<span style="color:red;">Vətəndən vətənə miqrasiya :<b> Xüsusi qanuna ehtiyac var</b> <span style="color:red;">- ARAŞDIRMA
20 noyabr 2014 13:43 (UTC +04:00)

Vətəndən vətənə miqrasiya: Xüsusi qanuna ehtiyac var - ARAŞDIRMA

Ötən il Azərbaycana təxminən 900 mindən çox əcnəbi gəlib. Dövlət Miqrasiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ölkəyə gələnlərin 47,3 faizi Rusiya Federasiyasının, 15,9 faizi Gürcüstanın, 11,5 faizi Türkiyənin, yerdə qalan faiz isə bütün qitələri əhatə etməklə ayrı-ayrı ölkələrin payına düşüb.

 

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən ölkəmizdə 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi qəbul edən tərəf, yəni qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun, yaxud digər sərhəd keçmə sənədinin surətini Dövlət Miqrasiya Xidmətinin internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən miqrasiya orqanına təqdim etməlidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün Miqrasiya Məcəlləsində müəyyən olunmuş qaydada müraciət edə bilərlər.

 

Ərizə daxil olduqdan sonra Dövlət Miqrasiya Xidməti dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir.

 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:

 

-  viza əsasında gələnlər – vizada göstərilən qalma müddətinə;

-  viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə.

 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

 

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.

 

Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşamasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.

 

Zaman-zaman Gürcüstan vətəndaşı olan azərbaycanlılar ölkəmizdə sənəd problemi ilə qarşılaşdıqlarını ictimailəşdirsələr də, əksər hallarda yuxarıda qeyd olunan şərtləri ya bilərəkdən və yaxud da bilməyərəkdən pozurlar. Rəsmi məlumata görə, bu gün Azərbaycanda 200 mindən çox miqrant yaşayır ki, onun da 100 min nəfərə yaxını Gürcüstandan olan azərbaycanlılardır.

 

2014-cü ilin noyabrın 1-nə olan statistikaya əsasən Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 4 min 658 nəfər, cəm halında isə 21 min 758 nəfər Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olur. Bunlardan 11 min nəfəri Türkiyə, 2 min 500 nəfəri Gürcüstan, 1 300 nəfəri isə Rusiya vətəndaşlarıdır.

 

Bu barədə geniş şərh verməyən Dövlət Miqrasiya Xidməti Azərbaycan respublikası qanunlarına hörmətlə yanaşmayan istənilən miqranta qarşı müəyyən olunmuş qaydalar çərçivəsində hərəkət olunduğunu bildirdi.

 

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Lent.az-a açıqlamasında Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycana kütləvi axının əsasən 90-cı illərin əvvəllərinə, Zviad Qamsaxurdiyanın (Gürcüstanın birinci prezidenti – F.M) hakimiyyət dövrünə təsadüf etdiyini bildirdi: “Azərbaycanda təqribən 240-260 min arası əcnəbi yaşayır. Bu əcnəbilərin də 100 minə yaxını məhz Gürcüstan vətəndaşı olan azərbaycanlılardır. Təbii ki, biz bunu mütləqləşdirmirik. Onların arasında burda müxtəlif sahələrində çalışan etnik gürcülər də var. Amma onlar bu 100 min nəfərin içində çox az faiz təşkil edir.

 

Gürcüstandakı soydaşlarımızın Azərbaycana köçü siyasi kontekstdə baş verirdi. O vaxt Qamsaxurdiya milliyyətçi bir siyasət həyata keçirirdi. Bu müstəvidə azərbaycanlıların hüquqlarının pozulması hallar müşahidə olunurdu və bu fakt nəticə etibarilə soydaşlarımızın Azərbaycana köçünə səbəb olurdu. Həm də torpaq islahatları zamanı azərbaycanlıların yaşadığı bölgələrdə onlara torpaqlar paylanmadı. Azərbaycanlıları o torpaqları yalnız bələdiyyələrdən uzun müddətə icarəyə götürə bilirdilər. Bu amil artıq bir vətəndaş olaraq Gürcüstanda yaşayan azərbaycanlıların vətəndaşlıq hüququndan məhrum edilməsi demək idi.

 

Gürcüstanda o vaxt azərbaycanlıların sayı 500 min nəfər idi. Gürcüstan miqrasiya xidmətindən 2007-2008-ci illərdə aldığım statistikaya görə, Gürcüstanda yaşayan soydaşlarımızın sayı 350-360 min nəfərdir. Deməli, belə çıxır ki, bu 15 il ərzində Gürcüstanda olan azərbaycanlıların sayı 150 min nəfər azalıb. Bu, rəsmi məlumatdır. Amma qeyri-rəsmi məlumata görə, azərbaycanlıların sayı heç də azalmayıb. Burda sadəcə olaraq süni azalma halları müşahidə oluna bilər. Bizim oradakı diaspora təşkilatları 400 mindən artıq azərbaycanlının Gürcüstanda yaşadığını bildirir. Etnik sayına görə azərbaycanlılar Gürcüstanda ilk üçlüyə daxil idi. Şübhəsiz ki, yarım milyondan çox azərbaycanlının Gürcüstanda yaşaması Qamsaxurdiya hökuməti üçün müəyyən baş ağrılarına səbəb olacaq bir hal kimi dəyərləndirilə bilərdi və mütləq hansısa yollarla azərbaycanlıları sıxışdırmaq lazım idi”.

 

Azər Allahverənov Gürcüstan respublikasının vətəndaşı olan azərbaycanlıların qeydiyyatla bağlı problemlərinin hələ də öz həllini tapmadığını bildirdi: “Təəssüflər olsun ki, insanlar çox zaman stereotiplərlə yaşayır. Məsələn, Gürcüstan vətəndaşı olan soydaşlarımız uzun müddət qeydiyyata alınmadan Azərbaycanda yaşayırlar və onlar qorxurlar ki, qeydiyyata düşməməkləri aşkarlansa, onlara qarşı ya inzibati qaydada çox sərt mexanizmi işə düşəcək, ya da deportasiya olunacaqlar. Belə bir vəziyyətdə insanları məlumatlandırmaq, onların vəziyyətini leqallaşdırmaq lazımdır. Onlar mütləq şəkildə qeydiyyata alınmalıdır. Bu gün ola bilsin cərimə ödəsinlər, amma qeyri-qanuni statusda qalmaqları daha sərt cəzalara gətirib çıxara bilər. Gürcüstandan olan soydaşlarımızın böyük əksəriyyəti burda əmək fəaliyyəti ilə də məşğul olur. Ölkəmizdə 100 mindən çox Gürcüstan azərbaycanlısı yaşadığı halda, onlardan cəmi 2 min 500 nəfəri Dövlət Sosial Müdafiə Fondun tərəfindən qeydiyyata alınıblar. Əgər onların vəziyyətləri leqal deyilsə, təbii ki, əmək fəaliyyəti qeyri-qanuni müstəvidə olur. Bu isə müxtəlif cəzalarla müşahidə olunur. Beynəlxalq konvensiyalar onları müdafiə edir. Ancaq beynəlxalq konvensiyanın müdafiə mexanizminin işə düşməsi üçün onlar da müəyyən addım atmalıdırlar. Bu da olmadığı halda, müdafiə işində beynəlxalq konvensiya çox zəif görünür.

 

Bir müddət əvvəl əcnəbiləri məktəblərə götürmürdülər və bizə çoxlu şikayətlər daxil olurdu. Biz, eyni zamanda bir neçə beynəlxalq təşkilat bu məsələ ilə bağlı dövlət qurumlarına müraciət etdik. Nəticə etibarilə Gürcüstan vətəndaşlarının uşaqları bu gün bizim məktəblərdə təhsil alırlar. Daha sonra ali məktəbə qəbul məsələsi var. Onlar test imtahanında iştirak etmək istəyir. Amma şəhadətnamə olmadığı üçün iştirak edə bilmirlər. Bu problemi də aradan qaldırmaq olar. Ən azından beynəlxalq təcrübə var, ən azından Azərbaycanda tətbiq olunan bəzi elementlər var”.

 

Azər Allahverənov Gürcüstan vətəndaşlarının uzun müddət Azərbaycanda yaşayıb vətəndaşlıq ala bilməmə səbəblərini onların qanunları pozmasında görür: “İstər Dövlət Miqrasiya Xidməti, istər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası bütün faktları araşdırır. Bizə çoxlu şikayətlər daxil olur ki, bəs, mən neçə illərdir Azərbaycanda yaşayıram, amma vətəndaşlıq ala bilmirəm. Və müxtəlif bəhanələr gətirirlər. Lakin vətəndaş olmaq istəyən insan ilk əvvəl yaşadığı ölkənin qanunlarına hörmətlə yanaşmalıdır. Əgər bizim qanunlarda konkret olaraq göstərilirsə ki, miqrant müraciət etdiyi müddət ərzində Azərbaycan respublikasının ərazisini tərk etməməlidir, deməli tərk etməməlidir. Və yaxud da, Azərbaycan respublikasının hüdudlarından kənarda 1 aydan çox yaşamamalısan. Deməli, yaşamamalısan. Amma müraciət edən insanlar arasında elələri var ki, 40 gün Rusiyada, 30 gün Gürcüstanda yaşayıb”.

 

Azər Allahverənov Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı ayrıca qanun layihəsinin işlənib hazırlanmasına isə ehtiyac görmədiyini dedi: “90-cı illərdə burda əyri yollarla qeydiyyata düşüb vətəndaşlıq əldə etmiş çox sayda Gürcüstan vətəndaşı olan soydaşımız var idi. Sonradan hüquq-mühafizə orqanları vəzifəli şəxslərin vəzifələrindən sui-istifadə etməklə onlara qeyri-qanuni vətəndaşlıq verilməsi faktlarını aşkarladı. Düzdür, bu işdə rolları olan insanlar cəzalandırıldı. Amma həmin vətəndaşlıq almış insanlar bu gün problemlə üzləşdi. Təsəvvür edin, həmin insanlar 15 il dövlət büdcəsinə vergi ödəyib, uşaqları Azərbaycan vətəndaşı kimi ordu sıralarında xidmət edib, indi isə onların əlindən vətəndaşlıqları alınır. Bunlar çox ağrılı və spesifik məsələlərdir. Düşünürəm ki, Gürcüstan vətəndaşı olan azərbaycanlılarla bağlı məsələlər istisna olmadan xüsusi ilə nəzərdən keçirilməlidir. Demirəm ayrı-seçkilik olsun. Məsələn, bu gün təkliflər səslənir ki, Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı ayrıca qanun işlənib hazırlansın. Mən heç də onun tərəfdarı deyiləm. Çünki bu ayrı-seçkiliyə gətirib çıxara bilər. Amma mövcud qanunvericiliyimizdə elə elementlər var ki, onları bir qədər də gücləndirməklə bu tipli problemlərin həllinə nail olmaq olar. Bilirsiniz, insanların vəziyyətini dərk edib, onların probleminin həlli məsələsinə adekvat yanaşmanın formalaşdırılması olduqca vacib məsələdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1411
avatar

Fərid Mirzəyev

Oxşar yazılar