<span style="color:red;">Qorxunc PLAN:  Amerika Bakıya niyə atom bombası atmaq istəyirdi? –<span style="color:red;"> FİLM KİMİ ÖMÜR  - <span style="color:red;">II HİSSƏ
19 may 2016 15:15 (UTC +04:00)

Qorxunc PLAN: Amerika Bakıya niyə atom bombası atmaq istəyirdi? – FİLM KİMİ ÖMÜR - II HİSSƏ

20 iyul, 1941-ci il. Kameranın qapısı şaqqıltıyla açıldı. Qorxu canını bürüdü – “yenə döyəcəklər...”

 

Amma bu dəfə elə olmadı. Kameradan çıxarıb, üst-başını qaydaya saldılar, tələm-tələsik həbsxanadan apardılar...

 

Çatdığı ünvanı görəndə bilmədi qorxsun, ya sevinsin – onu birbaşa Kremlə gətirmişdilər... bu da bir yana, başqa birinin deyil, məhz Stalinin kabinetinə! Heyrətdən nə edəcəyini bilmir, sakitcə baş verənlərin sonunu gözləyirdi...

 

Dahi rəhbər isə heç nədən xəbərsiz kimi soruşur:

 

- Səni axtardım, haralardasan bu vaxtacan?

 

Bilmədi nə desin. Stalinin yanında farağat durmuş Beriya fürsəti buraxmadı:

 

- Yoldaş Stalin, balaca bir anlaşılmazlıq olub.

 

(əvvəli burada: http://news.lent.az/news/242831)

 

 

***

 

Vannikovun silah-sursat komissarı təyin edilməsi sözün həqiqi mənasında özünü doğrultmuşdu. Artıq 1943-cü ilin mayından sovet ordusu silah, xüsusən də mərmi sarıdan qıtlıq çəkmirdi. 1944-cü  ildə Boris Vannikov növbəti dəfə “Lenin” ordeni ilə təltif edilir. Bu, artıq onun üçüncü “Lenin” ordeni idi.

 

Qələbə xəbərini də elə Bakıda eşitmişdi Boris Lvoviç. Sovet Azərbaycanının paytaxtına, öz vətəninə son 4 ildə, Allah bilir, neçənci səfəri idi. Yenə bir-bir zavodları gəzir, sexlərə baş çəkir, fəhlələrlə görüşürdü.

 

Müharibə bitsə də, dünyanın üzərində hərb qorxusu çəkilməmişdi. ABŞ-ın Yaponiyaya atom bombası atması isə SSRİ-ni ciddi narahat edirdi.

 

1945-ci il noyabrın 3-də ABŞ Baş Qərargahına Birləşmiş kəşfiyyat komitəsi tərəfindən 329 saylı məruzə təqdim edilir. Sənədin birinci fəslində elə beləcə də yazılmışdı: “Sovet İttifaqında strateji atom bombardmanı üçün təxminən 20 hədəf seçilsin”.

 

ABŞ Qərargah rəisləri komitəsinin dekabrın 14-də dərc etdiyi direktivdə qeyd edilirdi:

“Sovet İttifaqına zərbə vurmaq üçün ABŞ-ın istifadə edə biləcəyi ən effektiv silah atom bombalarıdır”.

 

SSRİ-yə qarşı “Pinçer” adlı plan isə 1946-cı il martın 2-də hazır idi. Planda ABŞ-ı qələbəyə çatdıracaq güclü nüvə zərbəsi nəzərdə tutulurdu.

 

1946-cı ilin avqustunda 70 sovet şəhərinə, o cümlədən Bakıya və Kirovabada 200 atom bombasının atılmasını nəzərdə tutan yeni “Çariotir” planı təqdim edildi.

 

Amerika prezidenti Harri Trumen açıq şəkildə deyirdi:

 

“Biz məqsədimizə çatmaq üçün məhv olması labüd olan bütün şəhər və limanları yer üzündən siləcəyik”.

 

SSRİ-də isə təbii ki, bu cür bəyanatlardan və hədələrdən ciddi narahat idilər.

 

1946-cı il avqustun 20-də Vannikovu yenidən Kremlə çağırırlar. Yenə Stalin və yenə də onun yanında sakit dayanmış Beriya. Stalin heç onun rəyini belə soruşmur. Beriyaya işarə edir. Beriya isə Stalinin imzaladığı 9887 nömrəli əmri Vannikova təqdim edir. O, SSRİ Dövlət Müdafiə Komitəsi yanında Atom Enerjisi üzrə Xüsusi Komitənin sədr müavini təyin edilirdi. Sədrliyi isə Stalin Beriyanın özünə tapşırmışdı. Maraqlıdır ki, nə sədr, nə də onunu müavini nə fizik, nə də kimyaçı idilər. Stalin çox gözəl bilirdi ki, Vannikov təşkilati işlərin mahir ustasıdır. Beriya… Beriya isə sadəcə nəzarət edəcəkdi…

 

Əmrdən dərhal sonra Vannikovun başçılığı altında xüsusi laboratoriya tədqiqatlara başladı. Vannikovu yaxşı tanıyan Boris Çernak xatirələrində yazırdı:  

 

Boris Lvoviç çox koloritli şəxsiyyət idi. Bu bəstəboy Bakı yəhudisi inanılmaz enerjiyə, fövqəladə təşkilatçılıq qabiliyyətinə malik idi. Stalin gözəl bilirdi ki, çox keçməz, o, qarşısına qoyulan işi  yarıdacaqdı”.

 

Çernak haqlıydı. Tezliklə nüvə fizikası sahəsindəki işlər məxfiləşdirildi. SSRİ-də bir neçə qrup bu problemin üzərində işləyirdi. Amma kəşfiyyatsız da ötüşmək mümkün deyildi. ABŞ-dan bir neçə fizik atom bombası ilə bağlı sirləri SSRİ-yə ötürmüşdü.

 

Amma bununla belə Vannikov ətrafına böyük bir fizik ordusu yığa bilmişdi. Kimlər yox idi burada? Saxarov, Bolx, Landau. Bəli, həmin o Landau. Bakılı dahi. Başqa bir dahinin - Nils Borun “məni valeh edən rus” dediyi fitri istedad. Yeri gəlmişkən, 30-cu illərin sonunda dünyanın hər tərəfindən gənc və istedadlı fiziklər Nils Borun yanına axışırdılar. Lev Landauya isə o, ilk görüşdən xüsusi məhəbbətlə yanaşmışdı. Onun fitri istedadı Nils Boru valeh etmişdi. Nils Bor öz növbəsində Lev Landaunun elmi yaradıcılığına böyük təsir göstərmişdi. Landau ömrünün sonuna kimi Nils Boru özünə müəllim hesab etmişdi. Landau 1938-ci il aprelin 17-də SSRİ təhlükəsizlik xidməti tərəfindən saxlanılmış və 1939-cu il aprel ayının 19-a qədər həbsdə qalmışdı. Landaunun həbsini eşidən Nils Bor dəhşətə gəlir. O, Landaunun fizika üçün, dünya elmi üçün nə dərəcədə əhəmiyyətli olduğu barədə Stalinə məktub göndərərək, onun azad edilməsini xahiş edir. Məhz Borun müdaxiləsi nəticəsində Lev Landau azadlığa buraxılmışdı. Taleyin işinə bax ki, həmyerlisi Vannikovla eyni taleyi yaşamışdılar…

 

***

 

Sovet alimləri ilə birgə atom bombasının yaradılması prosesinə əsir alman fiziklər də cəlb edilmişdilər. Vannikovun əmriylə almanlar əvvəl Suxumi şəhərində yerləşdirilmiş, sonra isə Bakıya gətirilmişdilər. Amma burada da çox qalmamışdılar, yenə Vannkiovun əmryilə gizli nüvə obyektlərinin tikiləcəyi Sarov şəhərinə aparılmışdılar. Onlar uranın zənginləşdirilməsindən tutmuş bütün proseslərə qədər, bir sözlə, ilk bombanın yaradılmasına qədər orada qalacaqdılar.

 

1946-cı ilin dekabrında Vannikov və onun komandası ilk nüvə reaktorunu işə sala bildilər. Bu hadisədən bir il sonra isə SSRİ xarici işlər naziri Molotov İttifaq radiosuyla, necə deyərlər, sensasion bəyanat verdi:

 

“Atom bombasıyla bağlı sovet alimləri üçün heç bir sirr mövcud deyil. Biz artıq sınaqlara hazırıq”.

 

Rəsmi Vaşinqtonda isə bu bəyanatdan az qala havalanmışdılar. Ola bilməzdi, Molotov blef edir, SSRİ ən yaxşı halda 53-cü ilədək atom bombası hazırlaya bilərdi.

 

Amma yanılırdılar...

 

Vur-tut 6 aydan sonra SSRİ ilk atom bombasını sınaqdan keçirdi… Və...

 

Və Vannikov yenidən Kremlə çağırıldı. Ona ikinci dəfə Sosialist Əməyi qəhrəmanı adı verilirdi. “Lenin” ordenlərinin sayını isə o, necə deyərlər, itirmişdi. Bundan sonra bir dəfə də Sosialist Əməyi Qəhrəmanı adını alacaqdı. Bu dəfə hidrogen bombasını yaradılmasına görə. Və təbii ki “Lenin” orden ilə bərabər. Stalin isə iki dəfə öz adına olan mükafatı şəxsən ona təqdim edəcəkdi.

 

Dahi rəhbər, Jukov kimi Vannikovun da uğurlarına qısqanırdı. Maraqlıdır ki, bu miqyasda uğurlardan sonra onu işdən azad edir. Kimya Sənayesi nazirinin müavini təyin olunur. Bu arada Vannikov bərk xəstələnir. Ağ ciyərlərində ciddi problem yaranır. Aylarla xəstəxanada yatmalı olur. Xəstəxanadan çıxandan sonra isə başqa sahəyə keçirilir, maşınqayırma sənayesi nazirinin müavini təyin edilir. 1958-ci ildə, 61 yaşında isə məcburən təqaüdə göndərilir.

 

Son illərini Moskva ətrafındakı bağında keçirir. 1962-ci il fevralın 22-də Moskvada vəfat edir. Kremlin ətrafında dəfn olunur. Bakıda, Bayılda isə büstü qoyulur…

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar