“Bu il “Azəristilik Təchizat” ASC birliyinə müraciət edərkən fərdi qazanxanaları olan məktəblərə istiliyin verilməsi ilə bağlı müsbət rəy aldıq və noyabr ayının 1-dən etibarən fərdi qazanxanası olan təxminən 117 məktəbə istilik verilib”.
Lent.az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
Havaların soyuq keçməsi ilə əlaqədar orta məktəblərə istiliyin vaxtından əvvəl verilməsinə ehtiyac olduğunu deyən M.Vəliyeva bildirib ki, ancaq müvafiq qaydalara görə, istilik noyabrın 15-dən aprelin 15-ə qədər verilir.
Bəzi məktəblərin mərkəzləşdirilmiş qaydada istiliklə təchiz olunduğunu vurğulayan BŞTİ müdiri qeyd edib ki, mərkəzləşdirilmiş qaydada istiliyin verilməsi yalnız orta məktəblərə şamil edilmir: “Digər müəssisələr və fərdi yaşayış binaları da bu istilik əsasında təchiz olunur. Ona görə də bu məsələ bir qədər kütləvi xarakter daşıdığından bizə istiliyin noyabrın 15-də veriləcəyi deyilib. Hazırda Bakıda 135 məktəb mərkəzləşdirilmiş qaydada istilik sistemi ilə təchiz edilir və həmin məktəblər də noyabrın 15-də istiliklə təmin olunacaqlar”.
Havaların soyuq olmasının davamiyyətə təsiri məsələsinə də toxunan M.Vəliyeva deyib ki, bu gün məktəblərdə dərsə davamiyyətlə bağlı heç bir problem yoxdur: “Təbii ki, havaların soyuq olması məktəblərdə şagirdlərin davamiyyətinə mənfi təsir edir. Lakin bu gün davamiyyətə təsir göstərən problemlər ümumilikdə tədris prosesinin dayanmasına təsir göstərmir”.