“Azərbaycanda püskürmə ehtimalı olan vulkanlar əsasən, cənubi Qobustanda yerləşir”.
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev APA-ya deyib ki, ölkədə Xəzər dənizi də daxil olmaqla, palçıq vulkanlarının sayı 350-dən artıqdır. Bunların 200-ü quruda yerləşir. A. Əliyev qeyd edib ki, vulkanlardan 60%-i aktiv fəaliyyətdədir: “Bu il palçıq vulkanı yalnız bir dəfə-ilin əvvəlində qeydə alınıb. Bu il hadisələrin sayı ötən illərlə müqayisədə azdır. Vulkanların nə vaxt olacağına dair əvvəldən proqnoz vermək olmur. Zəlzələ kimi vulkanlarla da bağlı proqnoz vermək çətin məsələdir. Ehtimal olunur ki, hansısa vulkanlar püskürə bilər, amma olacağına dair dəqiq vaxtı təyin etmək mümkün deyil”.
Şöbə müdiri əlavə edib ki, quruda olan 200 palçıq vulkanından 50-si Qobustandadır. Həmin vulkanlar yaşayış məntəqələrindən uzaqda olduğundan püskürmə ilə bağlı məlumat yalnız çöl-ekspedisiyası vaxtı aşkarlanır. Vulkan ərazisinə gələndə tullantıların olduğu görülür və sonradan araşdırma başlanılır.