4 saat məhbəsdə - HƏYAT HEKAYƏLƏRİ
06 sentyabr 2013 14:18 (UTC +04:00)

4 saat məhbəsdə - HƏYAT HEKAYƏLƏRİ

“Biz “reşotka” içindəyik, burdan xilas olmaliyiq”

 

Məşhur deyim var: "Hər güclü kişinin arxasında, bir güclü qadın dayanır". Məncə həyatı əks etdirməyən ifadədi. Əslində, zəif kişilərin yanında güclü, güclü kişilərin yanında zəif qadınlar olur adətən...Həyatın balansı pozulmasın, insan natamam, yarım görünməsin deyə...

 

Həbsxanalar məhz o yerdi...Həyatın balansının pozulduğu, insanların yarıda və yarım olduğu yer...

Həbsxanadakı ən gənc məhbuslardan biridi Ülviyyə Cəfərova. 23 yaşı var. Məhbəsə qədər ki həyatından danışmasını istədik. Bir-iki kəlmə danışdı. Sonra "danışa bilmirəm, çətindi” dedi, kameraya danışmaq çətin gəldi ona. Adam öldürüb, adam. Həm də bir neçə il həyat yoldaşı kimi yaşadığını. Ülviyyə qısqanclıq zəminində qətl törədib. Səbəb həyat yoldaşının öz dostundan borc pul alması imiş. Buna görə aralarında mübahisə olub. Yoldaşını qorxutmaq istəyib. Amma əvəzində...

 

Qollarında yara izləri var. Bu haqda danışmaq istəmir. İndi yeganə arzusu burdan çıxıb yeni həyat qurmaqdı...

 

Bu isə həbsxananın ən yaşlı sakinidi - Amalya Hüseynova. 72 yaşı var. 8 ildi məhbus həyatı yaşayır. Oğurluq etdiyi üçün 11 il cəza alıb. Cəzasının çoxunu çəkib, azı qalıb. “Mən hec nə eləməmişdim, torbamı tikib bura saldılar" deyir. İki övladı var. Azərbaycanda yaşamırlar. Yanına da gələni yoxdu. Amma lazım olanları göndərirlər. "Burdan çıxa bilsəm, qardaşımın, ya da uşaqlarımın yanına gedəcəm" deyir. Birdən nə düşünürsə "yox, mən heç yerə getmiyəcəm. Bakısız qalmaq çətin olar".

 

 

 

- Gedib gəzib gələrəm. Amma Bakıda yaşayacam. 72 ildi burdayam, 25 il hərbi strukturlarda çalışmışam. Mən çox yaxşılıqlar etmişəm, çox. Neyləyim, bu da bir taledi. Hərdən deyirəm, qızlar, cavansız, mən dünya görmüşəm. Özünüzü ağıllı aparın, burda qalmaq yox, burdan xilas olmaq lazımdır. Evimdən ötrü burnumun ucu göynəyir. Biz “reşotka” içindəyik. İstəyirəm bundan azad olum, burdan çıxım. Həm də çox istəyirəm. Başa düşün, sadəcə burdan çıxım istəyirəm".

 

***

 

Şəfanın 32 yaşı var. Təsadüfən cinayət törədib. Daha doğrusu, bu özünümüdafiə zəminində baş verib. Amma ortada ölüm faktı var, cəza mütləqdi. Acınacaqlısı odur ki, bu cinayəti törədəndə hamiləymiş. Həyat yoldaşı ilə birgə imkanlı birinin torpaq sahəsində çalışırlarmış. Yaxınlıqdakı sahədə calışan bağbandan xahiş edib ki, mal-qaranı onların çalışdığı əkin sahəsinə buraxmasın. Bu qarşı tərəfə xoş gəlməyib. Bağban hamilə qadını döyməyə başlayıb. O, özünü müdafiə məqsədiylə bağdakı ağac qayçısını götürür və...

 

***

 

Körpəsi həbsxanada doğulub, Şəfanın. 9 aylıqdı. Onu narahat eləyən nə adam öldürməsi, nə cəza almasıdır. Bu qadın 2 il 3 aydan sonra uşağının ondan alınacağından narahatdır. Bu zavallı gözünü həbsxanada açıb, hələ gördüklərini anlamır. Anladığı anasının qoxusu və onun isti qucağıdır. Amma 2 il 3 aydan sonra onun isti qucağından məhrum olacaq. Diqqətimi bir məqam çəkdi. hər dəfə Şəfa 2 il 3 ay deyəndə, uşağı bir az da bərk qucaqlayırdı. Elə bil 2 il 3 ay bitib və o uşağın dalınca gələcək kimsə də... mənəm.

 

***

 

Cəmi dörd saat oldum orda, həbsxanada. Həmsöhbət olduğum məhbusların demək olar ki, hamısının ən çox işlətdiyi söz: "Günahım yoxdu" oldu. Bilmirəm, bəlkə insan cinayəti o zaman törədir ki, onu zərurət sayır. Və zəruri olan cinayət deyil qənaətinə gəlir. Yəqin bu məntiqlə oğru düşünür ki, oğurladığı hər nədisə daha çox ona lazımdı, cani deyir ki, "bu adam mütləq ölməlidi". Bu qadınların hərəsi bir yaşdadı. Amma hər üçünü birləşdirən məqamlar var: həbsxana, məhbusluq... Məndən olsa qadınların yeri bura olmaz... Bir qadın, körpə uşaqdır əslində…uşaq kimi sevilmək istər… Uşaq kimi incidilməkdən qorxar... Bir qadın bir dəniz, bir ümmandır....İçi faciələr, fırtınalar, üsyanlar, həm də sevgi dolu bir ümman...Və o ümmandan payına düşənin həbsxana olması gerçəkdən qorxuncdu...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2186
avatar

Jalə Mütəllimova

Oxşar yazılar