Ədliyyə Nazirliyinin Penitensiar xidməti məhbusların aclıq aksiyası keçirməsi ilə bağlı xəbərləri təkzib edib. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, ictimai fikrin çaşdırılmasına yönəlmiş belə xəbərlər cəza çəkənlərin yaxınlarını narahat edib.
Bunu nəzərə alaraq, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev avqustun 7-də Həbsxanada cəza çəkən bir sıra məhkumların valideynlərini və yaxın qohumlarını qəbul edib.
Qəbul zamanı M. Quliyev məhkumların yaxınlarını dinləmiş, onları maraqlandıran bütün məqamlara aydınlıq gətirib və narahatlığa heç bir ciddi əsas olmadığını bildirib.
Rəsmi olaraq bəyan edir ki, heç bir həbsxana və cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirilmir: “Kütləvi informasiya vasitələrinə ötürülən bu cür əsassız məlumatlar rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən Penitensiar xidmətin “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”na uyğun həyata keçirdiyi tədbirlərə göstərilən reaksiyadır”.
Bildirilib ki, Cəza İcra Məcəlləsinin və Daxili İntizam Qaydalarının tələblərinin pozulmasına yönəlmiş bütün hərəkətlərin qarşısı qətiyyətlə alınacaqdır.