<b>“9 kilometr”də şayiə, döyüşən Cəbrayıl, 10 nömrəli erməni</b> - <span style="color:red;">XATİRƏ
23 avqust 2014 12:30 (UTC +04:00)

“9 kilometr”də şayiə, döyüşən Cəbrayıl, 10 nömrəli erməni - XATİRƏ

Bu gün Cəbrayılın işğalından 21 il ötür. Nə az, nə çox düz 21 il. Biz də 21 il əvvələ onunla, keçmiş döyüşçü, Cəbrayılda özünü müdafiə qüvvələrinin formalaşmasında xidmətləri olan, 1993-cü ilə kimi Azərbaycan Xalq Cəbhəsi Cəbrayıl rayon şöbəsinin sədri Vaqif Əlisoyla boylandıq.

 

Vaqif Əlisoy Qubadlı rayonunda anadan olsa da, əslən Cəbrayıldandı. Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb, Kəlbəcərdə, daha sonra Cəbrayıl rayonunda müəllimlik edib, təhsil şöbəsində metodist kimi çalışıb. 1988-ci ildə Dağlıq Qarabağda baş verənlərdən sonra əlinə silah alıb rayonunun müdafiəsində iştirak edib. “Kaş, gözlərim kor olaydı” adlı gündəliklərində müharibədə gördüklərini qələmə alan V.Əlisoy meyitlərin, əsirlərin dəyişdirilməsi üzrə komitənin Cəbrayıl şöbəsinə də rəhbərlik edib.

 

 

- Cəbrayıl Dağlıq Qarabağda yerləşən Hadrut rayonu ilə yüz iyirmi kilometr məsafədə yerləşir. Bildiyiniz kimi, vəziyyət o vaxt gərgin idi. Kəndlərimizi ermənilərdən qorumaq üçün məcbur olub gizli fəaliyyət göstərən silahlı qrup yaratdıq. Çünki Cəbrayılda polis qüvvəsi az idi, bu qüvvə ilə rayonu qorumaq mümkün deyildi. Beləliklə, gizli fəaliyyət göstərən silahlı dəstə düzəltdik və bu dəstə 1990-cı ilin 20 Yanvar hadisələrinə qədər Cəbrayıl polisi ilə birlikdə kəndlərimizi qorudu. 20 yanvardan sonra Cəbrayıl rus ordusunun nəzarəti altına keçdi. Mən və bir neçə dostum ruslar tərəfindən həbs olunaraq Rusiya həbsxanalarına göndərildik. Həbsdən sonra fəaliyyətimi davam etdirdim. Milli Ordu yarananda bizim silahlı dəstəmiz Milli Ordunun tərkibinə daxil oldu. Bununla da, Cəbrayılda ilk ərazi özünü müdafiə batalyonu təşkil olundu, sonradan da həmin batalyon polka çevrildi. 

 

Qarabağı, eyni zamanda da Cəbrayılı, ermənilərlə bərabər, ruslar işğal edib. Cəbrayılda yerləşən sərhəd dəstəsini Hadruta köçürdülər. Və bizim üstümüzə gələn birinci eşalon həmin dəstənin hərbçiləri idi. Bu qüvvələrin də başında həmin dəstənin qərargah rəisi podpolkovnik Panteleyev dayanırdı. Cəbrayıla hücum olan ərəfədə, “binokl”la uşaqlara, Bakıdan köməyə gələn polis qüvvələrinə göstərdim ki, baxın, üstümüzə gələn ruslardır. Sonra deməyin ki, biz erməni ilə vuruşurduq...

 

- (sözünü kəsirəm) Vaqif müəllim, başa düşürəm siz döyüşmüsünüz. Bunun özü çox şeydən xəbər verir. Amma nədənsə döyüşən də, gizlənən də, böyük də, kiçik də hamı rus amilini qabardır. Axı bu məğlubiyyətə haqq qazandırmır.

 

- Yox-yox, elə deyil. Mən məsələyə başqa tərəfdən baxıram. Mən rus amilini ona görə qabardıram ki, ruslar erməniləri texnika, silah-sursatla təmin edirdi. Bizim əlimizdə qoşa lülə, ermənilərdə isə “Kalaşnikov” vardı. Digər tərəfdən, bizim uşaqların böyük əksəriyyəti ermənilərdən fərqli olaraq Sovet ordu sıralarında tikintidə xidmət etmişdi. Təsəvvür edin, silahlardan istifadə edə bilən, avtomatı, pulemyotu söküb yığa bilən tək-tük döyüşçü var idi. Adicə, “ratsiya”larımızı götürək. Kənd təsərrüfatında işlədilən “ratsiya”lardan istifadə edirdik. Biz “ratsiya” ilə danışanda, ərtafdakı ermənilər danışığımızdan xəbər tuturdu. Amma ermənilər rusların vasitəsilə külli miqdarda silah-sursat və texnika əldə etmişdi. Tank var idi, sürməyə adam yox idi. Azərbaycandan kənarda yaşayan, Cəbrayıldan olan Sovet ordusunda xidmət edən nə qədər zabit varsa, hamısına müraciət etdik ki, qayıtsınlar Azərbaycana. Çox təəssüf ki, beş-altı nəfər qayıtdı. Bax, mən bu mənada deyirəm. Avtomat məndə də var, ermənidə də. Bu yaxınlarda keçmiş 123-cü alayın qərargah rəisi Nazim Bayramov sizin sualınıza çox yaxşı cavab vermişdi ki, rus faktoru ilə insanları niyə qorxudursunuz? Bəli, sizinlə razıyam. Mən də bunun əleyhinəyəm. Bu söhbəti yaddan çıxartmaq lazımdı. Biz sadəcə müharibəyə hazır deyildik, ordu yeni-yeni formalaşırdı.

 

- O zaman silahı hardan və necə əldə edirdiniz?

 

- İranla sərhəddə yerləşən hərbi hissələrdə xidmət edən hərbçilərlə əlaqə saxlayıb silahları pulla alırdıq. Sizə bir məsələni də deyim ki, o vaxt uşaqlarda vətənə, torpağa məhəbbət var idi. Çeçenistanda, Əfqanıstanda rusun dizini yerə qoyan peşəkar zabitlər deyildi. Baxın, Şamil Basayev, Salman Raduyev və başqaları. Onların hamısında vətənə, torpağa məhəbbət var idi. Şamil Basayev rəhmətlik Allahverdi Bağırovla Ağdamda birlikdəydilər. Onlar bizdən öyrənirdilər. Burda təcrübəni topladılar, sonra getdilər Çeçenistana.

 

- Maraqlıdır, 1993-cü ilin 23 iyulunda Ağdam, düz bir ay sonra isə Cəbrayıl işğal olundu. Ağdam işğal olunanda hər şeyin bitdiyini düşündünüz, ya hələ də nəyəsə ümidiniz var idi?

 

- Ağdam işğal olunanda artıq hər şey mənə aydın idi. Növbəti təhlükə təbii ki, Qubadlı, Zəngilan, Füzuli və Cəbrayılı gözləyir. Bunu hiss edirdik və çalışırdıq ki, nə isə edək. Amma qüvvələrimiz buna imkan vermirdi.

Təsəvvür edin, 1988-ci ildən 1993-cü ilə qədər Cəbrayıl camaatı “Qrad” mərmilərinin altında yaşayıb. Cəbrayıl camaatı beş il bu şəraitdə yaşadı, amma bir nəfər də torpağını tərk etmədi. Cəbrayıl 350 şəhid verib. Biz döyüşə-döyüşə şəhid vermişik. Cəbrayıldan bir qarış torpaq verməmişik, Hadrutun 14 kəndi ermənilərdən azad olunub və həmin kəndlər də bizim nəzarətimizdə olub. Bəs necə oldu beş il “Qrad” yağışının altında yaşayan insanlar iki-üç günə şəhəri boşaltdı?! Hamısı vahimə, “qaçın, erməni gəldi”, “qaçın, rus gəldi” “panika”sının nəticəsində baş verdi. Bunların da hamısı bir mərkəzdən idarə olunurdu.

 

- İşğal ərəfəsində şəhərdə, ümumiyyətlə rayonda real vəziyyət necə idi?

 

- Deməli, Cəbrayıl işğal olunana qədər bir neçə dəfə şayiə yaymışdılar ki, ermənilər Cəbrayıla girir. Ermənilər iyulun 4-də Füzulinin Qaradağlı, Gorazıllı kəndlərinə hücum etmişdilər. Rayonda “9-cu kilometr” adlanan ərazi var idi. Xəbər yayıldı ki, bəs ermənilər “9-cu kilometr”dən Cəbrayıl istiqamətində hərəkət edir. Bu şayiə ildırım sürəti ilə yayıldı. Biz bir neçə nəfər, keçmiş polk komandiri Ruhulla Babayev və kapitan Vəlişov həmin əraziyə yollandıq. Gedib gördük ki, heç bir hərəkət yoxdu. Yuxarı postlarla da əlaqə saxladıq, dedilər ki, sakitlikdi. Rayon mərkəzinə gələndə gördük ki, qırğındı. Məlum oldu ki, o vaxt mülki müdafiə komitəsinin rusdilli bir zabiti var, o “panika” yaradıb ki, ermənilər gəlir. Camaat da bunu döyüb salıb polisə. Bax, belə-belə camaatı rayondan çıxartmaq istəyirdilər. Bunun da qabağı alınırdı. Mən Azərbaycan Xalq Cəbhəsinin rayon şöbəsinin rəhbəri olaraq prezident Əbülfəz Elçibəyə, Ali Sovetin sədri Heydər Əliyevə teleqram vurub real vəziyyəti göstərdim. Artıq sizin də dediyiniz kimi, Ağdamın işğal olunması çox şeydən xəbər verirdi. 150 minlik əhalisi olan Ağdam, hansı ki, qüvvətli özünü müdafiə batalyonları vardı, belə bir rayon işğal olundusa, Cəbrayılın işğalı daha real idi. Cəbrayıl ağsaqqallarını real vəziyyəti izah etmək üçün Bakıya göndərmişdik. İşğala bir neçə gün qalmış isə rayon boşaldılmışdı. Bu da ondan ötrü edilmişdi ki, döyüş üçün şərait olsun, boş yerə itkilər olmasın. Bakıdan İkram Daşdəmirov və Xanlar Vəliyevin rəhbərliyi ilə polis qüvvələri də bizə köməyə gəlmişdi. Avqustun 20-i və 21-i Cəbrayılda ancaq bizim özünü müdafiə batalyonu şəhərdə qalmışdı. Ermənilər də qorxudan şəhərə girmirdilər. Biz müəyyən yerlərdə yerləşib az qüvvə ilə onların qarşısını alırdıq. Halbuki respublikada şayiələr baş alıb gedirdi ki, Cəbrayıl işğal olunub. Cəbrayıl şəhəri 23 avqust saat 18.30-da işğal olunub. Ona qədər Zəngilan və Qubadlıdan da döyüşçülər köməyə gəldilər. Və eyni zamanda Qubadlı, Zəngilan icra başçıları gəldi, operativ müşavirə təşkil olundu.

Köməyə gələn qüvvələr 21-i şəhərə girdilər. Onu da deyim ki, bizə köməyə gələn polis işçilərinin arasında döyüşən uşaqlar da var idi, amma onların böyük əksəriyyəti həlledici döyüşdə iştirak etmədi. Onların bir qismi, “Qartal” postu var idi, orda idilər. 23-ü səhər-səhər döyüş başladı, 5-6 nəfəri çıxmaq şərtilə Bakıdan gələn polislərin hamısı silahlarını atıb qaçdılar. Hətta Nərimanov polisindən bir müstəntiq var idi, könüllü ermənilərə əsir düşdü. Uşaqlar arxadan nə qədər atdılar, dəymədi. Orada şəhid olan oğlanların ruhu qarşısında baş əyirəm. Güclü minamyot, artilleriya atəşi altında idik. Ermənilərdə Şaqax postu var idi, o post əvvəl bizdə olmuşdu. Ziyarətdən sonra ikinci böyük yüksəklik idi. Şaqax Hadrutun başının üstündə idi. Şaqax postu bizdə olana kimi ermənilər Cəbrayıla yaxın düşə bilmirdilər. Ruslar hücum edib postu ermənilərə vermişdilər. Orda da şəhidlər verdik. Şaqax postundan baxanda Cəbrayıl düz Arazboyuna qədər ovcunun içindədi. Güclü atəş altındaydıq, baş qaldırmaq mümkün deyildi. Ermənilər 3 istiqamətdən - Hadrut rayonunun Hərəkül kəndi, Füzuli rayonu istiqamətindən, bir də Alpaşa yüksəkliyindən hücuma keçdilər. Və biz qaldıq mühasirədə. Gücümüz çatana qədər, ta axşam saat 7-nin yarısına qədər vuruşduq. Xəbər gəldi ki, Qubadlı və Zəngilanda da vəziyyət gərgindir, köməyə gələn qüvvələr də Qubadlı Zəngilan istiqamətində geri çəkildilər.

 

General Zaur Rzayev bizə köməyə gəlməli idi, o da yolda qəzaya düşdü. 23-ü günü səhər tezdən “215 KL” studiyası Cəbrayıla gəlmişdi. Mən orda danışdım ki, imkan verin döyüşək. Ölərik şəhid olarıq, ölməriksə məni və mənim kimilərini millətin gözünün qabağında dar ağacından asın. Mən yenə deyirəm, elə deyirlər filan rayon satıldı. Mən heç kəsə satdın deyə bilmərəm.

 

- Cəbrayılı tərk edən zaman ilk işiniz nə oldu?

 

- İlk işim atamın qəbrini ziyarət etmək oldu. Atama dedim ki, məni bağışla. Qucağımda o qədər meyit daşımışam, gözümdən bir damcı da yaş axmayıb. Rusiya həbsxanalarında vəhşicəsinə döyülmüşəm, inildəməmişəm. Amma atamın qəbrinin qabağında oturub hönkür-hönkür ağladım. Belə bir ifadə var, deyirlər, kişi ağlayanda dəhşət olur... (pauza)

 

Bundan başqa, Cəbrayıldakı Şəhidlər Xiyabanında müxtəlif bölgələrdən – Saatlıdan, Sabirabaddan, Gəncədən şəhid olan uşaqların şəkilləri həkk olunmuş barelyef quraşdırılmışdı. Onlar çox qeyrətli uşaqlar idilər. Analar elə övladları bir də dünyaya gətirməyəcək. Uşaqlara tapşırmışdım ki, başıma bir iş gəlsə, uşaqların şəkilləri olan lövhələri çıxardarsınız. Ermənilər onları pis günə qoyacaq. Amma çıxarda bilmədik. Həyatım boyu bunu özümə bağışlaya bilmirəm. Cəbrayıllılar hər gün onların barelyeflərinə gül düzürdü. Söz verdim, amma edə bilmədim, qaldı orda... qaldı orda... (pauza)

 

- Xatirələrinizdə Cəbrayılda insanların dəli kimi tanıdığı bir qızdan yazmısınız. O qızın sonu necə oldu?

 

- Bu torpağın dəlisi də torpaq sevən idi. Maksim var idi, ona da dəli deyirdilər. Qaça-qaça gəlirdim, dedim Maksim, ermənilər gəlir, gəl çıxaq. Qayıtdı ki, ə, bu torpağı qoyub hara qaçırsınız? Maksim qaçmadı... Sonradan eşitdim ki, ermənilər Maksimi çaylaq körpüsündən asıb.

 

O qızı da Bakıda gördüm. Cəbrayılda məni qucaqlayıb dedi Əlisoy, erməni Cəbrayılı alacaq? Dedim yox, almayacaq. Doğrudan da inanırdım e, almayacaq... O qızın saçı ağappaq ağarıb. Məni görən kimi tanıdı. Dedi ki, Əlisoy, bəs deyirdin Cəbrayıl getməyəcək. Heç nə deyə bilmədim…

 

- Siz ermənilərlə girovların, meyitlərin qaytarılması zamanı görüşmüsünüz. Bəs o görüşlər zamanı nə deyirdilər, nə danışırdılar sizinlə?

 

- 1992-ci ilin 15 avqustunda Hadrut rayonunun Sur kəndini götürəndə 32 nəfər şəhidimizin meyiti orada qalmışdı. Bir də Şuşadan İbrahimov Teymur girov düşmüşdü. Ermənilərlə danışıq aparıb Füzulinin Gorazıllı kəndində görüşdük. Yanımda da Valehlə Həsən idi. Danışmışdıq ki, silahsız gəlirik. Amma hər ehtimala qarşı mən “Makar”ı paltarımın altında gizlətmişdim. Valeh də qumbaranı ayağına bağlayıb ipini şalvarın cibində saxlamışdı. Ermənidir də... Danışıq getdi, meyitləri götürdük. Ermənilər mənə dedi ki, indi də döyüşə dəliləri gətirmisiniz. Dedim, nə dəli? Dedi ki, 2 uşaq sizinkilərin böyük hissəsini mühasirədən çıxartdı, axıra qədər də döyüşüb “Qarabağ, Qarabağ” qışqıra-qışqıra gəldilər üstümüzə. Bu uşaqlar Faiq və Mirələm idi. Onların ikisi də Milli Qəhrəman adına layiq uşaqlar idilər. Ermənilərin Hadrutun müdafiəsinə rəhbərlik edən podpolkivniki var idi Arutunyan. Mənə dedi ki, sənin üçün sürpriz hazırlamışam. Bəs burda bir nəfər var, səninlə görüşmək istəyir. Bir nəfər gəldi, bu kim olsa yaxşıdı, uşaqlıq dostum hərəküllü Levon. Çox güclü futbolçu idi. Arutunyanın sürprizi bu imiş. Cəbrayıl futbol komandasının 10 nömrəsi idi. Yoldaşlıq görüşlərində həmişə bizdən oynayırdı (gülür). Levon rayon uşaqlarıyla qaynayıb qarışmışdı. 72-ci ildən bu yana görməmişdim onu. Elə bilirdim Rostovdadı. Qucaqladı məni. O üzümdən öpdü, bu üzümdən öpdü. Atdı-tutdu məni. Qışqırır “Vaqif! Vaqif! Vaqif!”. Sonra başladı ağlamağa. Dedim, Levon dünənki döyüşdə mən də olmuşam. Qabaq-qabağa gəlsəydik, atardın mənə? Dedi, nə danışırsan? Sənə heç güllə ataram, Vaqif? Sonra eşitdim ki, çıxıb gedib Rostova. Faiqlə Mirələmin meyitini qaytarmırdılar, Levon verdi onların meyitlərini.

 

- Son olaraq nə demək istərdiniz?

 

- Bakıda, nəinki Bakıda, heç cəbhəyanı rayonlarda da müharibəni xatırladan bir dənə nişanə yoxdur. Millət qələbə istəyir. Qələbə də o vaxt olacaq ki, ölkənin daxilində bütün insanların hamısı fikrini bir yerə yönələcək.

 

Mən Cəbrayıldan çıxanda ancaq yazdığım gündəlikləri özümlə götürdüm. Gələcək üçün etdim bunu. Sonra oturub xatirələrimi sistemləşdirdim. Kimə müraciət etdim, yaxına durmadı. Axırda Ağamalı Sadiq Əfəndi “Müxalifət” qəzetində çap etdi. Allah o dünyasını versin. Bunu deməyi özümə borc bilirəm.

 

Son söz nə deyim. Oktyabrda 60 yaşım tamam olur. 1993-cü ildən də bu yana heç bir siyasi təşkilatın üzvü deyiləm. Nə etmişəmsə bu millətin halalı olsun. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2747

Oxşar yazılar