Həkimi döyən "müharibə əlili" Şamayıl Mustafayev
08 iyun 2021 16:35 (UTC +04:00)

Həkimi döyən "müharibə əlili" Şamayıl Mustafayev

Saxta əlilliklərə görə kimlər CƏZALANIR?

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti mövzu yanlış təyin olunmuş əlilliklərlə bağlıdır.

Maraqlıdır, saxta olduğu aşkarlanan əlillik təyinatları ilə bağlı sonradan hansı addımlar atılır?

Bununla bağlı Lent.az-ın sorğusuna cavab olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, yanlış təyin olunmuş əlilliklər aşkarlandığı təqdirdə əlillik ləğv olunur:

“Və qanunvericiliyi pozmuş şəxslər cəzalandırılaraq vəsaitin dövlət büdcəsinə həm müvafiq vəzifəli şəxslər, həm də vətəndaşlar tərəfindən geri ödənilməsi öhdəliyi tələb kimi qoyulur”.

Xatırladaq ki, dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əyani müayinə zamanı müharibə ilə əlaqədar əlilliyinin saxta olduğu aşkar edilən Bərdə rayon sakini 58 yaşlı Mustafayev Şamayıl Hümbət oğlunun müayinəni həyata keçirən komissiyanın üzvü həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Daxili İşlər Nazirliyi  bu gün hadisə ilə bağlı açıqlama yayıb. Bildirilib ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertinə qarşı xuliqanlıq faktı üzrə cinayət işi başlanıb və hazırda Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsilə başlayan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

# 2562
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar