<b>İkinci ana, yoxsa ocaq başındakı düşmən? - <span style="color:red;">ARAŞDIRMA </b>
02 mart 2016 14:47 (UTC +04:00)

İkinci ana, yoxsa ocaq başındakı düşmən? - ARAŞDIRMA

Moskvada baş vermiş olay eşidən hər kəsi dəhşətə gətirdi. Şəxsi problemləri olan dayə ona xəyanət etmiş ərinə qəzəblənib 4 yaşlı uşağın başını kəsdi. Uşağın valideynləri dayədən faciə baş verən günə qədər heç bir narazılıqları olmadığını, o günə qədər Gülçöhrə Bobokuvanın Nastyaya məsuliyyətlə baxdığını qeyd etdilər.

 

 

 

Uşağı döyən, işgəncə verən, incidən dayələr haqqında çox oxumuşduq. Lakin dünənki qədər dəhşətlisi görülməmişdi. Son olay övladını dayələrə etibar edib işləmək məcburiyyətində olan bütün valideynləri narahat edir. Ya bir gün onların uşaqlarının da başına bu və buna oxşar hadisə gələrsə...

 

 

Dünyanın bir çox inkişaf etmiş ölkələrində dayəlik fəaliyyəti qanunla tənzimlənir. Ailələr dayə işə götürərkən xüsusi qurumlara müraciət edir, ordan övladları üçün zəmanətli olanlarını seçirlər. Bizdə isə ailələr qohum-əqrəbanın, tanış-tunuşun məsləhəti ilə dayə seçirlər. Seçim edərkən əsasən onun orta yaşlı və rus dilli olmasına üstünlük verirlər. Dayənin psixoloji durumu, hər hansı bir yoluxucu xəstəlik daşıyıb - daşımaması nəzərə alınmır.

 

 

Şairə Sevinc Çılğın uşaqlarına dayə seçərkən hisslərinə güvənib. O, Lent.az-a açıqlamasında bunları deyir:

 

 

"İki dayə dəyişmişəm, bu üçüncüdür. Hazırda o, bir ildən çoxdur ki, uşaqlarıma ikinci analıq edir. Çox da razıyam. Dayənin uşaqlarını tanıyana qədər bir aylıq sınaq müddəti verdim. Baxdım ki, öz uşaqları mədəni, tərbiyəlidir. Özü də çox abırlı qadındır. Söz deyəndə utanır. Sınaq müddətində uşaqlarımla münasibətini kənardan izlədim, uşaqlarımın onun haqqında fikirlərinə əhəmiyyət verdim. Heç bir ay tamam olmamışdı, qızım dedi ki, Səadət xala bizi çox sevir. Dedim, nədən bilirsən? Dedi, hiss edirəm. Axşam evə gələn kimi uşaqlarım gün ərzində baş verənləri mənə danışırlar".

 

 

 

Dayə seçərkən psixoloji testdən, yaxud sağlamlıq kağızı tələb edib-etmədiyinə gəlincə, Sevinc Çılğın deyir ki, birinci dayənin əllərinin təmizliyinə diqqət yetirib:

 

"Əlləri çox təmiz idi. Demək ki, o mənim uşaqlarıma yemək bişirə, yemək verə bilər. İnsan sərrafıyam. O qadını görən kimi enerjisindən hiss etdim ki, mənim uşaqlarıma ikinci analıq edə bilər."

 

Dayələr valideynlərlə birlikdə uşağın tərbiyəsində ortaq iştirak edirlər

 

 

Bu sahədə apardığımız araşdırmalar zamanı çox önəmli detallarla rastlaşdıq. Onların bir çoxunu sizlərə də çatdırırıq:

 

- Dayəlik çox çətin peşədir. Dayə ola biləcək şəxs uşağın inkişafında, tərbiyəsində, böyüdülməsində mühüm rol oynayır. Seçim edərkən valideynlər əsasən humanizm prinsipini üstün tuturlar. Dayə həddindən artıq mehriban olmalı, öz keçmiş psixoloji problemlərini uşağa əks etdirməməli, uşağa qarşı normal davranmalıdır. İkinci məsələ sağlamlıqdır. Dayə həm psixi, həmdə somatik baxımdan sağlam olmalıdır.

 

 

Somatik problemləri olan dayə uşağı da yoluxdura, nevroloji problemli olan biri isə uşağa qarşı şiddət tətbiq edə bilər. Dayənin ciddiyyəti də önəmlidir. Təbii ki, ciddiyyət də normal səviyyədə olmalıdır.

 

 

Həmçinin, dayənin gülərüz, ünsiyyətcil, həddindən artıq kommunikativ biri olmasına üstünlük verirlər. Əks halda uşaqda özünə qapanma, ünsiyyətsizlik və adaptasiya problemləri yaranacaq.

 

Dayələr üçün konkret bir məktəb yoxdur

 

 

 

Bir çox dünya ölkələrində, o cümlədən  Avropanın özündə hesab edirlər ki, dayələr təhsilli insanlar olsunlar. Demək olar ki, təhsilsiz insanlar bu sahəyə götürülmür. Dayənin uşağa verəcəyi informasiya önəmlidir. Dayələr valideynlərlə birlikdə uşağın tərbiyəsində ortaq iştirak edirlər.

 

 

 

Tarixən xüsusi savadı ilə seçilən dayələr daha çox yüksək təbəqədən olan, vəzifəli şəxslərin uşaqlarına baxıb. Amma dövr keçdikcə bu sahəyə olan münasibət dəyişməyə başlayıb. Artıq dayəlik iş tapa bilməyən və ya işdən qovulan orta yaşlı qadınların yeni qazanc yeridir. Yəni onlar öz övladlarını böyütdükləri üçün bu sahədə yetərincə təcrübəli olduqlarını düşünür. Nəticədə isə, bir çox hallarda, uşaqlar onlara baxan dayələr tərəfindən incidilir, hətta bəzən zorakılığa məruz qalır. Digər tərəfdən, bu gün dayələrin təhsilli olmaması da bir problemdir. Çünki dayələr üçün konkret bir məktəb yoxdur.

 

 

 

 

Ekspertlər dayəlik fəaliyyətinin mütləq lisenziyalaşmasını təklif edir. Dayəlik xüsusi assosiasiyada birləşdirilməli, işəgötürənlə işə qəbul olunan arasında xüsusi müqavilə bağlanmalıdır. Ekspertlər dayəlik fəaliyyəti barədə xüsusi qanunun olmamasından gileylənir. Onların fikrincə, belə bir qanunun hazırlanmalı, dayə institutu formalaşdırılmalıdır.

 

 

Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvi Musa Quliyev dayəlik üçün xüsusi qanunun hazırlanmasına gərək görmür:

 

 

"Sadəcə olaraq peşə məktəbləri səviyyəsində evdə uşağa və xəstəyə qulluq etmək kimi müəyyən vərdişlərin yiyələnməsini təşkil etmək olar. Kursun məzunlarına da diplom təqdim etmək olar. Bununla da onlar peşəkar sayılsınlar. Dünya praktikasında da belədir. Yaxşı olar ki, hər kəs evinə dayə seçərkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq xidmətinə müraciət etsinlər. Birinci növbədə dayanan vacib şərt budur. İkinci vacib şərt o insanların sağlamlıq durumu barədə məlumatın olmasıdır. Psixi sağlamlığı, o cümlədən hər hansı bir infeksion xəstəliyin olub-olmaması öyrənildikdən sonra həmin dayələr uşaqlarla işləməyə buraxıla bilər. Üçüncü vacib şərt əmək müqaviləsidir. Dayə ilə ailə arasında notarial qaydada əmək müqaviləsi bağlanılmalıdır ki, hər kəsin hüququ və vəzifələri müəyyənləşsin. Bu da gələcəkdə baş verə biləcək hər hansı problemin hüquqi yolla həll edilməsinə gətirib çıxarır. Dayəlik fəaliyyəti ilə bağlı xüsusi qanunun qəbul edilməsinə, fəaliyyətin lisenziyalaşdırılmasına hesab edirəm ki, ehtiyac yoxdur".

 

Dayə təmizlikçi deyil

 

Uşaq psixoloqu Narınc Rüstəmovanın sözlərinə görə, dayənin uşağın tərbiyəsində rolu böyükdür:

 

 

"Çox zaman dayə xidmətindən işləyən qadınlar istifadə edir. Günümüzdə isə belə qadınların sayı artmaqdadır. Bunun üçün də dayəlik institutunun yaradılması zəruridir. Dayə ailəyə daxil olur və zamanla ailənin bir üzvünə çevrilir. O, ancaq uşağa yemək verən, altını təmizləyən şəxs deyil, onun tərbiyəsində böyük rol oynayır. İlk olaraq dayə seçimində valideyn nələrə diqqət yetirməlidir. Yaş məhdudiyyəti vacibdir. Şəxsi inkişafını başa vurmuş, yaşı 26-28-dən aşağı olmayan, 55-dən çox olmayan qadınlar seçilməlidir. Uşağın yaşı nə qədər azdırsa, dayə də bir o qədər orta yaşlı seçilməlidir. 6 yaşa qədər uşaqların fiziki, nitqi, zehni inkişafında da dayənin gənc olması vacibdir. Yaşlı qadının uşağın hərəkət temposuna çatdıra bilməyəcək. Bu da zamanla aqressiyanı daha da artıracaq. Avropada “dayəlik məktəbi” adlı institutlar var. Bu işlə məşğul olan şirkətlər mövcuddur. Sadə tibb bacısının biliklərinə sahib olmalı, bir hadisə baş verərsə, uşağa ilk tibbi yardım göstərə bilməlidir. Bundan əlavə, evdə yanğın baş verərsə, necə müdaxilə olunmasını bilməlidir. Həm də dayə pedaqoji təlimlər keçməyi bacarmalıdır. Həmçinin, dayə öz hüquqlarını da bilməlidir. Dayə təmizlikçi deyil. Evi yığışdırmalı, qabları yumalı, paltarları ütüləməli deyil. Dayə ancaq uşaqla məşğul olan şəxsə deyilir".

 

 

 

Uşaq mütəxəssisi deyir ki, dayələr mütləq psixoloji və tibbi müayinədən keçməlidir:

 

 

 

"Dayədə hansı bir yoluxucu xəstəlik ola bilər. Vərəm xəstəliyinin daşıyıcı, yaxud da yaxın qohumlarında bu xəstəlikdən əziyyət çəkən ola bilər. Və ya hansısa nevroloji probleminin olması mümkündür. Ola bilsin 5 il əvvəl tanıdığınız şəxs sağlam olsun, ötən il ərzində onun həyatında çox şey dəyişə bilər. Bunun üçün də hər 6 aydan bir, ən pis halda ildə bir dəfə müayinədən keçirilməlidir. Bundan əlavə, uşağı dayəyə əmanət etməzdən əvvəl bir ay vaxt verməlidir. Uşağın dayəyə, dayənin də uşağa alışası lazımdır. Uşaq nəyi sevir, nəyi sevmir, bunları dayə bilməlidir. Hər bir ailənin öz modeli var. Dayə də bu modeli öyrənməlidir. Bundan sonra ana uşağı dayəyə əmanət edib işə gedə bilər".

 

 

Uşaqları test edin

 

N. Rüstəmova övladının dayəsi olan valideynlərə məsləhət görür ki, uşağı yatızdırmazdan əvvəl mütləq bədənini yoxlasınlar:

 

 

 

"Yatızdırmazdan əvvəl uşağın əllərinə, qollarına, ayaqlarına baxın. Sonra uşağa nəsə uzadarkən əgər uşaq əlini üzünə tutursa, demək həmin uşaq şiddət görür. Valideyn uşağın hərəkətlərinə diqqət yetirməlidir. Uşağa “dayə səni döyür, ya döymür?”, bu şəkildə suallar vermək olmaz. Bunun üçün uşaq psixoloqları var. Onlar uşaqla söhbət zamanı dayənin uşağa olan münasibətini aydınlaşdıra bilirlər. Əgər bu gün dayə uşağı öldürübsə, onun öncəsinə baxsaq görərik ki, dayə əvvəldən uşağa şiddət tətbiq edirmiş. Şiddət davam etdikcə daha artığını tələb edir. Əvvəl bir sillə vurur, qəzəbi soyumur, daha çox vurmağa başlayır. Affekt vəziyyətində cinayət belə törədə bilər. Bunun üçün də kiçik bir konflikt olarsa, valideyn bunu aşkarlamalı və müdaxilə edib problemi araşdırmalıdır. Ola bilsin, dayənin psixoloji dəstəyə ehtiyacı var. İnsan hər an dəyişə bilər. Övlad itirər, yoldaşı ilə problemlər onun psixikasını pozar. Bir dəfə güvəndim, vəssalam olmasın. Valideyn daima dayə ilə uşağın münasibətinə nəzarət etməlidir".

 

Bütün bu söhbətlərdən sonra da əmin olduq ki, heç kim bizləri Moskvada baş verən dayə faciəsindən sığortalamayıb. Uşaqlarınızı əmin əllərə verin...  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 650

Oxşar yazılar