Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev bildirib.
Onun sözlərinə görə, labirint formalı qəbir abidə həyətyanı sahələrin birindən tapılıb. Arxeoloq bildirib ki, Azərbaycanda arxeoloji qazıntılar zamanı bu tip abidə ilk dəfədir aşkarlanıb: “Abidənin içərisindən boyalı qab tapılıb. Qəbir abidənin e.ə. III minilliyə, tunc dövrünə aiddir”.
Q.Ağayevin sözlərinə görə, Şahtaxtı arxeoloji abidələr kompleksi nəinki Azərbaycanda, Qafqazda, Yaxın Şərqdə, bəlkə də dünyada yeganə arxeoloji abidədir ki, burada eneolit dövründən bu günə kimi intensiv yaşayış olub: “Əhali 8 min il öncə, mis-daş dövründə ərazidə məskunlaşıb və bu gün də həmin ərazidə yaşayır. İntensiv yaşayış olduğundan abidədə bütün mədəni təbəqələr üst-üstə yerləşir. Builki qazıntıların son nəticəsi ərazinin stratoqrafiyasını dəqiqləşdirmək məqsədi daşısa da, buna nail olmaq mümkün olmayıb. Ancaq əldə olunan faktlar Şahtaxtı yaşayış yerinin yaşının daha qədim dövrə - Eneolit dövrünə aid olmasını təsdiqlədi”.
Q.Ağayev bildirib ki, bütün regionda unikal abidə hesab olunan Şahtaxtı arxeoloji kompleksini qorumaq üçün ərazi açıq muzey elan olunmalı, burada arxeoloji qazıntılar yalnız yay aylarında deyil, ilboyu aparılmalıdır: “Qədim Şahtaxtı kəndi Azərbaycana böyük tarixi şəxsiyyətlər bəxş edib. Böyük İpək Yolunun kənarında, Azərbaycanla İran arasındakı sərhəd-keçid məntəqəsinin yaxınlığında yerləşən bu abidənin açıq muzey kimi nümayiş etdirilməsi çox vacibdir”.
Şahtaxtı arxeoloji kompleksində kəşfiyyat xarakterli ilk qazıntı işləri 1936-cı ildə aparılıb və abidənin son tunc, erkən dəmir dövrünə aid olması söylənilib. 1978-1987-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Naxçıvan Elm Mərkəzi ilə birlikdə apardıqları arxeoloji qazıntılar abidənin daha qədim dövrlərə aid olmasını müəyyənləşdirib: “Ola bilsin ki, Şahtaxtı arxeoloji abidələr kompleksi eneolit dövründən də qədimə aiddir. Amma müəyyən çətinliklər üzündən yaşayış yerində mədəni təbəqələri axıra qədər izləmək mümkün olmayıb və bunun nəticəsi olaraq mədəni təbəqələr sona qədər izlənilməyib”.