Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin 80 yaşı tamam olur. Lent.az-ın məlumatına görə, A. Əlizadə 25 fevral 1934-cü ildə anadan olub. Orta məktəbi gümüş medalla bitirərək Azərbaycan Sənaye İnstitutuna daxil olub. 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edilib. Ardıcıl olaraq əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə edən A. Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olub.
Alim kimi Akif Əlizadənin elmi maraq dairəsi regional geologiya, tabaşir çöküntülərinin stratiqrafiyası, tabaşir dövrünün mollüska faunası kompleksi haqqında təlim, Aralıq dənizi vilayətinin tabaşir onurğasızlar faunasına görə paleobiocoğrafiyası, müxtəlif mollüska qruplarının ümumi təkamül yollarının bərpası kimi problem məsələləri əhatə edir. Fiziki-kimyəvi üsulların ənənəvi paleontologiya və stratiqrafiyaya tətbiqinin vacibliyini dərk edən alim ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq izotop geokimyası üsullarının tətbiqi ilə ilk tədqiqat işləri aparmış, Qafqazda tabaşir dənizlərinin biogeokimyəvi rayonlaşdırılmasını təklif etmiş, qədim dənizlərin və paleohövzələrin geokimyəvi şəraitini, o cümlədən temperatur rejimini öyrənmişdir. 1976-cı ildən AMEA Geologiya İnstitutunun direktorudur. AMEA prezidenti səlahiyyətlərini icra edənə qədər AMEA-nın vitse-prezidenti olub.
Azərbaycanın əməkdar elm xadimi, Dövlət mükafatı laureatıdır.
2004-cü ildə “Şöhrət”, 2008-ci ildə isə “Şərəf” ordeninə layiq görülüb.
Ötən il aprelin 24-də AMEA-nın illik ümumi yığıncağında Akademiyanın prezidenti seçilib.