Anar Niftəliyev həyat yoldaşının ölümü ilə bağlı millət vəkilinə müraciət etdi
28 noyabr 2013 12:53 (UTC +04:00)

Anar Niftəliyev həyat yoldaşının ölümü ilə bağlı millət vəkilinə müraciət etdi

Jurnalist Anar Niftəliyev həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızının ölüm səbəbinin araşdırılması ilə bağlı millət vəkili Çingiz Qənizadəyə müraciət edib. Lent.az-ın məlumatına görə, müraciətdə A. Niftəliyev həyat yoldaşı Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, ədəbi tənqidçi Elnarə Tofiqqızının (Niftəliyeva) sentyabrın 20-də “Medi Sina” klinikasında əməliyyat zamanı həkim səhlənkarlığından ölümünü hüquq-mühafizə və səhiyyə strukturlarının qeyri-adekvat münasibət olduğunu vurğulayıb: “Medi Sina” klinikasında baş verən qətldən sonra yoldaşımın nəşi ekspertizadan keçirilib, ilkin və yekun rəylər açıqlanıb. Hər iki rəydə E. Tofiqqızının “nəfəs çatışmazlığı” səbəbindən dünyasını dəyişdiyi təsdiqlənib. Hazırda Tibbi Komissiya rəyi hazırlanır və həkimlərin məsuliyyətsizliyi aydınlaşdırılır”.

 

A.Niftəliyevin sözlərinə görə, Nəsimi Rayon Prokurorluğunda sentyabrın 25-də cinayət işi qaldırılsa və faktiki olaraq həkim səhlənkarlığı ilə bağlı ekspertizanın yekun rəyi ortada olsa da, istintaq qrupu demək olar ki, heç bir fəaliyyət göstərmir: “İstintaq qrupu yalnız ilk günlər həkimlərin və zərərçəkmiş kimi mənim ifadəmi aldıqdan sonra, “komisyon rəyi gözləməklə” məşğuldur. Cərrahiyyə əməliyyatını həyata keçirən həkimlər – Mahir Məmmədov, Fərəcullah İdrisov və Firuz İbrahimov – heç biri “Medi Sina” klinikasının həkimləri deyillər. Onkoloq Mahir Məmmədov 1 saylı Hərbi Hospitalın onkologiya şöbəsinin müdiri, Fərəcullah İdrisov Topçubaşov adına Klinik Cərrahiyyə Elmi Tədqiqat İnstitutunun cərrahı, Feruz İbrahimov isə 1 saylı Şəhər Klinik Xəstəxanasının (Semaşko) anestezioloqudur. İndiyə qədər aydınlaşdırılmayıb ki, bu insanlar öz əsas iş yerlərindən sentyabrın 20-də, 5-ci gün necə ayrılıblar?”

 

A.Niftəliyev onu da bildirib ki,  onkoloji əməliyyatların özəl klinikalarda edilməsi qadağandır: “Səhiyyə Nazirliyinin daxili qərarı ilə, onkoloji əməliyyatlar özəl klinikalarda aparıla bilməz. Ən bu qərardan xəbərsiz olmuşam, amma bu daxili qərarı həkimlər yaxşı bilirlər. Onlar bu faktı məndən gizlədiblər. İstintaq zamanı əməliyyat üçün “Medi Sina”nın seçilməsi və məndə nə qədər pul alınması yönündə heç bir araşdırma aparılmayıb. Məndən əməliyyat üçün 1000 (min) manat pul alan Fərəcullah İdrisovun əslində əməliyyatı kimlərlə və necə danışdığı, “Medi Sina”da əməliyyat otağını necə götürdüyü hələ də aydınlaşmayıb. Mən əməliyyata gedənə qədər “Medi Sina” adlı klinikanın mövcudluğundan xəbərsiz olmuşam. Əməliyyata məni məcbur edən şəxs ailəmizə yaxın hesab etdiyim Fərəculla İdrisovdur. Məhz o, tamah məqsədilə mənim ona inamımdan sui-istifadə edərək, əməliyyatın vacibliyinə inandırıb, digər iki həkimlə razılaşmış və bu üçlük əvvəlcədən düşünülmüş surətdə qeyri-qanuni əməliyyat aparıblar.

Bu barədə Nəsimi Rayon Prokurorluğunda ifadəmdə ətraflı göstərsəm də, istintaq qrupu heç bir araşdırma aparmayıb. Əksinə, bu üç həkimdən yalnız biri – Firuz İbrahimov özünə vəkil tutub və o vəkil qeyri-rəsmi söhbətlərdə artıq digər iki həkimin istintaqla anlaşdığını, məsuliyyətdən yaxa qurtarmaq üçün razılaşdıqlarını bildirib”.

 

Jurnalist millət vəkilinə müraciətində onu da qeyd edib ki, istintaq hələ də aydınlaşdırmayıb ki, bu əməliyyata heç bir ehtiyac olmadığı halda niyə biz əməliyyatın vacibliyinə inandırıblar. Əməliyyat üçün narkozun verilməsinə ehtiyac olmadığı halda, əməliyyat öncəsi bizim israrlarımıza baxmayaraq, hər üç həkim niyə israrla narkozdan istifadəni vacib sayıb?

 

Onun sözlərinə əsasən tamah məqsədi ilə bu cinayətə qol qoyan hər üç həkim hazırda da iş başındadırlar: “İstintaq müddətində bu həkimlərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı Səhiyyə Nazirliyi heç bir addım atmayıb və bu cinayəti görməzdən gəlməklə məşğuldur. Bu qədər ictimailəşmiş və xüsusi narahatlıq yaradan qətllərlə bağlı Səhiyyə Nazirliyi niyə önləyici addımlar atmır?”

 

A.Niftəliyev bu müraciətlə Ç. Qənizadənin bir hüquq müdafiəçisi kimi bu cinayət işi ilə maraqlanmağını, Baş prokurorun və Səhiyyə nazirinin diqqətinin bu cinayətə cəlb edilməsi üçün lazım olan addımları atmağınızı, həmçinin Milli Məclisdə həkim terroru məsələsini müzakirəyə çıxarmağını xahiş edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1412
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar