[b]Qanunsuz sərnişin daşıma problemi - REPORTAJ[/b]
11 mart 2017 12:28 (UTC +04:00)

[b]Qanunsuz sərnişin daşıma problemi - REPORTAJ[/b]

Bakı-Sumqayıt yolunda 5 tələbənin ölümü, 17 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası bir məsələni yenidən gündəmə gətirib. Qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinə nəzarəti hansı qurum həyata keçirir? Müvafiq qurumlar qəza törədən mikroavtobusa fərqlənmə nişanı verilmədiyini deyir. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev APA TV-yə bildirib ki, Sumqayıt istiqamətində işləyən avtobuslar bu qurumun nəzarətində deyil.

 

"Sərnişin avtobuslarının sürətinə nəzarət Bakı Nəqliyyat Agentliyi tərəfindən GPS sistemi quraşdırıldıqdan sonra həyata keçirilir. Bura avtobusların dayanacaqda saxlanmasından tutmuş sürücü mədəniyyəti, müəyyən olunmuş xətt üzrə hərəkət edib etməməsinə qədər nəzarət daxildir. Bakı şəhərinin inzibati ərazisində sərnişindaşıma ilə məşğul olanlara məktub göndərilib ki, fevralın 10-dan onların balansında olan bütün sərnişin avtobuslarına tam nəzarət olunur, sürücülərin fəaliyyəti agentlik tərəfindən izlənilir".    

 

Bir sıra xarici ölkələrdə sərnişinlərin həyatı üçün təhlükəni azaltmaq üçün sərnişin avtobuslarının sürətinə ciddi məhdudiyyətlər tətbiq olunur. Bəs, Azərbaycanda avtobusların sürətinə məhdudiyyət qoyula bilərmi? Mais Ağayev qeyd edir ki,  respublika üzrə sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün maksimum sürət həddi 90 nəzərdə tutulub.  Lakin istisnalar var.   

 

"Bu gün Bakıda daşıyıcılar özəl sahibkarlıq qurumlarıdır, yeganə istisna "Bakubus"dur. Bu avtobuslarda maksimal sürət həddi 60 nəzərdə tutulub. Yəni sürücü istəsə belə bu sürəti aşa bilməz. Çünki istehsalçı ilə öncədən razılıq əldə olunub, sürət qutusuna müdaxilə olunub".

 

Nəqliyyat eksperti  Ərşad Hüseynov isə hesab edir ki, dünən baş verən qəza nəqliyyat sahəsində təşkilati-texniki məsələlərdə problemlərin olduğunu tam şəkildə göstərir. Onun sözlərinə görə, sərnişin avtobuslarında kustar üsulla əlavə oturacaqlar quraşdırılır, bu müdaxilələrə heç kim nəzarət etmir.

 

"Həmin avtobuslar dövlət qeydiyyatından necə keçir, Dövlət Yol Polisində illik texniki baxışdan necə keçir? Axı bu mikroavtobusları istehsalçı 13 nəfər üçün nəzərdə tutub".

 

Qanunsuz fəaliyyət göstərən sərnişindaşıma vasitələrinin aşkarlanaraq müvafiq tədbir görülməsinə Baş Dövlət Yol Polis İdarəsi nəzarət edir.  Bunu idarənin mətbuat katibi Kamran Əliyev də təsdiqləyib.  Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, dünən baş verən qəzada təqsirləndirilən sürücü 2012-ci ildən bu vaxta qədər 61 dəfə yol hərəkəti qaydalarını pozduğuna görə müvafiq qaydada cərimələnib.

 

Dünən baş verən dəhşətli qəzadan sonra belə müxtəlif markalı avtobuslar nəqliyyat nömrəsi olmadan Bakı-Sumqayıt reysi ilə hərəkət edirlər. Əksər sərnişindaşıma ilə məşğul olan sürücülər belə avtobusların marşrutda işləməsindən narazıdırlar.    

 

"80-dən yuxarı sürmürük. Bizə icazə verilmir".

 

"60, uzağı 80 sürürük. Yolumuz uzaq olduğuna görə bu sürətlə sürə bilərsən".

 

"Şəxsən mən 60-dan yuxarı sürmürəm. Dünən hadisəni eşitdim, çox pis oldum. Əsasən "Ford" markalı mikroavtobuslar çox pis sürürlər".

 

Göründüyü kimi, problemin tərəfləri çoxdur, amma məsələni həll etmək yolu da yox deyil. Bir daha bu cür qəzaların baş verməməsi üçün sadəcə bir iş görmək lazımdır - qanunlara riayət etmək, vəzifəni layiqincə yerinə yetirmək.  Bu həm müvafiq qurumlara, həm sürücülərə aiddir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 325
avatar

APA TV

Oxşar yazılar