızı kökündən qazımağa çalışan sovet rejimi Altın Orda tarixinin qiymətsiz izlərini itirmək üçün bu əraziləri traktor tırtılları altına almış, əkin tarlası kimi şumlatdırmışdır. Bunun nəticəsində qədim şəhərə aid maddi sübutlar tamamilə yoxa çıxıb. Ulutaudakı muzeydən çəkdiyimiz bir xəritənin fotoşəkli sovetlərin Qızıl Orda tarixinə bu nifrətinin nədən qaynaqlandığının maraqlı göstəricisi ola bilər. 

Ətrafdakı nəhəng məzarlıq buranın Qızıl Ordanın əsas mərkəzlərindən biri olduğunu isbatlayan başlıca dəlil olaraq qalır. Cuci xanın məzarı ətrafında aşkar olunan tapıntılar da oğuz, qıpçaq, kengeres və digər türk boylarının Qızıl Ordanın qurulmasındakı rolunu nümayiş etdirir.

 

Çingiz xanın böyük oğlu olan Cuci xan, rəvayətə görə, Monqolustan ərazilərindən buraya gəldiyi zaman cəmi 4000 qoşunla əraziləri təslim almışdı. Orta Asiyadakı Türk tayfalarının Cuci xana heç bir müqavimət göstərməməsi onların eyni dili danışması və ortaq dəyərləri bölüşməsi ilə izah olunur. Sonra Cuci xan atası Çingiz xan və digər qardaşlarının səfərlərinə qatılmamış, “Dəşti-Qıpçaq”da onların qan tökməsinə də izin verməmişdi. O, atasının 1226-cı ildə, ölümünə az qalmış çağırdığı məşhur Qurultaya da qatılmamışdı. Bununla Cuci xan gələcəyin daha bir böyük türk dövləti - Qızıl Ordanın müjdəçisi olmuşdu. Çingiz xanın oğlu Cuciyə ayırdığı ərazilər bir tərəfdə Seyhun (Sırdərya) çayından, digər tərəfdə Balxaş gölünə qədər uzanırdı. Cucinin Çingiz xandan daha öncə ölməsi ilə bu ərazilər babalarının xeyir-duası ilə onun oğlanları Batu və Orda xanın arasında bölüşdürüldü. Batu xanın qərbə doğru genişləndirərək əsasını qoyduğu Qızıl Orda dövlətinin sərhədləri bir tərəfdə bizim Dərbəndə və Krım da daxil olmaqla Avropanın içlərinə doğru uzanırdı.

 

Qazax xalqı tarixən Alaş adlanıb

 

Cuci xan mavzoleyinə yaxın bir ərazidə Alaşa (Alaş) xanın məzarı yerləşir. Əslində Alaşanın gerçək tarixi şəxsiyyət olması ilə bağlı tarixi mənbələrdə dəqiq məlumatlar yoxdur. Onunla bağlı məlumatlar qazax şifahi xalq ədəbiyyatı vasitəsilə günümüzə gəlib çatıb. Bu rəvayətlərdə qazax xalqı Alaş adlandırılır. Amma Alaşın içərisinə qazaxlarla yanaşı, qırğızlar, qaraqalpaqlar, noqaylar kimi digər türk boyları da daxil olub.

 

Qazaxların 1917-ci ildə qurduqları muxtariyyəti də Alaş Orda adlandırmaları təsadüfi olmayıb. İndi 100 illiyi qeyd olunan dövlət adını həmin Alaşdan alıb. Orta əsrlərdə yaşamış tarixçi Kadırqalı Cəlayir də öz əsərlərində qazaxlardan Alaş xalqı deyə söz açır.

 

Prof. Dərxan Kıdıraliyə görə, Alaş sözü öz kökünü Aşinadan alır. Bu türbənin Cuci xan məzarına yaxın bir yerdə ucaldılması onu göstərir ki, Alaşa xan türbəsi Cucidən əvvəlki böyüklərindən birinin şərəfinə ucaldılıb. Bu, türklərdə bir gələnək olub. Bir hökmdara məzar, türbə yapmazdan əvvəl mütləq onun böyüklərinə, hocasına və ya ən çox hörmət etdiyi bir şəxsin şərəfinə də türbə ucaldılardı. Bunu nəzərə alsaq, Alaşa xan türbəsinin simvolik Cucinin atası Çingiz xanın şərəfinə ucaldıldığını söyləmək mümkündür. Alaşa xan məzarının içərisindən kimsənin çıxmaması da bu qənaəti gücləndirir. Beləliklə, Çüngiz xana qazaxlar arasında Alaşa xan deyilmişdi. Alaşa isə Aşina sözünün dəyişikliyə uğramış formasıdır. Yəni Aşina soyundan gələn hökmdar anlamındadır. Aşina isə Göytürklərin bir soyu və Göytürk xaqanlığının qurucu boyu hesab olunur. 

Xalq arasında dolaşan əfsanələrdə Alaşa xanı Əhməd xanın oğlu kimi təqdim edirlər. Amma Əhməd xan və Alaşa xan adlı hökmdarların adlarına heç bir tarixi mənbədə rast gəlinməməsi bu fərziyyələrin doğru olmadığı qənaətini ortaya qoyur. Eyni zamanda Qazax xanlığının qurucuları olan bütün hökmdarlar Cuci xanın, dolayısı ilə Çingiz xanın nəslindən gəlir.

 

Ulutau ərazisindəki əksər məzarlıq və türbələrin İslamiyyətin ilkin dövrlərinə, Qaraxanlılar və Səlcuqlular dövrünə aid olduğunu göstərən xeyli sübutlar var. Ən əsası, buradakı tikililərin memarlıq üslubu da bunu təsdiq edir.

 

Tanrıçılıq inancının Böyük Çöldəki son nişanəsi

 

Ötən il Monqolustana səfərimiz zamanı İltəriş xaqan dönəminə aid olduğu güman edilən Şivet-Ulaan külliyyəsində maraqlı tapıntılarla tanış olmuşduq. Əsas diqqət çəkən elementlərdən biri isə külliyyənin tam mərkəzində nəhəng yurtu (çadırı) xatırladan daşlarla hörülmüş 8 guşəli tikili olmuşdu. Ulutau səfərimizdə demək olar ki, eyni üslubda tikilini və balbal daşları Dombaul türbəsində görürük. Qıpçaq çölündə, Qazaxıstanın mərkəzindəki bu abidənin Şivet-Ullanla mütləq bir bağı vardır.

Prof. D.Kıdırali hesab edir ki, Şivet-Ulaandakı türbənin eynisi olan 8 guşəli Dombaul türbəsi Tanrıçılıq inancının bu torpaqlardakı son abidəsidir. Alaşa və Cuci xan türbələri isə bu coğrafiyada islamiyyətin ilk memarlıq əsərləridir. Bu 3 abidənin yan-yana durması, Tanrı inancının İslamiyyətlə necə ortaqlaşdığının, bir-birini tamamladığının ən gözəl örnəyidir.

 

Jezkazqan şəhərindən 50 kilometr məsafədə, Kengir çayının sol sahilində yerləşən Dombaul mavzoleyi haqqında məlumatlar çox azdır və dəqiq tikildiyi tarix də məlum deyil. Amma Hunlar və Göytürklər dönəminin yadigarı olduğu bilinir. Sovet dönəminin ilk dövrlərində baxımsız qalan abidə yalnız 1974-cü ildə bərpa olunub. 

 

Beləliklə, 15 sentyabrda Astanadan başlanan yol Böyük Çölün sözün bütün mənalarında dərinliklərinə doğru enir. Beynəlxalq Türk Akademiyasının ortaq tariximizin izinə düşən axtarışları, apardığı tədqiqatlar, təşkil etdiyi ekspedisiyalar insanı qürurlandırmaya bilmir. Gediş və dönüşdə yol boyunca verilən qısa fasilələrdə fikirlərimizi paylaşdığımız, müxtəlif ölkələrdən gələn dostların hər biri ortaq bir dəyərin dalınca düşdüyünün fərqindədir. Bu dəyər özünəqayıdış, özünü yenidən tanımaq və tanıtmaq ehtiyacıdır. Məşhur bir hind atalar sözündə olduğu kimi - “Keçmişinizi öyrənin, çünki o, gələcəyin müəllimidir”.

 

Bakının işğaldan azad olunduğu gündə başladığımız Ulutau səfəri həm də mənə ən böyük doğum günü hədiyyəsi olur. Maraqlı bir müjdəni də Akademiya prezidenti Dərxan Kıdırali verir. TWESCO-nun növbəti tədqiqat səfərləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Skif, Hun, Oğuz və Qıpçaq irsinin bulunduğu Azərbaycan və Macarıstana olacaq. Bəlli bir coğrafiyanı içinə alan bu tədqiqat səfərləri bizim tarixi hafizəmizi yeniləyir, düşüncə və baxışlarımızın yaxınlaşmasına, tamlaşmasına zərrə qədər də olsa, təsir göstərirsə, deməli, yolun digər ucundakı işıq üçün axtarışlara dəyər.

 

Füzuli Məcidli,

Siyasi elmlər üzrə fəlsəfə doktoru

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 467
avatar

Oxşar yazılar