Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin yaradılması və fəaliyyəti barədə təqdimat olub.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əhalinin məşğulluq imkanlarının artırılması yönündə atılan addımların aktiv əmək bazarı siyasətinin getdikcə güclənməsinə şərait yaratdığını vurğulayıb: “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması da rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılması yolu ilə əhalinin məşğulluq səviyyəsinin artırılmasına yönəlib. Bu sahədə görüləcək tədbirlər ölkədə ailə biznesinin genişlənməsində, nəticə etibarilə sosial-iqtisadi inkişaf proseslərində vətəndaşların fəal iştirakının təmin olunmasında, kiçik və orta sahibkarlığın inkişafında növbəti irəliləyişlərə əsas yaradacaq”.
Nazir bildirib ki, “ABAD” mərkəzləri rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasının, eləcə də kiçik və orta sahibkarların dəstəklənməsi üçün sosialyönümlü layihələr həyata keçirəcək: “Bu sosialyönümlü layihələr öz ailə təsərrüfatlarını formalaşdırmaq üçün potensialları olan aztəminatlı ailələri də əhatə edəcək. Bu istiqamətdə biz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə fəal işlər aparmaq əzmindəyik”.
S.Müslümov aztəminatlı ailələrin məşğulluq və biznes imkanlarının dəstəklənməsi üçün nazirlik tərəfindən özünüməşğulluq proqramının praktik icrası işlərinin davam etdirildiyini bildirib: “Proqrama cəlb olunmaq üçün müraciət edənlərin ailə təsərrüfatlarının müayinəsi aparılır və bu müayinənin nəticəsi əsasında onların özünüməşğulluq potensialları müəyyən edilir. İndiyədək bu müayinələr əsasında ayrı-ayrı rayon və şəhərlər üzrə artıq 850 nəfər işsiz və işaxtaran şəxs seçilərək, biznesin təşkili ilə bağlı iki aylıq təlimlərə cəlb olunub. Müraciət edənlərin ailə təsərrüfatlarının müayinəsi əsasında proqramla bağlı təlimlərə cəlb olunacaq şəxslərin müəyyən olunması prosesi hazırda davam etdirilir. Ümumilikdə özünüməşğulluq proqramı 1500 nəfər işsiz və işaxtaran vətəndaşın ailə biznesinin qurulmasına imkan verəcək”.
Nazir bildirib ki, “ABAD” mərkəzləri tərəfindən ölkədə ümumən ailə biznesinin inkişafının dəstəklənməsinə yönələcək sosialyönümlü layihələr hazırda icra olunan özünüməşğulluq proqramı ilə paralel həyata keçirilməklə aztəminatlı ailələrin ailə təsərrüfatlarının qurulmasına əlavə dəstək mexanizmi formalaşdırır: “Bir nazirlik olaraq bizim də bu sahədə əsas vəzifəmiz aztəminatlı ailələrin “ABAD” mərkəzlərinin qeyd olunan layihələrindən daha yaxşı faydalanmaları üçün müvafiq işləri görmək, bu
məqsədlə ASAN xidmətlə birgə səmərəli əməkdaşlıq həyata keçirməkdir. Hazırda keçirilən tədbir də təqdimat xarakterli olmaqla yanaşı, bu sahədə birgə fəaliyyətin istiqamətlərini nəzərdən keçirməyə imkan verir.
ASAN xidmətin sədri İnam Kərimov isə Agentliyin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılmasından bəhs edib. O, “ABAD”ın ailə təsərrüfatlarının formalaşdırılması və inkişafında, kiçik və orta sahibkarların dəstəklənməsində növbəti mühüm addım olduğunu vurğulayıb. “ABAD” mərkəzlərinin icra edəcəyi layihələrin istiqamətlərini diqqətə çatdıran İ.Kərimov bildirib ki, bu istiqamətlərdən biri kimi, əmək potensialına malik aztəminatlı ailələrin də biznes qurmaq imkanlarına yiyələnmələrinə şərait yaradılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti üzrə təklifləri bu sahədə işlərin təşkilində əsas kimi götürüləcək.